“Ukrayna ilə bağlı siyasətimizi o vaxt uğurlu sayarıq ki...” Dünya

“Ukrayna ilə bağlı siyasətimizi o vaxt uğurlu sayarıq ki...”

ABŞ təmsilçisi: "Onun ərazi bütövlüyü bərpa olunsun"

ABŞ Krım məsələsinin dondurulmasının əleyhinədir.
Bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker "Deutsche Welle"yə müsahibəsində deyib.
Xatırladaq ki Almaniya Azad Demokrat Partiyasının lideri Kristian Lindner Krımın statusunun dəyişməsinə göz yummağa və Rusiya ilə əlaqələrin bərpasına başlamağa çağırıb. O, hazırkı situasiyaya "qeyri-müəyyən müddətli müvəqqəti qərar" kimi baxmağı təklif edib. K. Volker isə bu cür fikirlərlə razı olmadığını söyləyib: "Mən Rusiyanın Krıma müdaxiləsi və bu bölgəni işğal etməsi ilə Donbas problemi arasında fərq görmürəm. Üstəlik, Krımla bağlı rusiyalılar bu ərazinin ilhaqından, mənimsənilməsindən danışırlar, təkcə işğaldan söhbət getmir. Mən hesab etmirəm ki, biz bu cür addımları qəbul etməli və legitimləşdirməliyik".
V. Volker bildirib ki, ABŞ Ukraynanın bütün ərazisində sülhün əldə olunmasında və Krımın qaytarılmasında maraqlıdır. O, Vaşinqtonun Donbas probleminin həlli üzrə Kiyevdən və Avropa ölkələrindən xəbərsiz Rusiya ilə hər hansı razılıq əldə etməyə çalışmadığını da söyləyib: "Bu, olmayacaq. Ukraynalıların başı üzərindən və ya avropalıların arxasından heç bir sövdələşmə ola bilməz".
ABŞ təmsilçisi bəyan edib ki, Ukrayna məsələsi Tramp administrasiyasının beynəlxalq siyasətinin prioritet istiqamətlərindən biridir: "Ukrayna vacibdir. ABŞ və Rusiyanın ikitərəfli münasibətlərində başqa vacib məsələlər də var. Suriya, Şimali Koreya kimi beynəlxalq problemlər də var. Onların hamısı vacibdir, lakin Ukrayna əsasdır".
Diplomatın sözlərinə görə, Vaşinqton Ukrayna ilə bağlı siyasətini o vaxt uğurlu sayacaq ki, bu ölkənin ərazi bütövlüyü bərpa olunsun və bütün ukraynalıların təhlükəsizliyinə təminat verilsin.