“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb Hadisə

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

İngiltərənin Uiltşir şəhərində “Henry Aldridge & Son Ltd”in təşkil etdiyi hərracda 14 karatlı “Waltham” qızıl saatı satılıb. Bəzək əşyası “Titanik”in göyərtəsindəki ən zəngin adama – IV Con Ceykob Astora məxsus olub. Ən yüksək qiymət təklif edərək saatı alan və adının açıqlanmasını istəməyən şəxs ABŞ-dan olan kolleksiyaçıdır.

Trend xarici mediaya istinadən xəbər verir ki, saat rekord 1,175 milyon funt sterlinqə (1,485 milyon dollar), gözlənilən hərrac qiymətindən (100-150 min funt sterlinq arası) 10 dəfə baha satılıb. Hərrac evinin icraçı direktoru Endryu Oldricin qeyd etdiyi kimi, bu qiymət “Titanik”in xatirə əşyaları arasında yeni dünya rekordunu müəyyən edib.

IV Con Ceykob Astor - dəyəri 55 milyon funt sterlinq (hazırda təxminən 7 milyard funt sterlinq) qiyməti olan mehmanxananın sahibi hamilə həyat yoldaşı Madlenin xilasedici qayığa oturmasına kömək etdikdən sonra gəmi ilə birgə batıb. Biznesmeni sonuncu dəfə gözəl geyimdə siqaret çəkərkən gəminin sağ platformasında birinci dərəcəli digər sərnişin ilə söhbət zamanı görüblər.

Yeddi gündən sonra Astorun meyiti Şimali Atlantikada tapılıb, onun əynində göy kostyum və qəhvəyi rəngdə flanel köynək olub. Sonradan onu saata həkk olunmuş və gödəkçəyə tikilmiş “JJA” inisialına əsasən tanıyıblar.

“Bu saat “Titanik”in xatirə əşyaları arasında nə vaxtsa qarşılaşdığımız ən maraqlı əşyalardan biridir. Saat çox yaxşı vəziyyətdə qalıb. İlk sahiblərinin kim olmasını nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Yəqin ki, saat Vinsent Astorun oğlu üçün böyük dəyərə malik imiş. O, aksesuarın təmirindən sonra onu növbəti 23 il ərzində istifadə edib. Bu, dünyada ən məşhur gəminin tarixinin unikal hissəsidir”, - deyə dördüncü nəsil hərracçı, “Titanik”in xatirə əşyalarının dəyərləndirilməsində dünyada tanınmış şəxs olan Endryu Oldric izah edir.

Hərraca çıxarılan maraqlı əşyalar arasında skripkanın saxlandığı çamadan, içərisində “Titanik”in cədvəlinin olduğu cüzdan da yer alıb. Bu skripka gəminin batdığı məqamda orkestrin rəhbərinin çaldığı alət idi. Elə həmin hərrac evi vasitəsilə 2013-cü ildə çamadan 360 min funt sterlinqə, skripka isə 1,1 milyon funt sterlinqə satılıb. Astorun cib saatının satışınadək o, “Titanik”dən satılan ən bahalı əşya hesab olunurdu.

Saat “Titanik” batdıqdan sonra Astorun meyiti ilə birgə tapılan şəxsi əşyalar – taxma düymələr, brilyant üzük, pul və cüzdan arasında olub. Əşyalar onun oğlu Vinsentə göndərilib. O isə saatı 1935-ci ildə Con Ceykob Astorun icraçı katibi IV Uilyam Dobbinin kiçik oğlunun xaç suyuna salınma mərasimində hədiyyə edib.

Endryu Oldricin sözlərinə görə, “Titanik”dən xatirə əşyalarının satışından əldə olunan ümumi vəsait olduqca ağlasığmazdır. Onun fikrincə, bu, təkcə əşyaların özünün əhəmiyyətini deyil, həm də 112 il bundan əvvəl batan gəminin göyərtəsindəki insanların marağını xarakterizə edir.