Bir nağıldı ömür yolu... Mədəniyyət

Bir nağıldı ömür yolu...

I yazı

Kərbəlayi Məmməd və Böyükxanım Kərbəlayi Əlheydər qızının yeddi övladı olub. Bu barədə M.Cəfərzadə yazır: "Birinci bacımızın adı Nurcahan... körpə olanda ölüb. İkinci Əzizədir. Üçüncü qardaşımız Cəfərdir... İki il yaşayıb. Dördüncü uşaq mənəm, beşinci Əhməddir. Sonra gələn Validə və Əliheydər çətin dövrü görüb yaşamaq istəməyiblər, körpə ikən həyatdan gediblər."
Haşiyə: Əhmədin atası Məmməd Cəfər oğlu ticarətlə məşğul olub. Özü də "şeir-sənətə həvəs göstərib, ədəbiyyat və musiqi ilə maraqlanıb, ara-sıra şeirlər yazıb. Ancaq onun şeirlərinin bircə misrası belə bizə gəlib çatmayıb. 1937-1938-ci il hadisələri zamanı Böyükxanım ərinin əlyazmalarının bir qisminin ələ keçməməsi üçün evin divarına hörüb gizlədib, bir qismini isə yandırıb. Övladlarının hər üçünün tərbiyə və təhsilində onun böyük rolu olub. Əhməd Kərbəlayi Məmməd oğlu atası barədə xatirələrində yazır: "Atam doğulanda ona Məmmədbağır adı verirlər. Lakin uşaqlıqdan Məmməd çağırılır. Kiçik ikən atası onu özü ilə Məşhədə ararır, sonralar o, Əliheydər babamgillə Kərbəlaya gedir. Ona görə də gah "Məşədi Məmməd", gah "Kərbəlayi Məmməd" deyiblər. Əhməd Cəfərzadə 1929-cu ildə Bakı şəhərində doğulub. Uşaq yaşlarında Bakıda anasının himayəsində yaşayıb. İlk tərbiyə və təhsilini nənəsi Rübabə və anasından alIb. Doğmaları folklorumuzun bilciləri, sinədəftər insanlar olub. Ona görə də balaca Əhməd uşaqlıqdan onların söylədiyi şeirləri əzbərləyib, nağılları öyrənib. Ədəbiyyata marağı və həvəsi həmin illərdən başlanıb.
Anası Böyükxanım 1937-ci ildə qısa müddətli bağça müdiri kursuna daxil olur. Kursu bitirdikdən sonra Göyçay rayonunun Yeniarx kəndindəki uşaq bağçasına müdir təyin edilir. Əhməd də anası ilə Göyçaya gedir: "Nahardan sonra anam həmişə uşaqlara nağıl danışardı: o qədər təbii, sadə, şirin, nəfəsli ki, yaşlı adamların çoxusu hər gün gəlib anamın söylədiyi nağıl, lətifələrə maraqla qulaq asırdılar.... Hər bazar günü meşələrə meyvə yığmağa gedirdik. Onda Ucarla Göyçayın arası meşəlik idi; alça, gavalı, armud, əzgil, alma, zoğal və s. yığardıq. Meşədə vəhşi heyvan çox idi. Anam çox cəld idi; ən hündür ağaclara çıxıb qoz çırpardı. Xeyli lavaşana, quru turşu, qax, qoz və mət turşu düzəltmişdik, bir qədər quyruq yağı, yemiş qurusu və s. əldə etmişdik. Qış ehtiyatı idi. Həmin yay bacım Əzizə Gəncədə qiyabi pedaqoji texnikumda sessiyada idi. Bir dəfə yanımıza gəlib bir neçə gün qaldı".
Əhməd Cəfərzadə 1940-cı ildə bacısı və yeznəsilə birlikdə Uzaq Şərqin Xabarovski şəhərinin yaxınlığındakı hərbi şəhərciyə gedir. O, 1940-1941-ci tədris ilində oradakı rus məktəbində təhsil alır. Nəhayət, 1941-ci ilin iyun ayında bacısı Əzizə xanımla Bakıya qayıdır və 173 saylı orta məktəbdə təhsilini davam etdirir. Bu zaman Əzizə xanımı Ağsu rayonunun Çaparlı kəndinə müəllim təyin edirlər. Əhməd ailəsi ilə birlikdə həmin kəndə köçür. 1944-cü ildə ailə yenidən Bakıya qayıdır. Əhməd bu illərdə bədii yaradıcılıqla məşğul olur – şeir yazmağa başlayır. 1945-ci ildə Bakı teatr texnukumuna daxil olur. Bu o zamanlar idi ki, Azərbaycan teatr tarixində önəmli yer tutmuş görkəmli sənətkarlar – Kazım Ziya, Fatma Qədiri, Mehdi Məmmədov, Kərim Həsənov, Əydər Sultanov və b. həmin texnikumda dərs deyirdilər. Əhməd qüdrətli sənətkarlardan dərs alır, teatr sənətinin sirlərini öyrənir. 1948-ci ildə teatr texnikumunu başa vurur. Amma teatrda çalışmır...
