“Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq” İqtisadiyyat

“Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”

“Adətən digər ölkələrdə Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib. O, bildirib ki, Azərbaycan Mərkəzi Bankının son dövrlər uçot faiz dərəcəsinin azaltmasına rəğmən əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır: “Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bütün hallarda isə, Mərkəzi Bankın son qərarı kredit faizlərində ciddi dəyişikliyə səbəb olmayacaq”.