“MİT-in Ərdoğana birbaşa tabe etdirilməsində problem görmürəm” Siyasət

“MİT-in Ərdoğana birbaşa tabe etdirilməsində problem görmürəm”

Ərdoğan Milli İstihbarat Təşkilatını praktikada çoxdan özünə tabe etdirmişdi.
Türkiyə Milli İstihbarat Təşkilatının ölkə prezidentinin birbaşa tabeliyinə verilməsini şərh edən politoloq Fərhad Mehdiyev belə deyib.
O qeyd edib ki, siyasətçilərin xəbəralma təşkilatları üzərində nəzarəti ələ keçirmələri çətindir, bunun üçün illərlə vaxt tələb olunur: "Bir məqama diqqət çəkmək lazımdır. Bütün bu proses ərzində Ərdoğanla Hakan Fidanın qeyri-adi dərəcədə yaxınlığı olub. Gəlin, dünya siyasətinə baxaq. Normalda siyasətçilərin digər insanlarla və vəzifəli şəxslərlə münasibətərinə baxdıqda, heç vaxt heç bir prezidentlə bir xəbəralma təşkilatı arasında bu qədər yaxınlıq gözə bilməzsiniz. Çox yaxınlıq vardı. Düzdür, bu, Türkiyə medasında güclü tənqidə səbəb olmuşdu. Həmin tənqidlərdə bildirilirdi ki, Ərdoğan Türkiyəni istihbarat dövlətinə çevirdi. Halbuki, xəbəralma təşkilatı dövləti idarə etməməlidir. Xəbərlama təşkilatı ancaq lazımi məlumatları toplayır, hökumət tələb edəndə, yaxud dövlətin təhlükəsizliyi məsələsi olanda onlar özləri gətirib hökumətin qarşısına bu məlumatı qoyurlar ki, baxın belə bir məsələ var, bunu mütləq diqqətə alın. Lakin, Ərdoğanın xəbəralma təşkilatları ilə əlaqələrinin daha sıx, daha dərin olduğunu demək, müşahidə etmək mümkündür".
Bununla belə Fərhad Mehdiyev qeyd edib ki, Ərdoğan Hakan Fidan vasitəsilə MİT-ə tam nəzarət etmirdi: "Hər halda onların da öz müstəqillikləri var idi. Onlar hansısa siyasətçiyə tabe olmaqla yanaşı onun mənfi cəhətləri, yol verdiyi qanunsuzluqlarla bağlı məlumatlara malik olur. Bu, onların funksiyasına daxildir. Xüsusi xidmət orqanları parlamentli respublikalarda əslində baş naziri devirə də bilərlər. Ancaq bunu edə bilmirlər. Məsələn, xüsusi xidmət orqanları bilir ki, hansısa baş nazir vətənə xəyanət edir. Baş nazir həbs edildikdə, xüsusi xidmət orqanlarına sual edilə bilər ki, sən nə haqla baş naziri dinləyirdin? Sənin nə ixtiyarın var idi? Alman kəşfiyyatı türk siyasətçilərini dinləyir, əvəzində deyirlər ki, bacarırsansa sən də alman siyasətçiləri dinlə, yaxud səni dinləməyə imkan vermə".
Müsahibimiz əlavə edib ki, Türkiyə əvvəl parlament respublikası idi, daha sonra ölkənin idarəetmə quruluşu prezident üsul-idarəsinə dəyişdirildi: "Normalda təhlükəsizlik və xəbəralma agentlikləri hökumətə bağlı olurlar. Tabedirlər demirəm, bağlıdırlar. Əgər parlament üsul-idarəsidirsə, onlar Nazirlər Kabinetinə məlumat verirlər. Əgər prezident üsul-idarəsidirsə, artıq məlumatlar prezidentə ötürülür. Amma burda bir məsələ var. Bu tip təşkilatlar, məsələn ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi, yaxud İngiltərədə Mİ-5 müstəqildir. Siyasətçilər onların işinə qarışa, yaxud da çox qarışa bilmir. Məsələn, siyasətçi gəlib prezident olur. Prezident MKİ-nin ancaq direktorunu tanıyır, başqa heç kimi tanımır. Yaxud, siyasətçi hansısa məsələ ilə bağlı xəbəralma təşkilatından məlumat istəyir. Onların işi hökumətə, yaxud prezidentə məlumat verməkdir. Həmin məlumatı necə almasını təşkilatın özü bilir. Siyasətçi buna qarışmamalıdır. Burda "siyasətçilər-gəldi gedərdi" məntiqi işləyir. Bu gün hansısa siyasətçi iqtidardadır, sabah iqtidarda deyil. O çox gizli məlumatlara malik olmamalıdır ki, sonra onları bayıra sızdıra bilməsin".
Politoloq qeyd edib ki, hətta xərəbalma təşkilatlarının üzərində nəzarət olduqda bu, prokurorluq tərəfindən adi qaydada həyata keçirilmir:" Çünki onların qeyd etdiyim kimi gizliliyi var. Həmin gizliliyin poozulmaması üçün hüquq-mühafizı orqanları onlar üzərində adi qaydada nəzarətə malik deyillər. Bu baxımdan MİT-in Ərdoğana birbaşa tabe etdirilməsində problem görmürəm".