Gələcək nəslin formalaşması: tədris proqramları nə vəd edir? Layihə

Gələcək nəslin formalaşması: tədris proqramları nə vəd edir?

Təhsil müəssisələrində tədris proqramlarının keyfiyyəti, cəmiyyətin intellektual inkişafı və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi hər zaman diqqət mərkəzində olan əsas məsələlərdəndir. Xüsusilə müasir dövrdə təhsil ocaqlarında tətbiq olunan proqramların məzmunu, tədbirlərin təşkili forması və gənclərin cəmiyyətə adaptasiyası istiqamətində görülən işlər geniş müzakirə olunur.
Bəs orta məktəblərdə və ümumilikdə təhsil sistemində proqramların keyfiyyəti necə tənzimlənməlidir, dərsliklərin ideoloji yükü və məktəb tədbirlərinin təsiri necə artırılmalıdır? Təhsil ekspertləri "Xalq Cəbhəsi"nə açıqlamalarında bu vacib məsələlərlə bağlı fikirlərini bölüşüblər.

“Təhsil və tərbiyə vəhdətdə aparılmalıdır”

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hər bir tədris proqramının hazırlanması cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə, milli-mənəvi dəyərlərin inkişafına və qorunmasına xidmət göstərməlidir.
Onun sözlərinə görə, tədris proqramı sadəcə dinləyicilərə təhsil verməyi düşünmür, həm də onlara təhsillə yanaşı tərbiyəni aşılayır.
Ekspert hesab edir ki, orta ümumtəhsil məktəblərində, eləcə də hər bir təhsil müəssisəsində formalaşdırılan tədris proqramları təhsillə yanaşı tərbiyəni də nəzərə almalı və diqqətdə saxlamalıdır: "Çünki xitab etdiyi auditoriya məhz gələcək nəslin formalaşmasında öz formalaşmasını təmin eləyən bir qrupdur. Bu qrup gələcəkdə artıq ölkənin dayaq strukturudur. Bu günün şagirdi gələcəyin mühəndisi, hüquqşünasdır, alimidir, mütəxəssisidir".
R.Nurəliyev qeyd edib ki, sağlam cəmiyyətin formalaşdırılması üçün proqrama salınan hər bir detala xüsusi diqqət yetirilməlidir. Bu gün mövcud tədris proqramlarında bəzi xırda xətaları çıxmaq şərtilə proqramların tam təlim və tərbiyəyə istiqamətləndiyini vurğulayan ekspert əlavə edib: "Burada hər bir şagirdin cəmiyyətdə vətəndaş kimi yetişməsinə, milli-mənəvi dəyərlərin aşılanmasına, həmçinin Vətən sevgisi, bayraq, torpaq sevgisi kimi nüansların dərsliklərdə olması qürurvericidir".
O, müzəffər ölkə olaraq işğaldan azad olunan torpaqlarımızdakı qəhrəmanlıq salnamələrinin tarix, Azərbaycan dili və digər fənlərin tədris proqramlarına əlavə olunmasının gənclərdə vətənpərvərlik hissinin aşılanmasında mühüm rol oynadığını bildirib: “Ümumiyyətlə, hər hansı bir proqramın keyfiyyətli hazırlanması onun hansı auditoriyaya xitab edəcəyindən asılıdır və əgər auditoriya şagirdlərdən ibarətdirs, təhsillə yanaşı tərbiyə də vəhdətdə aparılmalıdır”.

“Xarici proqramların tətbiqinə ehtiyac var”

