BAXCP ƏHD-də çevrildi - niyə indi? Siyasət

BAXCP ƏHD-də çevrildi - niyə indi?

Niyaməddin Orduxanlı: “Bu qərarın verilməsində əsas təsiredici amillərdən biri də 4 partiyanın adında ”Xalq cəbhəsi" ifadəsinin olmasıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adı dəyişib. Bu barədə partiyanın ötən şənbə keçirilən növbədənkənar VII qurultayında qərar qəbul edilib.

Partiya bundan sonra Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlanacaq. Növbəti mərhələdə qurum bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq qaydada müraciət edəcək.

Universitetlər özəlləşdirilməlidir - Niyaməddin Orduxanlı - GlobalInfo.az

BAXC-nin sədr müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyanın adının dəyişməsi partiya rəhbərliyində olan şəxslərin, xüsusilə sədr Qüdrət Həsənquliyevin təqdimatı əsasında olub. Sədr müavini qeyd etdi ki, Ali Məclisdə bu təklif yüksək qarşılandı: “Yalnız 2 nəfər əleyhinə oldu, lakin böyük əksəriyyət müsbət qarşıladı. İndiki mərhələdə biz düşünürük ki, Xalq Cəbhəsi hərəkat kimi fəaliyyətə başlamışdı. Həmin dövrdə Xalq Cəbhəsinin iki böyük hədəfi var idi: 1. Azərbaycanın müstəqilliyini əldə etməsi; 2. Qarabağın suverenliyini bərpa etməsi. Ondan sonra Azərbaycan müstəqilliyini əldə etdi. Nəhayət, Qarabağ da suverenliyini bərpa etdi. Yəni cəbhə anlayışı düşmənlə üz-üzə assosiasiyası doğurur. Bu baxımdan düşündük ki, Xalq Cəbhəsi bu hədəflərə çatıb. Bu partiya xeyli müddətdir fəaliyyət göstərir. Uzun illərdir siyasi fəaliyyətlə məşğul olan, güclü təşkilata sahib olan müxalifət partiyasıyıq. Bundan sonra ədalətli, hüquqi və demokratik prinsiplərin əldə olunması üçün fəaliyyət aparmalıyıq. Bu qərarın verilməsində əsas təsiredici amillərdən biri də 4 partiyanın adında "Xalq cəbhəsi" ifadəsinin olmasıdır - Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası və Azərbaycan Xalq Cəhbəsi Partiyası. Bu dörd təşkilatın adı bəzi hallarda çaşqınlıq yaradırdı. Odur ki, sədr müavini kimi mən də bu qərarın verilməsinin dəstəkçisi olmuşam. Martın 16-da böyük qurultay keçirdik. Demokratik, açıq səsvermə keçirərək qərar qəbul etdik. BAXCP-nin adının dəyişməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib. Biz qanunvericiliyə uyğun olaraq bütün proseduru həyata keçirmişik. Adın dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qərarını gözləyəcəyik".

N.Orduxanlı qeyd etdi ki, partiyanın adının dəyişdirilməsinin parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur: “Qüdrət Həsənquliyevin uzun müddət idi ki, bu ideyası var idi. BAXCP-nin Nizamnaməsində heç bir dəyişiklik edilməyib, prinsiplərimiz, ideyalarımız da olduğu kimi qalıb. Yalnız ad dəyişib. Mövqeyimizdə də sağ mərkəzçi kimi qalmışıq”.