“Qarabağ”ın adının beynəlxalq arenalarda səslənməsi işğal faktını dünyaya çatdırmaq üçün əla fürsətdir” Siyasət

“Qarabağ”ın adının beynəlxalq arenalarda səslənməsi işğal faktını dünyaya çatdırmaq üçün əla fürsətdir”

Fazil Mustafa: "Çağdaş dünyada futbol ölkənin taleyində ilk növbədə maddi cəhətdən böyük rol oynayır"

"Qarabağ" adının beynəlxalq arenalarda səslənməsi Azərbaycanın Dağlıq Qarabağ regionunun mənfur ermənilər tərəfindən törədilmiş işğal faktını dünyaya çatdırmaq üçün əla fürsətdir. Bu sözləri çağdaş dünyada futbolun ölkələrin taleyində oynadığı rolu şərh edən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, futbolun ölkə üçün müsbət və mənfi təsirləri var: "Çağdaş dünyada futbol ölkənin taleyində ilk növbədə maddi cəhətdən böyük rol oynayır. Daha sonra sağlamlıq baxımından insanların kütləvi şəkildə idmana yönəlməsinə, insanların müəyyən vaxt keçirməsi baxımından zövqlü əyləncə sayılır. Bütün bunlarla yanaşı, futbol neqativ hallar üçün də şərait yarada bilir. Çünki müxtəlif qumar oyunlarının keçirilməsi futbol üzərindən həyata keçirilir. Bu da çox sayda insanların bədbəxtliyinə gətirib çıxarır. Ancaq ölkənin tanıtımı üçün futbolun əhəmiyyəti çoxdur".
F.Mustafa "Qarabağ"ın tarixi qələbəsinin Qarabağ adını dünya arenasına tanıtmağımız üçün fürsət olduğunu da qeyd edib:
"Çünki hər dəfə televiziyada bu ad səsləndikdə artıq insanların duyğularına təsir edə biləcəyik. Xüsusilə də bu qələbə xaricdə yaşayan azərbaycanlılar üçün qürur mənbəyidir. Digər tərəfdən isə Qarabağ adının beynəlxalq arenalarda tanınması Ağdam şəhərinin işğal olunması faktını diqqət mərkəzində saxlayacaq. Dünya dövlətlərinin də bu məsələyə marağı artacaq".
F.Mustafa ölkəmizdə yeni Qurban Qurbanovlar yetişəcəyini də vurğulayıb: "Ölkəmizi dünyada tanıdacaq Qurban Qurbanovlara, alimlərə, düşünən insanlara ehtiyac böyükdür. Bu isə bilavasitə ölkədə təhsil səviyyəsinin yüksəldilməsindən asılı olan prosesdir. Ölkədə təhsil səviyyəsi aşağı olduğu müddətdə yetişən Qurbanovların sayı da az olacaq. Ölkə üçün fayda verən insanların sayı çox olduqda, ölkənin insanında da keyfiyyət, təfəkkür dəyişikliyi baş verir. Ümid edirəm ki, təhsil səviyyəsi yüksəldikcə Qurban Qurbanovların, alimlərimizin sayı da artacaq. Ona görə də bu qələbə hələ başlanğıcdır. Çalışmaq lazımdır ki, belə uğurlara imza atan insanlarımızın sayı çox olsun".