Ali Məhkəmənin Plenumu keçirilib Hadisə

Ali Məhkəmənin Plenumu keçirilib

Aprelin 10-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olub.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin inzibati və hərbi qanunvericilik şöbəsinin nümayəndəsi, Apellyasiya, iqtisad və bir sıra rayon məhkəmələrinin sədrləri iştirak ediblər.
Plenumu giriş sözü ilə açan Ramiz Rzayev bildirib ki, Ali Məhkəmədə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusilə, insan, vətəndaş hüquq və azadlıqlarının müdafiəsində qanunun aliliyi təmin edilib. Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual, Mülki-Prosessual, İnzibati-Prosessual məcəllələrində bir sıra maddələrin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsi zərurəti yaranıb.
Plenumda respublikanın rayon (şəhər) və inzibati-iqtisadi məhkəmələri tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25-26-cı və İnzibati–Prosessual Məcəlləsinin 8-9-cu maddələrinin (məhkəmə aidiyyatının müəyyənləşdirilməsi) məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə edilib.
Həmçinin inzibati məhkəmə icraatında iddianın məhkəmə aidiyyəti və iddianın mümkünlüyünə dair Ali Məhkəmə Plenumunun qərar layihəsinə Mülki Kollegiyanın təklifləri ətrafında müzakirələr və təhlillər aparılıb.
Plenumda Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təkliflər verilməsi qərara alınıb. Bundan başqa, Ali Məhkəmə Plenumunun reqlamenti və Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi–Məsləhət Şurasının Əsasnaməsi təsdiq edilib, konkret mülki işlərə baxılıb.
Plenumda müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.