“COP29-un Bakıda keçirilməsi Azərbaycan mərkəzi ölkəyə çevrildiyini göstərir” Siyasət

“COP29-un Bakıda keçirilməsi Azərbaycan mərkəzi ölkəyə çevrildiyini göstərir”

Musa Qasımlı: “Toplantıya sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzu baxımndan çox önəmlidir”

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi önəmnli hadisədir. Xatırladaq ki, bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Mütəxəssislər bunu etimadın və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisi hesab edirlər.
Millət vəkili Musa Qasımlı bildirib ki, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi Azərbaycanda dayanıqlı enerjinin necə idarə edildiyini göstərir: “Azərbaycan bu işi ənənəvi təbii ehtiyatlarının çatışmadığına görə deyil, neft-qaz satışından əldə edilən gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməyə töhfə verməklə buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmağa və yol göstərməyə görə edir. Bu məsələdə Azərbaycanın böyük potensialı var. COP29-un Bakıda keçirilməsi Azərbaycan mərkəzi ölkəyə çevrildiyini göstərir”.
Millət vəkili əlavə edib ki, COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq: “Azərbaycanın bu toplantıya sədrlik etməsi ölkəmizin beynəlxalq nüfuzu baxımndan çox önəmlidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın yekdilliklə qəbul edilməsi sadəcə bir toplantının keçirilməsi anlamı daşımır. Bu qərar birincisi, böyük uğur olub, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə növbəti etimad, inam və hörməti göstərir, dövlət başçısının, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun ölçülərindən biridir. İkincisi, bu etimad və hörməti Azərbaycan dövləti ötən illərdə yürütdüyü siyasəti ilə qazanıb. Nəticədə ölkənin mövqeləri güclənib, beynəlxalq aləmdə hörməti artıb. Azərbaycan bu hörməti əməli, işi, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib.
Üçüncüsü, bu qərarın qəbul edilməsində ölkəmizin bütün ərazisində suverenliyin bərpa edilməsi xüsusi rol oynayıb. Belə bir qərarın lokal xarakterli antiterror tədbirlərindən qısa bir müddət sonra hamı tərəfindən qəbul edilməsi həm dünya ictimaiyyətinin Azərbaycana dəstəyini, həm də Ermənistanın və onun havadarlarının mövcud vəziyyətlə barışdığını göstərir.
Dövlət başçısının söylədiyi belə bir fikir prinsipial əhəmiyyət daşıyır ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir, beynəlxalq birlik 30-40 ölkə deyildir. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr də yekdilliklə Azərbaycana dəstəyini göstərib: “Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub.
Mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirməyiblər. Son illər Azərbaycan dünyada sabit məkan kimi tanınır.
Bundan başqa, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik etməkdə də zəngin təcrübə qazanıb. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb”.
Politoloq Tural İsmayılov isə hesab edir ki, COP29 kimi dünya səviyyəli bir layihəyə ev sahibliyi etməyimizin bizim üçün müstəsna əhəmiyyəti var: “Çünki Azərbaycan bu gün qlobal mənada iqlim problemləri ilə bağlı məsələlərdə ön sıralarda yer alan dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Əslində COP29-a ev sahibliyinin Azərbaycana verilməsi ölkəmizin dünya miqyasındakı dəyərinin göstəricisidir”. Politoloq bildirib ki, COP29 çərçivəsində Azərbaycana yüzlərlə ölkədən tanınmış ictimai-siyasi xadimlər gələcək: “Onlar ölkəmizdə olduğu müddət ərzində Azərbaycanın inkişafı, qlobal təşəbbüslərə liderliyinin bir daha şahidi olacaqlar. Bu baxımdan COP29 Azərbaycanın tanıdılması və həqiqətlərin dünyaya çatdırılması üçün mühüm beynəlxalq kürsüdür”.
COP29 dünyanın və BMT-nin dünya səviyyəli ən vacib tədbirlərindən hesab edilir. Xüsusilə dünya bu qədər ekoloji problemlərin, iqlimlə bağlı narahatlıqların olduğu bir dövrdə COP29 kimi layihələrin önəmi daha da artır. Əlbəttə ki, belə bir vacib, qlobal əhəmiyyətli fikirlərin müzakirə ediləcəyi bir tədbirin Azərbaycana həvalə olunması, dövlətimizin xarici siyasət kursunun uğurlarından biridir. Həmçinin artıq Azərbaycanın qlobal güc faktoru olması növbəti dəfə ortaya çıxmış olur.
Hesab edirəm ki, bu tədbir ölkəmiz və dünya üçün vacib əhəmiyyətə malikdir. Azərbaycan son dövrlərdə ənənəvi enerji məsulları ilə yanaşı, yaşıl enerji adlandırdığımız alternativ enerji mənbələrinin şaxələndirilməsi və bu məsələdə olan potensialını dünyaya nümayiş etdirir. Ölkəmizin bu sahədə olan potensialının nümayişi Azərbaycanın daha da inkişaf etməsinə səbəb olur.
Həmçinin dünyada da artıq ciddi formada yaşıl enerjiyə keçidlə bağlı çağırışlar mövcuddur. Qlobal iqlim şərtlərinin təhdid edilməsi fonunda COP kimi tədbirlərin əhəmiyyəti daha da artır. Ümumiyyətlə bu tədbir konkret olaraq bəlli coğrafiyaların deyil, bütövlükdə dünyanın məsuliyyət daşıdığı önəmli tədbirdir. Burada veriləcək qərarlar dünyanın gələcəyinə yön verəcək.
Buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. "Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”- deyən Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına işarə edir. Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır. Bu xüsusiyyətlərimiz ilə yaxın dövrün iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq”.