Ailə institutu və gender bərabərliyi: müasir çağırışlar, strateji hədəflər Layihə

Ailə institutu və gender bərabərliyi: müasir çağırışlar, strateji hədəflər

Müasir dövrdə sürətli qloballaşma və informasiya texnologiyalarının həyatımızın bütün sahələrinə nüfuz etməsi fonunda milli-mənəvi dəyərlərin, eləcə də əsrlər boyu formalaşmış ailə institutunun qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini məhz sağlam ailə modelinin təşviqi, qadın və uşaq hüquqlarının etibarlı müdafiəsi, gender bərabərliyinin təmin olunması və davamlı demoqrafik inkişafın dəstəklənməsi təşkil edir. Ölkəmizdə bu sahədə qəbul edilən yeni qanunvericilik aktları, dövlət proqramları, eyni zamanda ailədaxili münasibətlərə təsir edən sosial şəbəkə amilləri və gənc ailələrin sosial rifahı ilə bağlı aktual məsələləri dəyərləndirən millət vəkilləri “Xalq Cəbhəsi” qəzetinə geniş açıqlamalar veriblər

Sağlam cəmiyyət və ailə dəyərləri

Mövzu ilə bağlı millət vəkili Mehriban Vəliyeva “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında bildirib ki, gender bərabərliyinin təmin olunması, ailə institutunun qorunması və demoqrafik inkişaf Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindəndir: “Bu məsələlərə yalnız sosial siyasətin tərkib hissəsi kimi deyil, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətin sağlam inkişafı və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunması baxımından yanaşmaq lazımdır. Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət qadınların ictimai-siyasi həyatda, dövlət idarəçiliyində, təhsildə və iqtisadi proseslərdə iştirakının genişlənməsinə, ailələrin və uşaqların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradıb.
Deputat qeyd edib ki, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və ailə dəyərlərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir: “Bu baxımdan, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət, humanitar və sosial sahələrdə həyata keçirdiyi çoxsaylı layihələr qadınların, uşaqların və ailələrin rifahına mühüm töhfə verir”.
M.Vəliyeva Milli Məclisin bu sahədə həyata keçirdiyi qanunvericilik fəaliyyətinin də əhəmiyyətini vurğulayıb: “Gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması və ailə münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində qəbul edilən qanunlar mühüm hüquqi təminatlar yaradır”.
Millət vəkili xüsusilə yaxın qohumlar arasında nikahların qadağan edilməsinə dair qanunvericilik dəyişikliklərinin gələcək nəsillərin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, bu addım irsi xəstəliklər və genetik risklərlə bağlı təhlükələrin azaldılmasına, sağlam uşaqların dünyaya gəlməsi üçün daha əlverişli zəmin yaradılmasına xidmət edir. Deputat ailə institutunun qarşılaşdığı müasir çağırışlara da diqqət çəkib. Qeyd edib ki, sosial şəbəkələr ailə münasibətlərinə təsir göstərən ciddi amillərdən birinə çevrilib. Virtual məkanda nümayiş etdirilən süni həyat tərzi, reallıqdan uzaq münasibət modelləri və başqalarının həyatı ilə davamlı müqayisələr ailələrdə əsassız gözləntilər və narazılıqlar yarada bilir. Eyni zamanda, şəxsi həyatın həddindən artıq nümayiş etdirilməsi, virtual münasibətlər və etimadın pozulması ailədaxili münaqişələri daha da dərinləşdirə bilər.
M.Vəliyeva hesab edir ki, ailə münasibətlərinin təməlində qarşılıqlı hörmət, sədaqət, etimad və məsuliyyət dayanmalıdır. Milli-mənəvi dəyərlərin, böyüyə hörmətin, valideyn məsuliyyətinin, qarşılıqlı anlayışın və ailə birliyinin qorunması ailələrin möhkəmliyində mühüm rol oynayır. Bununla yanaşı, ailə dəyərlərinin müdafiəsi qadın və uşaqların hüquqlarının qorunması, zorakılığa və ayrı-seçkiliyə qarşı prinsipial mövqe ilə uzlaşmalıdır.
Millət vəkili demoqrafik vəziyyətin yaxşılaşdırılmasının da kompleks yanaşma tələb etdiyini vurğulayıb. Bildirib ki, gənc ailələrin mənzil və məşğulluq imkanlarının genişləndirilməsi, uşaqlı ailələrə sosial dəstəyin artırılması, məktəbəqədər təhsil xidmətlərinin əlçatanlığının təmin edilməsi və işləyən valideynlər üçün əlverişli şəraitin yaradılması vacibdir. Çünki ailə qurmaq və övlad sahibi olmaq insanların gələcəyə inamı, sosial təminatı və təhlükəsizlik hissi ilə birbaşa bağlıdır.
M.Vəliyeva ictimai maarifləndirmənin gücləndirilməsinin də zəruri olduğunu bildirib: “Təhsil müəssisələrində ailə məsuliyyəti, valideynlik mədəniyyəti, gender bərabərliyi və rəqəmsal təhlükəsizlik məsələləri sistemli şəkildə təbliğ edilməlidir. Media və sosial platformalar isə sağlam münasibətlərin, qarşılıqlı hörmətin və milli-mənəvi dəyərlərin təşviqinə xidmət etməlidir. Gender bərabərliyi, güclü ailə və sağlam demoqrafik inkişaf bir-birini tamamlayan strateji istiqamətlərdir. Əsas vəzifə müasir çağırışlara uyğun inkişaf etməklə yanaşı, milli-mənəvi dəyərləri qorumaq, sağlam ailə modelini təşviq etmək və gələcək nəsillərə güclü cəmiyyət miras qoymaqdır”.

