“4 kəndin azad edilməsi Prezident İlham Əliyevin qələbə strategiyasının davam etdirilməsidir” Siyasət

“4 kəndin azad edilməsi Prezident İlham Əliyevin qələbə strategiyasının davam etdirilməsidir”

Asif Nərimanlı: “Anklavlar da növbəti mərhələdə həll olunacaq”

“19 aprel razılaşmasına əsasən “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq” qeydinin daxil edilməsi də buna hesablanıb. Bu Azərbaycana sülh sazişində delimitasiya ilə bağlı yeni prinsiplər irəli sürmək imkanı verir. Bu, böyük ehtimalla keçmiş xəritələrin aktuallaşdırılması olacaq, yaxud ən azından sərhəd xəttinin yerdə birbaşa çəkilməsi ola bilər. Nəticə etibarilə qoşunlarımız hazırda dayandığı mövqelərdən geri çəkilməyəcək”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Asif Nərimanlı deyib. O, həmçinin 4 kəndin işğaldan azad edilməsi və digər suallara da aydınlıq gətirib.
- Qazaxın 4 kəndinin qaytarılmasını bir neçə kontekstdə tarixi hadisə adlandıra bilərik. Hər şeydən əvvəl bu, Azərbaycan və Ermənistanın problemlərini ikitərəfli formatda həll etmə potensialını ortaya çıxardı. Uzun illər düşmən mövqedə olan iki ölkənin vasitəçi olmadan təmaslar qura bilməsi və həll yolları tapması regionda sülhü gələcəyinə inamı artırır. Eyni zamanda, bu rəsmi Bakının sülh danışıqlarının ikitərəfli formatda aparılması tələbində haqlı olduğunu da göstərir. Çünki üçüncü tərəflər prosesə müdaxilə edəndə öz maraqlarının təmin edilməsinə çalışır ki, bu da sülhü arxa plana keçirir.
4 kəndin azad edilməsi həm də Prezident İlham Əliyevin qələbə strategiyasının davam etdirilməsidir. Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndini Ermənistan işğalında qalmışdı. Artıq ankav olmayan 4 kənd qaytarıldı, anklavlar da növbəti mərhələdə həll olunacaq.
- Bu kəndlərin bir güllə belə atmadan azad olunması prosesini necə qiymətləndirirsiniz?
- 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya imzalayanda bu kəndlərin azad edilməsi məsələsinin də Prezident İlham Əliyev tərəfindən irəli sürüldüyü haqda məlumatlar var. O dövrün siyasi şərtlərinə görə kəndlərin qaytarılması ilə bağlı Ermənistan şifahi öhdəlik götürdü. Sonrakı dövrdə rəsmi İrəvan zaman-zaman öhdəliyindən yayınmağa çalışsa da, Prezident İlham Əliyevin strateji addımları kəndlərlə bağlı 19 aprel razılaşmasını ortaya çıxardı. 44 günlük müharibədən sonra baş verənləri xatırlayanda, prosesin məntiqi sonluğu belə olmalı idi. Azərbaycan lideri 44 günlük müharibədən sonra iki strateji istiqamətdə addımlar atıb.
Birincisi, Ermənistanla sərhədi de-fakto nəzarətə götürmək və Qarabağı daxili məsələmizə çevirmək;
İkincisi, Qarabağı separatçıların tör-töküntüsündən təmizləmək və suvenliyimizi bərpa etmək;
2020-ci ilin 10 noyabr tarixindən 2023-cü ilin 20 sentyabr tarixinə qədərki dövrdə hər iki strategiya uğurla nəticələndi. Qarabağda separatizm ləğv ediləndən, suverenliyimiz bərpa olunandan sonra kəndlərin azad edilməsi məsələsi geniş aktuallıq qazandı. Ermənistan işğal altında qala 8 kəndin – Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) və Sədərəyin Kərki kəndinin qaytarılması ilə bağlı öhdəliyindən yayınmaq üçün müxtəlif bəhanələr irəli sürür, xüsusilə anklavların təhvil verilməsi prosesindəki çətinliklərə istinad edirdi. Rəsmi Bakı bu prosesi asanlaşdırmaq məqsədilə işğal altındakı kəndlərin qaytarılması üçün “mərhələli həll” variantını irəli sürdü.
Birinci mərhələdə anklav olmayan 4 kənd –Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli qaytarılır;
İkinci mərhələdə Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri müzakirə olunur;
Prezident İlham Əliyev anklav olmayan 4 kəndin qeyd-şərtsiz qaytarılması tələbindən çıxış etdi və bu məsələni həm də Ermənistanın arxalandığı Qərb platformasında gündəmə gətirərək, haqlı mövqeyimizi qəbul etdirdi. Bütün bunların fonunda Əliyevin strateji addımları nəticəsində bölgədə yaranmış şərait Ermənistanı seçim qarşısında qoyurdu: ya rəsmi Bakının 4 kəndin dərhal azad edilməsi tələbini yerinə yetirməli və sülh sazişinə doğru addım atmalı, ya da sülh sazişini sual altına salaraq, bölgədə dövlət kimi varlığını da riskə atmalı idi. Azərbaycan siyasi strategiya ilə Ermənistanı kəndlərin qaytarılması reallığı ilə barışmağa məcbur etdi. Anklavlar məsələsi sonrakı mərhələdə müzakirə olunacaq. Artıq Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başlayır.
