Polşa siyasətçiləri Azərbaycanda keçiriləcək COP29-da iştirak etməyə hazırlaşır - Səfir Siyasət

Polşa siyasətçiləri Azərbaycanda keçiriləcək COP29-da iştirak etməyə hazırlaşır - Səfir

Polşa prezidenti və baş naziri Azərbaycanda keçiriləcək COP29-da iştirak etməyə hazırlaşır.

Trend xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkənin milli bayramı - Konstitusiya Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Polşa prezidenti və baş naziri Azərbaycanda keçiriləcək COP29-da iştirak etmək üçün dəvət alıblar və bu beynəlxalq tədbirdə iştirak etməyə hazırlaşırlar", - o deyib.

Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələrdən danışan səfir, son bir ildə iki ölkə arasında ticarət dövriyyəsinin və Polşadan malların ixracının 36 faiz artdığını vurğulayıb.

"Polşalı sahibkarlar Azərbaycanda biznes imkanları axtarırlar. Biz də sizin marağınızı yüksək qiymətləndiririk. Elə ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil etdi. İki həftə sonra biz həmçinin, "Interfood Azerbaijan 2024" sərgisində polşalı biznesmenlərin iştirakını gözləyirik", - o əlavə edib.

Bundan əlavə, səfir qeyd edib ki, iyunun əvvəlində Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsi gözlənilir.