“Qarabağ problemi nizamlanmayanadək…” Siyasət

“Qarabağ problemi nizamlanmayanadək…”

Səməd Seyidov: "İnsan haqlarının müdafiəsi işi və terrorla mübarizə səmərə verməyəcək"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumla Azərbaycanın səmərəli əməkdaşlığından, Azərbaycanda müxtəlif sahələrdə görülən böyük işlərdən geniş söz açıb.
O qeyd edib ki, ölkənin inkişafı və buradakı sabitlik Azərbaycanın nə qədər düzgün yolda olduğunu göstərir: "Ölkəmiz Avropa Şurasının qaldırdığı bütün məsələlərə həssaslıqla yanaşır".
Səməd Seyidov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağmünaqişəsindən danışaraq bildirib ki, bu problem nizamlanmayanadək insan haqlarının müdafiəsi, terrorizmə, separatizmə qarşı mübarizə istiqamətində aparılan iş səmərə verməyəcək.
Avropa Şurası Nazirlər Komitəsinin siyasi məsələlər üzrə direktoru Aleksandr Quessel isə qurumla ölkəmizin əməkdaşlığını yüksək qiymətləndirib: "Azərbaycan bizim təşkilatın mühüm üzvlərindəndir. Həqiqətən ötən müddətdə Azərbaycan çox böyük işlər görüb. Mən Azərbaycanda gedən prosesləri yaxından izləyirəm vəDağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən azərbaycanlıların problemlərini, ağrı-acısını yaxşı başa düşürəm".
Qonaq Bakıda olduğu müddətdə maraqlı görüşlər keçirdiklərini və faydalı fikir mübadiləsi apardıqlarını söyləyib. Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.