- Delimitasiya prosesi bundan sonra necə olacaq, sərhədin digər hissələrinin müəyyənləşməsi hansı prinsiplər reallaşacaq?
- Qazax-Tavuş sərhədi 19 aprel razılaşması ilə delimitasiya olunsa da, sərhədin digər hissələrində fərqli yanaşmaların olacağı gözləntisi var. Çünki Ermənistan SSRİ dağılanda mövcud olan xətləri irəli sürür, Azərbaycan bunu qəbul etmir. Ermənistanın məqsədi SSRİ dövründəki köhnə sərhədi bərpa etməkdir, bununla həm də 44 günlük müharibədən sonra sərhəddə strateji mövqelərə çıxmış ordumuzun geri çəkilməsinə nail olmaq istəyir. Eyni zamanda, SSRİ dövründə əkin və otlaq sahəsi adı altında ermənilərə verilən torpaqları gündəmdən çıxarmağı düşünür. 19 aprel razılaşmasında Alma-Ata bəyannaməsinə istinad edilməsində və delimitasiya üzrə hazırlanan əsasnamədə bunun baza prinsipi kimi götürülməsində İrəvanın məqsədi budur. Onlar sərhədin digər hissələrinin də delimitasiyasında bu razılaşmanı baza prisipi kimi irəli sürəcək, bununla həm SSRİ dağılanda mövcud olan xətlər üzrə çəkilməsini təmin etmək, həm də qoşunların geri çəkilməsinə nail olmaq istəyirlər. Fikrimcə, rəsmi Bakı 4 kəndi aza etmək üçün razılaşmanın bu formada olmasını qəbul etdi, lakin sərhədin digər hissələrinin delimitasiyasında baza prinsipini dəyişdirmək məsələsini irəli sürəcək. 19 aprel razılaşmasına əsasən “əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq” qeydinin daxil edilməsi də buna hesablanıb. Bu Azərbaycana sülh sazişində delimitasiya ilə bağlı yeni prinsiplər irəli sürmək imkanı verir. Bu, böyük ehtimalla keçmiş xəritələrin aktuallaşdırılması olacaq, yaxud ən azından sərhəd xəttinin yerdə birbaşa çəkilməsi ola bilər. Nəticə etibarilə qoşunlarımız hazırda dayandığı mövqelərdən geri çəkilməyəcək.
- Sərhədin ümumi delimitasiyası nə vaxt başlana bilər?
- Delimitasiya uzunmüddətli prosesdir, hətta bunun üçün illərlə vaxt lazımdır. Ona görə sülh sazişinin daha tez bağlanacağı, delimitasiyanın isə sonraya saxlanılacağı gözləntisi daha böyükdür. Əks təqdirdə sülh sazişinin bağlanması illərlə zaman ala bilər. Digər tərəfdən, delimitasiya ilə bağlı tərəflərin fikir ayrılığı da bu prosesin müddətini artıran məqamlardandır.
- Sülh sazişinin imzlanması imkanları azalıb, yoxsa hələ də ümidlər var?
- Hər iki tərəfin bununla bağlı istəyi var, lakin fikir ayrılıqları prosesi uzadır, xüsusilə kommunikasiyanın açılması məsələsində. Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı çıxır, eyni zamanda, rəsmi Bakının Naxçıvana maneəsiz keçid üçün təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”ni də qəbul etmir. Bu o deməkdir ki, Ermənistan heç bir güzəşt etmədən sülh əldə etmək və regional layihələrə qoşularaq qazanc əldə etmək istəyir. Bu qəbuledilməzdir. Digər tərəfdən, üçüncü tərəflərin Ermənistan üzərindən prosesə müdaxiləsi sazişin önündə əlavə maneələr yaradır.
- Sülhməramlıların vaxtından əvvəl çıxmasını necə dəyərləndirmək olar?
- Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxması və bunun Moskva ilə tam razılıq əsasında olması rəsmi Bakının siyasi uğurudur və bu, son 30 ildə post-sovet məkanında baş verən ən mühümhadisələrdən biridir. Azərbaycan buna nail oldu. Artıq ərazi bütövlüyümüz bərpa olunub, suverenliyimiz təmin edilib və Azərbaycan ərazisində heç bir ölkənin qoşunları yoxdur. 44 günlük müharibədən sonra bəziləri buna inanmırdı və çox vaxt həm Xankəndi, həm sülhməramlılar məsələsində hakimiyyətə qarşı ittiham olaraq istifadə etmək cəhdləri vard. Lakin Prezident İlham Əliyev bir daha sübut etdi ki, hər addımı bir hədəfə heablanıb və bəzən cəmiyyətin doğru oxuya bilmədiyi hadisələr sonda bizim maraqlarımıza uyğun nəticələnir.

Əli