Gürcüstanda ermənilərin kilsə təxribatı Dünya

Gürcüstanda ermənilərin kilsə təxribatı

Sentyabrın 30-da Gürcüstanda Axalkələk rayonunun Qumburdo kəndində baş verən hadisə erməni və gürcülər arasında ciddi müzakirə mövzusuna çevrilib.
Məlumat üçün bildirək ki, Qumburdo kəndinin sakinləri yaxınlıqda yerləşən qəbristanlığa qanunsuz olaraq xaç yerləşdirməyə çalışıblar. Burada əsas məqsəd 10-cu əsrdə tikilən kilsənin yenidən qurulması zamanı aşkar edilən tapıntılar və guya kilsənin erməni "mədəniyyət abidəsi" olmasını sübut etməkdir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin təhlükəsizlik işçiləri təxribatçı ermənilərin əraziyə girməsinə icazə verməyib. Daha sonra ermənilərlə polis arasında qarşıdurma yaranıb.
Aliq.ge saytının məlumatına görə hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb edilib. Hüquq-mühafizə orqanları və ermənilər arasında baş verən toqquşma zamanı yaralananlar olub. Gürcüstan DİN bəyan edib ki, nazirliyə məxsus olan bir neçə xidməti avtomobilə ziyan dəyib.
İnsident nəticəsində saxlanılan iki nəfər ifadəsi alınandan sonra sərbəst buraxılıb. Hadisə yerinə daxili işlər naziri Georgi Mğebrişvili də baş çəkib.
Xatırladaq ki, Gürcüstanda kilsələr ətrafında yaranan erməni təxribatı ilk deyil. Hazırda Ermənistan nəinki bölgədə yerləşən kilsələrə, ümumən Cavaxetiya ərazisinin Ermənistana məxsus olmasını iddia edir və dövlət sərhədlərini pozaraq sərhəd xəttini irəli çəkir.