İtaliyada ermənilərin yalan təbliğatı ifşa edilib Siyasət

İtaliyada ermənilərin yalan təbliğatı ifşa edilib

İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda (Instituto Affari Internazionali) Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornellin iştirakı ilə "Changing Patterns of Conflict and Geopolitical Alignments in the Caucasus: Implications for Europe" adlı seminar keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, S.Kornell çıxışında regiondakı münaqişələrə toxunub, Qərbin və Rusiyanın regiondakı siyasətindən bəhs edib.
Sonra S. Kornell Qərbin Cənubi Qafqaza, həmçinin münaqişələrə münasibətdə siyasətində dini amilin rol oynayıb-oynamadığı barədə sualı cavablandırıb: "Din nəyə görə amil olmalıdır?! Cənubi Qafqaz ölkələrindən ən çox dini tolerantlığın mövcud olduğu ölkə Azərbaycandır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hər hansı dinə mənsub olan şəxslərə qarşı ayrı-seçkilik aparılmır".
Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev isə Ermənistan-Azərbaycan münaqişəsinin din amili ilə heç bir bağlılığının olmadığını, lakin Ermənistan hökumətinin, o cümlədən Ermənistanın İtaliyadakı səfirinin münaqişənin dini xarakter daşıdığına dair təbliğat apardığını bildirin. O, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon olmaqla, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb.
Ermənistan səfirliyinin əməkdaşı isə cavab olaraq ölkəsinin heç vaxt münaqişənin dini xarakter daşıdığını bəyan etmədiyini bildirib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.