“Azərbaycanda gender bərabərliyinin təmin olunması…"

Millət vəkili Könül Nurullayeva vurğulayıb ki, bu istiqamətlər bir-biri ilə sıx bağlıdır və dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir: “Gender bərabərliyinin təmin edilməsi, ailə institutunun möhkəmləndirilməsi və əlverişli demoqrafik mühitin formalaşdırılması cəmiyyətin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda gender bərabərliyinin təmin olunması, qadınların ictimai-siyasi, iqtisadi və sosial həyatda iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Konstitusiyada qadın və kişilərin bərabər hüquqları təsbit olunub, 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edilib. Dövlət Komitəsinin fəaliyyəti, dövlət proqramları və maarifləndirmə layihələri də bu siyasətin həyata keçirilməsində mühüm rol oynayır”.
Deputat qeyd edib ki, 2026–2028-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi bu sahədə dövlət siyasətinin yeni mərhələyə keçdiyini göstərir: “Sənəddə qadınların ictimai fəallığının artırılması, əmək bazarında gender fərqlərinin aradan qaldırılması, təhsil və media sahələrində gender yanaşmasının gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması və sosial cəhətdən həssas qadın qruplarının müdafiəsi kimi mühüm vəzifələr müəyyənləşdirilib”.
K.Nurullayeva ailə institutunun qorunmasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Ailə milli kimliyin və mənəvi dəyərlərin formalaşdığı fundamental ictimai institutdur. Azərbaycan cəmiyyətində ailə ənənələrinin qorunması hər zaman prioritet məsələlərdən biri olub”.
Millət vəkili erkən nikahların və məişət zorakılığının qarşısının alınması, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, valideyn məsuliyyəti və nikahdan əvvəl psixoloji hazırlıq məsələləri üzrə maarifləndirmənin sistemli şəkildə aparılmasının vacibliyini diqqətə çatdırıb.
Onun fikrincə, bu prosesdə məktəblər, ali təhsil müəssisələri, media, QHT-lər və yerli icmalar daha fəal iştirak etməlidir.
Deputat əlavə edib ki, ailədə qadının iqtisadi müstəqilliyinin təmin olunması, kişinin valideynlik və ailə məsuliyyətini bölüşməsi, uşaqların bərabər imkanlarla böyüməsi cəmiyyətin sosial dayanıqlığını gücləndirən əsas amillərdəndir.
“Güclü ailə həm də güclü dövlətin, sağlam cəmiyyətin və təhlükəsiz gələcəyin təminatıdır”, – deyə K.Nurullayeva vurğulayıb.

Günel Elxan