“Azərbaycançılıq milli kimliklə müasir inkişafın vəhdətidir” Siyasət

“Azərbaycançılıq milli kimliklə müasir inkişafın vəhdətidir”

“Qloballaşmanın sürətləndiyi, rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə Azərbaycançılıq ideologiyasının əsas vəzifəsi milli kimliyi qorumaqla yanaşı, onu yeni çağırışlara uyğun şəkildə inkişaf etdirməkdir”.

Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında deputat Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycançılıq bu gün dinamik və yenilənən dəyər sistemi kimi çıxış edir və müasir dünyanın tələblərinə uyğun transformasiya olunur:
“Azərbaycançılıq gənclərə yalnız tarixi irsi və milli ənənələri öyrətməklə kifayətlənmir. Bu ideologiya eyni zamanda milli kimliklə müasir bilik və bacarıqların vəhdətini təmin edir. Gənc nəsil Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə və mədəniyyətinə bağlı olmaqla yanaşı, xarici dillərə, innovasiyalara, rəqəmsal texnologiyalara və qlobal əmək bazarının tələblərinə də yiyələnməlidir.
Azərbaycançılığın əsas komponentlərindən biri də vətəndaş məsuliyyəti, dövlətçilik təfəkkürü və milli həmrəylik anlayışlarıdır.
Bu gün informasiya müharibələrinin, ideoloji təsirlərin və müxtəlif xarici çağırışların artdığı bir şəraitdə gənclərdə media savadlılığının formalaşdırılması, milli maraqları düzgün qiymətləndirmək bacarığının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Deputatın fikrincə, Azərbaycançılıq ideologiyası gəncləri həm keçmişin mirasını qoruyan, həm də ölkənin gələcəyinin qurulmasında fəal iştirak edən məsuliyyətli vətəndaşlar kimi formalaşdırır:
“Mövcud reallıqlar göstərir ki, Azərbaycanın gələcəyi milli köklərinə sadiq, eyni zamanda dünyaya açıq, rəqabətqabiliyyətli və yüksək intellektual potensiala malik gənclərin yetişdirilməsindən asılıdır. Qloballaşma dövründə Azərbaycançılıq ideologiyasının transformasiyası onun tətbiq mexanizmlərinin yenilənməsi deməkdir.
Bu ideologiya gənclərə öz milli-mənəvi dəyərlərini qorumağı, eyni zamanda qlobal dünyanın imkanlarından səmərəli istifadə etməyi öyrədir. Məqsəd həm güclü Azərbaycan vətəndaşı, həm də müasir dünyanın tələblərinə cavab verən rəqabətqabiliyyətli fərd yetişdirməkdir. Bu tarazlıq Azərbaycanın milli kimliyinin qorunmasının və davamlı inkişafının əsas təminatlarından biridir”.

Günel Elxan