Azərbaycanın qlobal nüfuzu və dəyişən geosiyasi reallıqlar Layihə

Azərbaycanın qlobal nüfuzu və dəyişən geosiyasi reallıqlar

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra necə regional liderə çevrildi? “Əsrin müqaviləsi”ndən yaşıl enerji layihələrinə, Bakı-Tbilisi-Ceyhandan Cənub Qaz Dəhlizinə qədər keçilən böyük yol xarici siyasətdə hansı strateji gedişlərlə mümkün oldu?
Dünyada artan nüfuz, BMT, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatındakı uğurlar, dəyişən geosiyasi şəraitdə çevik diplomatiya və Cənubi Qafqazda formalaşan yeni güc balansı müstəqil xarici siyasətin əsas sütunlarını təşkil edir.

Azərbaycanın çoxşaxəli diplomatiyası

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı söyləyib ki, Azərbaycanın müstəqillik tarixində dünya birliyinə inteqrasiya, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmaq və müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində düşünülmüş və ardıcıl xarici siyasətin xüsusi rolu var.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini xarici siyasətinin mühüm prinsiplərindən biri kimi qəbul edir:
“Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin qlobal və regional proseslərdə fəal iştirakı ilə özünü göstərir. Azərbaycan artıq yalnız regional məsələlərin deyil, enerji təhlükəsizliyi, nəqliyyat, iqlim dəyişiklikləri, humanitar əməkdaşlıq və sivilizasiyalararası dialoq kimi qlobal məsələlərin müzakirəsində də fəal tərəf kimi çıxış edir”.
T.Rüstəmxanlının fikrincə, Azərbaycanın dünya birliyinə inteqrasiyası davamlı və uzunmüddətli prosesdir: “Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri mövcud beynəlxalq tərəfdaşlıqları daha da dərinləşdirmək, yeni əməkdaşlıq platformaları yaratmaq və ölkənin iqtisadi, siyasi və humanitar potensialından beynəlxalq səviyyədə daha səmərəli istifadə etməkdir.Azərbaycanın dünya birliyinə inteqrasiyası artıq çoxşaxəli və genişmiqyaslı xarakter daşıyır. Region ölkələri ilə strateji tərəfdaşlıq, Avropa və Asiya dövlətləri ilə iqtisadi və enerji əməkdaşlığı, Türk dünyası ilə sıx əlaqələr, beynəlxalq təşkilatlarda fəal iştirak və humanitar diplomatiya Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən əsas amillərdəndir”.

Müstəqillik yolu…

Millət vəkili Könül Nurullayeva bildirib ki, Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sisteminə müstəqil siyasi subyekt kimi daxil olmasının əsasını qoydu: “Ötən 35 il ərzində Azərbaycanın xarici siyasəti mühüm tarixi mərhələlərdən keçərək regional əməkdaşlığın genişlənməsinə, qlobal siyasi və iqtisadi proseslərdə daha fəal iştiraka doğru inkişaf edib. Müstəqilliyin ilk illərində Azərbaycanın beynəlxalq aləmdə tanınması, diplomatik əlaqələrin qurulması və nüfuzlu beynəlxalq təşkilatlara üzv olması ölkənin xarici siyasətinin əsas istiqamətlərini təşkil edib: “1992-ci ildə BMT-yə üzvlük Azərbaycanın dünya birliyinə inteqrasiyasında mühüm tarixi hadisə olub. 1993-cü ildən etibarən isə siyasi sabitliyin təmin edilməsi, milli maraqların qorunması və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi prioritetə çevrilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasına, xarici investisiyaların cəlbinə və enerji diplomatiyasının inkişafına geniş imkanlar açıb.Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu kimi strateji layihələr Azərbaycanın Avrasiyanın enerji və nəqliyyat xəritəsində mövqeyini gücləndirib. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirərək regional və qlobal proseslərdə daha fəal iştirak etməyə başlayıb”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanın xarici siyasətinin əsasını milli maraqların müdafiəsi, suverenliyin möhkəmləndirilməsi və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq təşkil edir: “Cənab Prezidentin də söylədiyi kimi, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmək imkanları. Azərbaycanın BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda fəaliyyəti ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi əhəmiyyəti göstərir. Beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi və yeni əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi Azərbaycanın regional və qlobal məsələlərin müzakirəsində iştirak imkanlarını genişləndirir.
Qarşıdakı dövrdə əsas strateji vəzifələrdən biri mövcud diplomatik imkanları konkret siyasi, iqtisadi və təhlükəsizlik nəticələrinə çevirməkdir. Cənubi Qafqazda davamlı sülhün möhkəmləndirilməsi, regional kommunikasiyaların açılması, Orta Dəhlizin inkişafı, qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, dəyişən geosiyasi şəraitdə çevik diplomatiyanın yürüdülməsi, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlərin qorunması və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın təşviqi Azərbaycanın beynəlxalq mövqeyinin gələcək inkişafı baxımından vacibdir: “Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizə göstərilən inamla bağlıdır.Bizim xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Nə üçün Azərbaycan seçilir? Çünki birincisi, bizə inam var. Çünki bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır”.
K.Nurullayeva əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsi iqtisadi müstəqillik, siyasi iradə və milli maraqlara əsaslanan xarici siyasətlə bağlıdır: “Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.

Beynəlxalq aləmdə orta güc dövləti

Millət vəkili Ceyhun Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət quruculuğu mərhələsindən keçərək beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirib. Bu gün ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasət, region dövlətləri ilə əməkdaşlıq və beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın strateji hədəflərinin əsas istiqamətlərini təşkil edir”.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda mövqeyini getdikcə gücləndirir və beynəlxalq miqyasda orta güc dövləti kimi qəbul olunur:
“Yenə də qeyd edirəm ki, artıq Cənubi Qafqazda Azərbaycan bu gün özünün uğurlarını davamlı olaraq artırmaqdadır. Mən düşünürəm ki, bu gün Azərbaycan öz siyasətini uğurla davam etdirir. Yəni bu gün Azərbaycan prosesi özünün nöqteyi-nəzərindən verir və bu istiqamətdə də uğurlu addımlar atır.Necə ki bildirirəm, artıq Cənubi Qafqazda Azərbaycan öz rolunun və mövqeyinin əhəmiyyətini daha da möhkəmləndirməkdədir. Artıq Azərbaycan orta gücdür, yəni dünyada ciddi şəkildə qəbul olunmaqdadır və bu, Azərbaycan üçün həm də tarixi nailiyyətdir”.
Deputat qeyd edib ki, Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri müstəqil siyasətini davam etdirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və milli maraqlarını qlobal proseslərdə qorumaqdır: “Azərbaycan müstəqil siyasət həyata keçirməyə davam etməlidir. Beynəlxalq səviyyədə də, təbii ki, region dövlətləri ilə əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Region dövlətləri ilə, dünya dövlətləri ilə əməkdaşlıq istiqamətində davamlı addımlar ataraq prosesə töhfə verilməsi vacibdir.
Bu, çox vacib, qlobal əhəmiyyətli bir layihə kimi nəzərdən keçirilməlidir və bu istiqamətdə addımlar, səylər davam etdirilməlidir. Azərbaycan daha da möhkəmlənməli və daha da güclənməlidir”.

Günel Elxan