“İlk Avropa Oyunlarının öncə Azərbaycanda keçirilməsi bir çox dövlətləri qıcıqlandırır” Hadisə

“İlk Avropa Oyunlarının öncə Azərbaycanda keçirilməsi bir çox dövlətləri qıcıqlandırır”

Arzu Nağıyev: "Məhz buna görə də dünya miqyasında Azərbaycanın nüfuzunun artmasından, ölkəmizin günü-gündən güclənməsindən qorxub çəkinən qüvvələr hər istiqamətdə buna mane olmağa çalışırlar"

"İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bəzi beynəlxalq dairələri narahat edir və ona görə də bu Oyunlar yaxınlaşdıqca, onu gözdən salmaq üçün ciddi cəhdlər göstərilir". Bu barədə siyasi ekspert Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları çox geniş miqyaslı və beynəlxalq əhəmiyyətli bir tədbirdir: "Bu, hər şeydən əvvəl ölkənin nüfuzudur, beynəlxalq aləmdə daha da tanınmasıdır. Bu Oyunlarda 49 dövlətdən 6 mindən çox idmançının iştirakı gözlənilir. Əlbəttə belə bir tədbirin ilk öncə Azərbaycanda keçirilməsi bir çox dövlətləri qıcıqlandırır. Məhz buna görə də dünya miqyasında Azərbaycanın nüfuzunun artmasından, ölkəmizin günü-gündən güclənməsindən qorxub çəkinən qüvvələr hər istiqamətdə buna mane olmağa çalışırlar".
A.Nağıyev vurğulayıb ki, həmin dairələrin Azərbaycanda guya insan hüquqlarının, söz azadlığının pozulmasını gündəmə gətirməsi sadəcə bir bəhanədir: "Azərbaycanda artıq çoxdan azad cəmiyyət formalaşıb, azad mətbuat təmin edilib. Ölkədə çoxlu sayda mətbuat qurumları sərbəst şəkildə fəaliyyət göstərir, internetə, o cümlədən sosial şəbəkələrə çıxış heç bir məhdudiyyət olmadan təmin edilib. Belə olan halda Azərbaycanı bu arqumentlərlə ittiham etmək tamamilə əsassızdır".
A.Nağıyev bildirib ki, hər zamankı kimi, bu dəfə də bu səylərin heç bir nəticəsi olmayacaq: "Çünki Azərbaycan müstəqil və güclü dövlətdir və bu cür absurd ittihamlarla ölkəni nəyəsə təhrik etmək mümkünsüzdür. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də müxtəlif qüvvələr, o cümlədən separatçı, ekstremist, qüvvələr bir çox cəhdlər göstərdi. Lakin bunların hamısının qarşısı yerindəcə alındı və yenə də alınacaq. İstər Ermənistanla müharibə şəraitində olmağımıza, istər sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə, istər ərəb dövlətlərində, istərsə də Ukraynada baş verən hadisələrə baxmayaraq, Azərbaycan ilk Avropa Oyunları kimi beynəlxalq tədbirlərin keçirilməsinə tam hazırdır və bu tədbiri də alnı açıq, üzü ağ şəkildə keçirəcək".
A.Nağyev bu istiqamətdə bəzi yerli anti-milli qüvvələrin fəaliyyətindən təəssüfləndiyini də bildirib. O qeyd edib ki, ilk Avropa Oyunları birinci növbədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu məsələsidir: "Gərək burada müxalifət də iqtidarla eyni hədəfə istiqamətlənsin. Ancaq təəssüflər olsun ki, onlar öz maraqlarını dövlət maraqlarından üstün tuturlar. Yəni bu gün bəzi müxalifət qüvvələri, QHT-lər öz maraqları naminə dövlətin nüfuzuna zərbə vurmaqdan çəkinmirlər".