Qəbələdə Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb İqtisadiyyat

Qəbələdə Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin və "Gilan Holding"in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatıb. Bu münasibətlə oktyabrın 5-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində beynəlxalq müsabiqə iştirakçılarının memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirilib. Sərgi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Mərasimdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər - Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, beynəlxalq təşkilatın Şura üzvü Patrik Kolombye, Beynəlxalq Memarlıq İttifaqının sabiq baş katibi Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali çıxış ediblər.
Natiqlər iki ildən bir Bakıda keçirilən bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olub və burada iştirak edənlərin sayı getdikcə artmaqdadır. Elbay Qasımzadə Azərbaycanda memarlığın inkişafına göstərilən dövlət qayğısından, gənclərin bu sahəyə marağından danışıb. Qeyd edib ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən hazırda dünyada 5 müsabiqə keçirilir ki, bunun biri də Bakı Beynəlxalq Memarlıq Müsabiqəsidir. İlk müsabiqədə Azərbaycanı 4, ikinci müsabiqədə 18, üçüncü müsabiqədə isə 53 memar təmsil edib.
Məlumat verilib ki, bu müsabiqədə 22 ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Səudiyyə Ərəbistanı, Yunanıstan, Şri-Lanka, Vyetnam, Rumıniya, Fransa, Çexiya, Gürcüstan, Əfqanıstan, Yaponiya, Qabon, Pakistan, Malayziya, Qırğızıstan, İran, Cənubi Afrika Respublikası) 156 iştirakçının əsərləri təqdim edilib. Müsabiqə "İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Həyata keçirilmiş ən yaxşı interyer", "Həyata keçirilməmiş ən yaxşı layihə", "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə", "Memarlıq sahəsində ən yaxşı nəşr", "Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid (internetdə yaxud dərc olunmuş)" nominasiyaları üzrə keçirilib.
Müsabiqəyə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Qaliblərə pul mükafatı və hədiyyələr verilib. Müsabiqəyə təqdim olunmuş layihələr, əsasən də bütün mükafatlandırılan layihələr Azərbaycan Memarlar İttifaqının "Memar" jurnalının III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə həsr olunmuş nəşrində çap olunacaq.