Məsuliyyət ABŞ və Aİ-nin üzərinə düşəcək İqtisadiyyat

Məsuliyyət ABŞ və Aİ-nin üzərinə düşəcək

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı, mahiyyət etibarilə Aİ və ABŞ-ın Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşması prosesinə tərəf kimi yanaşdıqlarını ifadə edir və bu da, şübhəsiz ki, sözügedən dövlət və təsisatın Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı tərəfsiz və ədalətli mövqe sərgiləyəcəklərini tamamilə şübhə altına alır.
Qeyd edim ki, Birləşmiş Ştatların və Avropa İttifaqının Azərbaycan-Ermənsitan münasibətlərinin normallaşması ilə bağlı bu günədək sərgilədikləri davranışlar da Vaşinqton və Brüsselin əsl niyyətlərinin sülh prosesinə töhfə verməkdən ibarət olduğunu söyləməyə əsas vermir. Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlardan sonra prosesə Aİ-nin üzvü olan dövlətlərin, xüsusilə də Fransanın müdaxiləsi üçün imkan yaradılması, belə düşünməyə əsas verir ki, əsas məqsəd normallaşma prosesini konkret geosiyasi qütbün meydanına daşımaq və müxtəlif bəhanələrlə regiona müdaxilə üçün mexanizmlərin yaradılmasına nail olmaqdan ibarətdir. Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialı ilə bağlı Praqada keçirilən dördtərəfli görüşdə əldə olunan razılaşmanın müəyyən bir zaman kəsiyindən sonra davamlı olaraq pozulması, missiyanın tərkibinə hərbçilərin, xüsusi xidmət orqanları əməkdaşlarının, hərbi analitiklərin, təlimçilərin, mühəndis-istehkam qurğuyları üzrə mütəxəssislərin, eləcə də Aİ-yə heç bir aidiyyatı olmayan Kanadanın daxil edilməsi də sübuta yetirir ki, məqsəd Ermənistanda “mülki missiya” adı altında hərbi mövcudluğun təmin edilməsindən ibarət olub.
Missiya fəaliyyətə başladığı ilk gündən Azərbaycan əleyhinə əsassız iddiaların “bəhanə generatoru” funksiyasının yerinə yetirilməsi ilə məşğul olmağa başlayıb və bütün fəaliyyətini sözügedən istiqamətdə qurub. Təsadüfi deyil ki, hər dəfə de-fakto NATO-nun Ermənsitandakı missiyası rolunu icra edən AİEM-in “müşahidəçiləri”nin sayının artırılması rəsmi İrəvanın sülh prosesindən yayınmaq üçün yeni iddialarla çıxış etməsinə, pozuculuq fəaliyyətini genişləndirməsinə zəmin yaradıb. Bununla paralel olaraq, məqsədyönlü şəkildə “Azərbaycan müharibəyə hazırlaşır”, “Ermənistanın müdafiəyə ehtiyacı var” kimi tezislərin beynəlxalq gündəliyə daşınmasına, bu əsassız iddiaların, bəhanələrin fonunda Ermənistanın silahlandırılmasına, regionda hərbi balansın pozulmasına, revanşçı meyllərin gücləndirilməsinə, sülh danışıqlarının tamamilə dalana dirənməsinə cəhd göstərilir. Məlum olduğu kimi, 30 ilə yaxın zaman kəsiyində Azərbaycan torpaqlarını işğal altında saxlayan, BMT TŞ-nin qətnamələrini icra etməyənb, azərbaycanlıları etnik təmizləməyə məruz qoyan, ağır müharibə cinayətləri törədən Ermənistanın adı, heç bir fundamental əsas olmadan Avropa Sülh Fondu” adlandırılan, əslində isə “müharibə fondu” funksiyasını yerinə yetirən təsisatın siyahısına salınıb və belə anlaşılır ki, Aİ-nin və ABŞ-ın məqsədi Ermənistanı yenidən azərbaycanlılara qarşı soyqırım cinayətlərini, vandalizm aktlarını davam etdirməyə sövq etməkdən ibarətdir. Bir tərəfdən sülh prosesini dəstəklədiklərini ifadə edən, digər tərəfdən isə regionda yeni müharibənin alovlanması üçün Ermənistanı birbaşa və ya Hindistan kimi ölkələrin vasitəsilə silahlandıran ölkə və dövlətlərin davranışarından belə anlaşılır ki, onların sülhlə bağlı öz yanaşmaları var və onların “sülhü”, əslində işğala, dəhşətli müharibə cinayətlərinə, vandalizm aktlarına, Azərbaycana vurduğu yüz milyardlarla dollarlıq ziyana görə cavab verməli olan Ermənistanın mükafatlandırılması, bu ölkənin başqa bir geosiyasi qütbün forpostuna çevrilərək potensial təhlükə mənbəyi missiyasını davam etdirməsi anlamına gəlir.
Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan müştərək konfransa müzakirə olunacaq mövzuların sırasında hərbi komponentlərin yer alması barədə məlumatlar da bir daha Azərbaycanın bu günədək Aİ və ABŞ-ın regiona yönəlik ssenarilərinə münasibətdə sərgilədiyi prinsipial mövqeyində tamamilə haqlı olduğunu təsdiqləyir. Mövcud stimullaşdırıcı addımların davamı olaraq, Ermənistanın revanşçı meyllərinin güclənəcəyi və real təhlükəyə çevriləcəyi təqdirdə, baş verənlərin məsuliyyəti istisnasız olaraq, həm də Aİ və ABŞ-ın üzərinə düşəcək. Hazırda Azərbaycanla Ermənsitan arasında münasibətlərin normallaşmasının, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsinin yeganə yolu beynəlxalq hüququn nprma və prinsiplərinə istinad edərək, tərəfsiz və qərəzsiz mövqe sərgiləməkdən, sülh səylərinə maneə yaradan addımlardan çəkinməkdən ibarətdir.

Elçin Mirzəbəyli