14:58
861
“Cənubi Qafqazda son dövrlər müşahidə olunan normallaşma prosesləri regionda uzunmüddətli sabitliyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri, “xalqcebhesi.az”a açıqlaması zamanı politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistana sülh təklifi irəli sürüb və artıq bu istiqamətdə konkret addımlar atılıb:
“Tərəflər arasında münasibətlərdə müəyyən yumşalma müşahidə olunur, ticarət əlaqələrinin qurulması, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində işlərin aparılması bunu deməyə əsas verir. Şahin Mustafayevin İrəvana səfəri və keçirilən danışıqlar da bu prosesin davam etdiyini göstərir. Regionda sülhün bərqərar olmasını istəməyən qüvvələr də mövcuddur. Bu qüvvələr müxtəlif vasitələrlə prosesi ləngitməyə və ya pozmağa çalışırlar. Xüsusilə Ermənistan daxilində bəzi radikal dairələr və onları dəstəkləyən xarici mərkəzlər vəziyyəti yenidən gərginləşdirmək niyyətindədir”.
Elşad Həsənov Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək tədbiri ilə bağlı da fikirlərini bölüşərək bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin bu toplantıya qatılmayacağı ehtimalı daha yüksəkdir: “Bunun əvəzində nümayəndə səviyyəsində iştirak mümkündür. Bu, regiondakı siyasi reallıqların və balansın nəzərə alınması ilə bağlıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində də müəyyən addımlar atılır və sərhədlərin açılması məsələsi gündəmdədir. Bu proses Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilə bilər”.
Ekspert sonda bildirib ki, Ermənistanda siyasi sabitliyin qorunması və sülh tərəfdarı qüvvələrin hakimiyyətdə qalması region üçün mühüm əhəmiyyət kəsb edir: “Əks halda, yenidən qarşıdurma riskləri arta bilər ki, bu da nə region ölkələrinə, nə də ümumilikdə beynəlxalq təhlükəsizliyə müsbət təsir göstərməz”.
Günel Elxan