Azərbaycanda bal istehsalı kəskin azalıb İqtisadiyyat

Azərbaycanda bal istehsalı kəskin azalıb

Arıçılıq və bal istehsalı Azərbaycanda aqrar sektorda ən gəlirli və perspektivli sahələrdən sayılır. Son illərdə bu sahədə dinamik artım meyilləri müşahidə olunsa da, keçən il tənəzzül qeydə alınıb, araçılıqla bağlı bütün göstəricilərdə geriləmə var.
Belə ki, Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə, 2023-cü ildə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4550,0 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə edilib. Balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun - 15,9 manat, vərəmumun - 97,2 manat, güləmin - 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,0 manat olub.
2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9,0 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22,0 faiz, güləm istehsalı 62,0 faiz, arı südü istehsalı 25,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalıb. Əslində ölkədə bal istehsalının 39 faiz azalması ciddi rəqəmdir. Arıçılıq məhsullarının istehsalındakı azalma havaların əlverişsiz keçməsi ilə əlaqələndirilir. Amma fikrimizcə daha bir ciddi səbəb arıçılıq təsərrüfatlarına sübsidiyaların verilməsinin dayandırılmasıdır. Bu sahədə dövlət dəstəyinin kəsilməsi elə ilk ildə özünü göstərib. Ona görə də, arıçılığın inkişafını üçün daha 5 il müddətinə bu sahəyə subsidiyaların verilməsi məqsədəuyğun olardı. Hər arıçılıq təsərifuatında təqribən 100-150 arı ailəsi olur, bu hesabla dövlətdən hər il 1000-1500 manat yardım alırdılar ki, bu da onların dərmanlanmasına və qışda yemləməsinə böyük kömək idi.
"Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov “Report”a açıqlamasında bildirib ki, bal istehsalının həcminin son 27 ildə ən aşağı həddə düşməsi əsasən hava şəraiti - yağışlı günlərin sayının çox olması ilə bağlıdır... İndiyə qədər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilirdi. Bu qərar 2018-ci il də 5 il müddətinə qəbul olunmuşdu və bu il müddəti bitib. Subsidiyanın kəsilməsi bizə pis təsir göstərir. Bundan başqa, bal satışı üçün xüsusi mağazaların olmasına ehtiyac var. Həm Avropa ölkələrində, həm də ərəb ölkələrində bal mağazaları fəaliyyət göstərir. Hələ ki, fermerlər məhsullarını Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə keçirilən Arıçılıq Məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında satır. Hər arıçı yarmarkaya 400 kq-a qədər bal və 30-a qədər arı şanı çıxara bilib. Satışa çıxarılan balın cəmi 5 %-i yararsız olub. Arılar arasında kütləvi xəstəlik də olmayıb. Arı ailələrinin sayı 650 minə çatıb. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara 125 minə yaxın arı ailəsi aparılıb. Arıçılar təsərrüfatlarını 7 rayonun yaylağına köçürüb. Kəlbəcərdən 1603, Laçından 808, Qubadlıdan 55, Füzulidən 19, Xocavənddən 10, Cəbrayıldan 18, Zəngilandan isə 8 arıçı fermer təsərrüfatını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara aparıb. Həmin ərazilərdə rekord həddə məhsuldarlıq əldə edilib.
“Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilmişdir ki, bu da arıçılığın inkişafını stimullaşdırmış, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaratmış, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirmişdir. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artmışdır. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artmış, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlmişdir. Ancaq 2023-cü ildə bu sahədə çiddi geriləmə qeydə alınmışdır.
Bunlarla yanaşı, digər sahələrdə nəzərəçarpan qiymət artımları şəraitində balın qiyməti yüksəlmətib, eyni səviyyədə qalıb. 1 kq-mının qiyməti keyfiyyətindən asılı olaraq 25-50 manat arasında dəyişir. Daha yüksək qiymətə - 60-70 manata da təklif olunan arıçılıq məhsulları var. Arıçılıq gəlirli sahədir, Azərbaycan balı baha olsa da, keyfiyyətli olduğu üçün hər zaman alıcısı var.
