Azərbaycan Türkiyəyə ən çox boru qazı ixrac edən 3 ölkə siyahısına daxil olub İqtisadiyyat

Azərbaycan Türkiyəyə ən çox boru qazı ixrac edən 3 ölkə siyahısına daxil olub

2024-cü ilin yanvar ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2023-cü ilin analoji dövründəki 881,85 milyon kubmetrlə müqayisədə 0,47 faiz azaldaraq 877,74 milyon kubmetrə endirib.

Trend bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə boru qazı ixracının həcminə görə ikinci yer tutub.

2024-cü ilin yanvar ayında Türkiyəyə ən böyük təbii qaz ixracçısı təqribən 2,682 milyard kubmetr göstərici ilə Rusiya olub. Bu göstərici 2023-cü ilin analoji dövründəki tədarüklərlə müqayisədə 29,73 faiz çoxdur.

Üçüncü yeri 871,27 milyon kubmetr göstərici ilə İran tutub. Bu göstərici 2023-cü ilin yanvar ayı ilə (287,95 milyon kubmetr) müqayisədə 3 dəfə çoxdur.
Türkiyə qeyd olunan dövrdə bütünlükdə qaz idxalını 2023-cü ilin yanvar ayındakı 6,048 milyard kubmetrlə müqayisədə 7,80 faiz artıraraq təqribən 6,520 milyard kubmetrə çatdırıb. Bu həcmin təqribən 4,431 milyard kubmetrini boru kəmərləri ilə tədarüklər, 2,089 milyard kubmetrini isə maye təbii qaz (MTQ) tədarükü təşkil edib.

2023-cü ilin yanvar ayı ilə müqayisədə Türkiyənin boru qazı idxalı 37,73 faiz, MTQ idxalı isə 26,22 faiz azalıb.