Haşiyə: Əhməd Cəfərzadənin şəxsi arxivində maraqlı bir siyahı var. Həmin siyahıda teatr texnikumundan başlayaraq ixtiyar yaşınadək tanış olduğu, yoldaşlıq etdiyi, sürgün yoldaşları, elmi əlaqələr saxladığı, məktublaşdığı şair, yazıçı, aktyor, aşıq, xanəndə, alim, jurnalist, din nümayəndələri, müəllimlər, vəzifəli şəxslər, sinədəftər insanlardır. Həmin insanların yazdığı məktubların həcmi azı iki yüz səhifəlik kitaba bərabər olar. (aktyorlardan) – Kazım Ziya, Fatma Qədri, Əjdər Sultanov, Mehdi Məmmədov, Ağadadaş Qurbanov, Susanna Məcidova, Osman Hacıbəyov, Sidqi Ruhulla, Tamara Paşazadə, Əliağa Ağayev, Kərim Həsənov, Sona Hacıyeva, Əzizə Məmmədova, Hüseynağa Sadıqov, Cavahir İsgəndərova, Süleyman Ələsgərov, Münəvvər Kələntərli, Qənbər Zülalov, Lütfəli Abdullayev... Alim, şair, yazıçı və artistlərdən – Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Novruz Gəncəli, Adil Babayev, İsmayıl Soltan, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Həbibə Zeynalova, İlyas Tapdıq, İbrahim Göyçaylı, Süleyman Rəhimov, Səməd Vurğun, Abdulla Şaiq, Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün, Zeynəb Xanlarova, Maral Rəhmanzadə, Nəcəfqulu, Güllü Mustafayeva, İsgəndər Etibar, Hökumə Sultanova, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmməd Arif, Cahangir Qəhqəmanov, Budaq Budaqov, Kamal Talıbzadə, Kamran Məmmədov, Əkrəm Cəfər, Məmmədhüseyn Təhmasib, Məmmədağa Sultanov, Fazil Seyidov, Ələviyyə Babayeva, Əvəz Sadıq, Əbülhəsən, Qulam Məmmədli, Aşıq Hüseyn Cavan, Abbas Zamanov, Bəkir Nəbiyev, Əziz Şərif, Qurban Musayev, Qulamrza Cəmşidi, Əzizağa Məmmədov, Əyyub Abbasov, Əli Sultanlı, Ənvər Əlibəyli, Əlfi Qasımov, Məmməd Aslan, Mövlud Süleymanlı, Gəray Fəzli, İbrahim Kəbirli, Rəfiqə Hüseynova, Mirvarid Dilbazi, Məmmədəli Əsgərov, Mikayıl Rzaquluzadə, Mirzə Müştaq, Mir Cəlal, Fəridə Əliyarbəyli, Tərlan bəy Əliyarbəyov, Fikrət Qoca, Fikrət Sadıq, Cahangir Məmmədov, Xalid Əlmirzəyev, Həsən Qasımov, Hüseyn Abbaszadə, Cəfər Xəndan, Cəlal Məmmədov... Aşıqlardan – Pənah, Şakir, Şamil, Barat, Əliağa, Qurbanxan, Bəylər, Abbas, Şahrələng, Baba, Əhməd, Rza, Bəybala, Yanvar, Məmmədağa, Xanmusa, Xanış, Şərbət, Əliağa və başqaları.
Həmin məktublar hazırda alimin şəxsi arxivinin dəyərli ekponatlarındandır. Əhməd elə həmin ildə Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə daxil olur. Birinci kursu bitirəndə Tava kəndində mütəxəssis olmadığı üçün məktəbə rus dili müəllimi təyin edilir. Ədəbi yaradıcılıqla məşğul olan müəllim 1951-ci ildə qonşu Cəngan kənd məktəbinə köçürülür. 1953-cü ilin martına kimi orada müəllim işləyir. Böyük Vətən müharibəsindən sonra əyalətlərdə özbaşınalıq, haqsızlıqlar hökm sürürdü, kəndlilər əzab-əziyyət içində yaşayırdılar. Xalqın sözünü deyən, onların səsini yuxarılara çatdıran ziyalılar yerlərdə təqib ounmağa başlayır. Əhməd müəllim də belə insanlardan idi. Bu dövrdə Əhməd müəllimin şeirlərində adicə kəndlərində insanlara qayğının olmaması - kitabxana, xəstəxanaya ehtiyacın olması tənqid olunurdu və yaxud elin dərdini yeri gələndə Əhməd müəllim "yuxarılara" çatdırırdı. Kənddə savadlı insanların olmadığı üçün, çoxları ona müraciət edirdi və ərizələrini də ona yazdırırdılar. Ona görə də sədr, komsomol, partkom, briqadir və b. Əhməddən narazı idilər. Hər vasitə ilə müəllimin camaat arasında nüfuzdan düşməsi üçün "dəridən-qabıqdan" çıxırdılar...