Bir qədər də əvvəlki illərə nəzər salsaq, əgər 2000-2005-ci illərdə ildə 600 ton bal istehsal edlmişdisə, 2015-ci ildə 2,6 min ton, 2017-ci ildə 3 min, 2018-ci ildə 5 min, 2019-cu ildə 5,8 min tona yüksəlib. Azərbaycanda yaxın gələcəkdə bal istehsalının ildə 10 min tona çatdırılması nəzərdə tutulur. Hətta ölkənin potensial imkanları daha yüksək qiymətləndirilir. Belə ki, keçmiş sovetlər dönəmində ölkəmizdə ildə 15 min ton bal istehsal edilirdi. Rəsmi statistikaya əsasən, 2020-ci ildə 32340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunmuşdur. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olmuşdur.
Arıçılar bir araya gələrək Azərbaycan Arıçılar Assosiasiyası da yaradıblar. Azərbaycanda keyfiyyətindən asılı olaraq bir kiloqram balın orta qiyməti 30 manatdır. Ancaq xaricdən gətirilən bal daha ucuzdur ki, bu da yerli bal istehsalına mənfi təsir göstərir, xarici balı qiymət baxımından daha rəqabətqabiliyyətli edir. Ona görə də, arıçılar hökumətdən bal idxalına gömrük vergilərinin artırılmasını, daxili istehsalçıların maraqlarının qorunmasını istəyirlər. Arıçıların daha bir ciddi problemi isə məhsuldarlığın aşağı olmasıdır. Arıçılığın inkişafı üçün ekstensiv yolla arı ailələrinin sayını artırmaq, intensiv yolla arı ailələrinin məhsuldarlığını artırmaq və arıçılığın yem bazasını gücləndirmək tələb olunur. Ona görə də, respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər artırılmalıdır. Azərbaycanda bir arı ailəsinin orta illik məhsuldarlığı hava şəraitinin əlverişli olduğu illərdə 10-12 kq, əlverişsiz olduğu illərdə isə 3-5 kq-dır. Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığın yüksəlməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etketləmə məsələləridə həyata keçrilməlidir. Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq, respublikamızda bu sahədə böyük potensial imkanların və prespektivlərin olduğunu aydın görürük. Hər il ardıcıl olaraq arıçılıq məhsullarının sərgi-satış yarmakaları keçrilir ki, bu da arıçıların maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.
Qarabağda arı ailələrinin sayını artırmaqla, məhsuldarlığı yüksəltməklə və arıçılığa qeyd olunan dövlət dəstəyi ilə bu bölgədə bal istehsalını bir neçə dəfə artırmaq, hətta kiçik ailə təsərrüfatları yaratmaq və gəlir əldə etmək mümkündür. Qarabağ balı yüksək keyfiyyətinə görə daha rəqabətqabiliyyətli olacaq. Ölkədə bal istehsalı artacaq ki, bu da həm yerli bazarda bala təlbatı ödəmək baxımından əhəmiyyətlidir, həm də xarici bazarlara yeni ixrac imkanları deməkdir. Laçın və Kəlbəcər balı Avropa və Ərəb ölkələrinin, Yaponiya və Çinin “niş” və ya “premium” bazarlar üçün “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi çıxarıla bilər.
Qarabağda arı ailələrinin sayını artırmaqla, məhsuldarlığı yüksəltməklə və arıçılığa qeyd olunan dövlət dəstəyi ilə bu bölgədə bal istehsalını bir neçə dəfə artırmaq, hətta kiçik ailə təsərrüfatları yaratmaq və gəlir əldə etmək mümkündür. Qarabağda arıçılığın gələcək inkişafı ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Qarabağ arıçılığın inkişafı baxımından əlverşli təbii-iqlim şəraitinə və bal verən zəngin bitgi örtüyünə malikdir. Öz növbəsində, arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli sahədir, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həmçinin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən müsbət ekoloji amildir. Arıçılıq elə bir kənd təsərrüfatı sahəsidir ki, onun inkişafı ətraf mühitin heç bir resursunu azaltmır, əksinə, biomüxtəlifliyin qorunmasına, kənd təsərrüfatı bitkilərinin daha yaxşı tozlandırılmasına və bununla da keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsinə ciddi töhvə verir.

Mahir Həmzəoğlu