Şəmistan Nəzirli -75 Hadisə

Şəmistan Nəzirli -75

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalist, publisist, nasir Şəmistan Nəzirlini 75 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"75 yaş. Az deyil. Çox hörmətli Şəmistan müəllim bu yaşa necə, nə zaman yetişdi, heç xəbərimiz olmadı. Əslində bunu düşünməyə vaxt tapmadıq. Özü imkan vermədi. Maşallah ömrünün 75-ci ilində də çox gümrahdır, həyat və yaradıcılıq doludur. El arasında deyildiyi kimi, cavan oğlandır. Yubiley təbriklərini qəbul edir. Mən də barəsində söylənilən xoş sözlərə, arzulara qoşuluram. Uca Tanrıdan diləyim Şəmistan müəllimi hər zaman belə sağlam, ən əsası yüksək ruhlu görməkdir.
Nəyə görə məhz yüksək ruhlu? Bilirsiniz, bəzi adamlar var ki, sanki müəyyən zaman kəsiyi, müəyyən mərhələ üçün yaranıblar. Özünəməxsus missiyaları olur. Bir növ, cəmiyyətdəki, ictimai həyatdakı hansısa boşluğu doldurur, yaxud müxtəlif elementləri bir yerə toplayaraq ayrıca dəst-xətt müəyyənləşdirir, əslində yeni yaradıcılıq çığırı açırlar. Azərbaycanın tanınmış qələm sahibi Şəmistan Nəzirli də məhz bu adamlardandır. O, müasir və keçmiş hərb tariximizi çulğulaşdıran dəyərli tədqiqatçı və nasir, keçmişimizə əsaslanaraq indiki dövrümüzün qəhrəmanlıq və vətənpərvərlik salnaməsinə rəng qatan, ümumən tarixi şəxsiyyətlərə və proseslərə xüsusi yanaşması olan istedadlı jurnalist və publisistdir.
Polkovnik-leytenant Nəzirlinin yaradıcılıq dairəsinə diqqət yetirəndə heyrətlənirsən. Məqalələrini, kitablarını, televiziya və radio proqramlarını saymaqla bitmir. Hər birində dərin vətənpərvərlik hissi və yaşantısı var. Qətiyyətlə söyləmək olar ki, Şəmistan Nəzirlinin yaradıcılığı vətənpərvərliyin tam pafossuz, elmi araşdırmalara, tarixi faktlara, jurnalist peşəkarlığına əsaslanan bənzərsiz təqdimat formasıdır. Məhz buna görə də onu gələcəkdə də yüksək ruhlu görmək vacib və mütləqdir.
Əziz və hörmətli Şəmistan müəllim, 75 illik yubileyiniz Vətənimiz və xalqımız üçün düşərli olsun. Şəxsinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Sizə bir daha möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, ürəkgenişliyi ilə ortaya qoyduğuzun yaradıcılıq ruhu hərb tariximizin müqəddəs Qarabağ zəfərindən nəşət alsın. Tanrı sizə, ümumən xalqımıza o günləri görməyi nəsib etsin. Amin!"