Əhməd müəllim vaxtilə o dövrdə kənddə baş vermiş özbaşınalıq haqqında həmişə ürək ağrısı ilə danışardı: "...Bir neçə ay əvvəl kənd camaatı yığılıb raykom katibinin özbaşına hərəkətlərindən MK-ya şikayət yazmışdılar. Arxası bağlı olan raykom katibi əhalinin gözlərinin odunu almaq, ağızlarını bağlamaq üçün bir komissiya çağırtdırır və kəndin ağsaqqalı Mir Sadığ ağanı qaralayır. Kəndə iclas çağırıb qərar çıxarırlar ki, o, minimum əmək gününü yerinə yetirmədiyinə görə Qazaxıstana sürgün edilməlidir. Bu qərarı səsə qoyanda – "Kim "vısılka" tərəfdarıdırsa, əlini qaldırsın!"-deyirlər. "Vısılka" sözünün mənasını başa düşməyən kənd camaatı bir-birinə baxıb əllərini qaldırırlar. O saat Mir Sadıq ağanı tutub maşına sarı sürüyəndə Əhməd müəllim özünü irəli atır. Yuxarıdan gələnlərin birinin qolundan tutub cəkinmədən deyir: "Bu səsvermə düz olmadı. Avam camaat "vısılka tərəfdarıdır" ifadəsinin mənasını başa düşməyib əl qaldırıb". Bunu gözləməyən rəhbərlər çaşıb qalırlar.
Əhməd üzünü camaata tutub xəbər alır: "Ay camaat, siz istəyirsiniz Mir Sadığı tutub həmişəlik kəndimizdən Qazaxıstana qovsunlar"? Camaat donub qalır. Onda Əhməd gur səslə: "Kim Seyidin kənddən qovulmasını istəyirsə, əlini qaldırsın". Heç kim əl qaldırmır. Beləliklə, Əhməd müəllim bu ədaləti ilə özünə düşmən qazanaraq təşkil olunmuş iclasın işini pozur".
Bu hadisədən sonra kəndin, rayonun "rəhbərləri" tərəfindən Əhməd müəllim daha da qaralanmağa, təqib olunmağa başlayır. Hətta kənd sovetinin pulla ələ aldığı adamlar Əhməd müəllimə rus dilini bilmədikləri üçün adlarından yuxarılara rus dilində şikayət ərizələri yazdırırlar. Komissiya gəlib həmin insanları dindirəndə onlar "Ərizəni Əhməd müəllim yazıb, biz rus dilini bilmirik, aldadıb qol çəkdirib".
Bütün bunlar Əhmədi tutmaq üçün qəsdən təşkil olunmuşdu. Bu illərdə Əhməd cavan rus dili müəllim idi. Rus dilini Udulu sovetliyində, o zaman bir-iki adam bilərdi, ya yox. Əhməd müəllim isə o zaman bu dili nisbətən yaxşı bilirdi. Ona görə də rayon rəhbərliyi müəllimdən ehtiyat edirdi. Nəhayət, kənd soveti əl altından öyrənə bildi ki, Əhməd müəllim sovet quruluşunu, hətta ölkə başçısını da dolayı yolla tənqid edən şeirlər yazır. Odur ki, çalışırlar ki, həmin şeirlərdən heç olmasa, bir-ikisini əldə etsinlər. Nəhayət, əldə edə bilirlər... Saf məhəbbətin tərənnümü, təbiətin gözəlliyi onun şeirlərinin əsas mövzusu olub. Ancaq Böyük Vətən müharibəsi başlayandan sonra şeirlərinin mövzusu da dəyişir. Kənddə əhalinin pis güzəranı şairin şeirlərinin tənqid hədəfi olmuşdu. O, Stalin reyiminin hələ də tuğyan etdiyi 1948-50-ci illərdə tənqidi fikirlərindən əl çəkmir, şeirlərində Stalini Yusif adı ilə tənqid etməkdən qorxmurdu:

Çürüyür çoxları indi Sibirdə,
Keçir ömürləri cövrü-cəbrdə,
Ölsək rahat olaq bəlkə qəbirdə,
Nə vuruşma qalıb, nə üsyan qalıb,
Nə təşkilat qalıb, nə meydan qalıb.

yaxud da:

İndi nə eləsən özün bilərsən,
Əhmədin qətlinə fərman verərsən,
Zaman keçər, bir də baxıb görərsən,
Taxtın sənin lap tarac olub, Yusif.

Əhməd müəllimin şəxsi arxivində olan şeirlərindən aydın olur ki, özünə bu qədər düşmən qazanmış müəllim yaxşı bilirdi, gec-tez həbs olunacaq, "gedər-gəlməzə" göndəriləcək. Amma camaatın, elin-obanın danışan dili olmaqdan, camaatın sözünü, dərd-sərini bir ziyalı, müəllim kimi yeri gələndə deməkdən çəkinmir.

Seyfəddin Qəniyev
filologiya üzrə elmlər doktoru