Təhsil eksperti Elmin Nuri bildirib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və maariflənməsi baxımından ən yaxşı vasitələrdən biri elmi-kütləvi və tədris proqramlarının hazırlanmasıdır.
O qeyd edib ki, düzgün şəkildə yanaşdıqda elmi-kütləvi proqramlar ilə tədris proqramları bir-birindən ayrı xətlərdir: "Bəli, onlar bir-birinə çox yaxın istiqamətlidirlər, amma müəyyən qədər fərqlər də var. Məzmun, mahiyyət eynidir, amma onun metodikasında, yanaşmasında müəyyən bir spesifiklik və özünəməxsusluq var".
Ekspertin sözlərinə görə, elmi-kütləvi proqramlar ümumən sosioloji inkişaf xətti üçün nəzərdə tutulur və yaşından asılı olmayaraq insanların maariflənməsinə, onlar üçün anlayışlı materialların və proqramların hazırlanmasına xidmət edir. Bu proses daha çox media vasitəsilə həyata keçirilir. Zaman-zaman 20-ci əsrin əvvəllərində maarifçilik ənənəsinin – dövri mətbuatın, "Əkinçi"dən başlamış yolun, jurnalların, sonradan radio və televiziyanın bu işdə çox böyük yardımçı olduğunu vurğulayan E.Nuri, bu gün elmi-kütləvi proqramların azlığının həqiqətən hiss olunduğunu bildirib.
E.Nuri qeyd edib ki, əgər auditoriya şagirdlərdən ibarətdirsə, burada təhsillə yanaşı tərbiyə də çox mühüm rol oynayır: "Tədris proqramları birbaşa məktəbə, peşəkar pedaqoji mühitə həyata keçirilməsi məzmundur".
Onun sözlərinə görə, bu günləri tədris proqramları ilə işləyən əsasən özəl məktəblərdir və onlar xarici universitetlərin bazasındakı (məsələn, Cambridge və ya Oxford-un proqramları) orta məktəblər üçün olan tədris proqramlarını alaraq öz məktəblərində tətbiq edirlər. Bu yanaşma çox bahalı olsa da, çox uğurludur.
Ekspert hesab edir ki, əsas milli proqramlarımız vacib olmaqla yanaşı, bu cür xarici tədris proqramlarının da orta məktəblərdə pilot olaraq tətbiqinə ciddi ehtiyac var.

“Məktəblərdə örnək şəxslərin iştirakı vacibdir”

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəblərdə standart şablon qaydalar mövcuddur və təhsil müəssisələrinin – məktəbəqədər təhsil müəssisələrinin, kolleclərin və ali təhsil müəssisələrinin hər birində əlamətdar günlər təqvimləri var. Bu təqvimlərdə müəyyən tədbirlərin həyata keçirilməsi üçün xüsusi qrafik üzrə tədbirlər təşkil olunur. Lakin o hesab edir ki, bu tədbirlərin hamısı heç də müəyyən mənada təsirli olmur və şagirdin, tələbənin həyatında hər hansı bir dəyişiklik edərək rol ala bilmir.
Ekspert qeyd edib ki, bu hal dərsliklərdə də müəyyən mənada öz əksini tapır: “Milli-vətənpərvərlik ruhunun aşılanması, Zəfər günü və digər əlamətdar təqvimlərlə bağlı dərsliklərdə müəyyən fikirlərə rast gəlinir. Ancaq vaxtaşırı tədbir xatirinə tədbirlərin keçirilməsinə tez-tez rast gəlinir. Tədbirin təşkil olunması sadəcə adı altında keçirilməməli, onun ideoloji çəkisi və yükü olmalıdır ki, tədbirdən sonra şagird və ya tələbə nəsə qazanmış olsun”.
O, məktəblərdə örnək olan şəxslərin, cəmiyyətdə nüfuzu və tanınmışlığı olan adamların iştirakı ilə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib: "Yaxşı olar ki, örnək olan şəxslərdən ümumtəhsil məktəblərində istifadə olunsun. Hərbiçilər, neftçilər, kənd təsərrüfatı sahəsində öndə gedən şəxslər o cür danışıqlar aparsın ki, gənclər gələcəkdə özünün getdiyi yola təşəbbüs edə bilsinlər".
Ekspert bəzi hallarda polislərin narkomaniya ilə bağlı və digər zərərli vərdişlərlə bağlı məktəblərdə keçirdikləri görüşlərin məktəb rəhbərliyi və kollektivi tərəfindən dərsləri pozan hal kimi qiymətləndirildiyini, bu cür tədbirlərin əslində dərsdənkənar müddətlərdə keçirilməli olduğunu bildirib. Auditoriya təsirini nəzərə alaraq, bu cür tədbirlərin öncədən ssenariləşməli, planlaşdırılmalı və tanınmış məşhur adamlar tərəfindən təşkil olunmalı olduğunu qeyd edib.

Günel Elxan