Çində yol faciəsi: ölənlərin sayı 50-yə yaxınlaşıb Dünya

Çində yol faciəsi: ölənlərin sayı 50-yə yaxınlaşıb

Çinin cənubunda avtomobil magistralının bir hissəsinin çökməsi nəticəsində azı 48 nəfər həlak olub.

Trend xəbər verir ki, ÇXR sədri Si Cinpin hadisə yerində xilasetmə işlərinin aparılmasını, yaralılara hər cür yardım göstərilməsini, həmçinin yolun dağılan hissəsinin tez bir zamanda təmir edilməsini tapşırıb.

Qeyd edək ki, mayın 1-i səhər saatlarında Meycou-Dabu avtomagistralında torpaq sürüşməsi baş verib. Nəticədə 23 avtomobil yolda əmələ gələn yarğana düşüb. Yerli hakimiyyət orqanları hadisəyə aramsız yağan güclü leysanın səbəb olduğunu ehtimal edir. Belə ki, son vaxtlar həmin rayona 56 santimetrdən çox yağıntı düşüb, bölgədəki bir sıra kəndlər su altında qalıb.
Eyni zamanda Quandun əyalətinin bəzi rayonları son iki həftə ərzində güclü yağış və daşqınlarla üzləşib. Əyalətin paytaxtı Quançjou şəhərində qasırğa beş nəfərin həyatına son qoyub.