İncəsənət xadimlərindən nazir adayına xəbərdarlıq: "Bura nə SSRİ, nə də Əfqanıstandır" Güney Azərbaycan

İncəsənət xadimlərindən nazir adayına xəbərdarlıq: "Bura nə SSRİ, nə də Əfqanıstandır"

İranda Mədəniyyət naziri postuna namizəd Məhəmməd Mehdi incəsənət xadimlərinin və sosial media fəallarının ciddi tənqidləri ilə üzləşib.

Tənqidçilər onun çıxışları və təklif etdiyi fəaliyyət proqramını “"Taliban”a yaxın" hesab ediblər.
Qeyd edək ki, Mehdi Məhəmməd İsmaili 83 səhifədən ibarət yazısında kino, teatr, kitab, mətbuat və mədəniyyətin durumunu dəyərləndirib, bu sahələrlə bağlı təklif və məsləhətlərini parlament nümayəndələrinə təqdim edib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Mehdi Məhəmməd İsmaili Şəhid Mütəhhəri adına ali məktəbdə dini təhsil alıb. O, Humanitar və Mədəni Araşdırmalar İnstitutunda elmi iş müdafiə edərək siyasi elmlər namizədi dərəcəsini alıb.

M.M. İsmaili hazırladığı 83 səhifəlik hesabatda İranda kino sahəsinə daha çox yer ayırıb. O, bu sektorda rast gəlinən çatışmazlıqlara, korrupsiyaya, qeyri-inqilabi, qeyri-əxlaqi hərəkətlərə qarşı qəti mövqe nümayiş etdirilmədiyini deyib.

M.M. İsmaili "düşmənlərin məqsədlərinə uyğun fəaliyyət göstərən” və təhlükəsizlik məsələlərinə görə məhkum edilən kino xadimlərinə, islam inqilabına zidd olan film prodüsserlərinə maddi yardım verilməsi pisləyib.

Nazir adayı “Kino Evi”ni qanuni əsası olmayan qurum adlandırıb və qurumu islam inqilabına qarşı mədəniyyət cəbhəsi kimi dəyərləndirib.

Mehdi Məhəmməd İsmaili teatr sektorundakı vəziyyəti "pozğun, vulqar" adlandırıb, teatrı "sekulyarizmin təbliği ilə məşğul olan qurum" olaraq xarakterizə edib.

O, musiqi sahəsi ilə bağlı da oxşar fikirləri qeyd edib və bütün sahələrdə inqilabçı şəxslərin, sənətçilərin irəli çəkilməməsindən narahatlığını ifadə edib.

IRAN

Media fəalı Ruhullah Ənsari özünün “Twitter” hesabında etdiyi paylaşımda Mehdi Məhəmməd İsmailinin hesabatına iradını bildirib.
“İbrahim Raisi hökumətinin Mədəniyyət Naziriliyinə təklif olunan namizədin hesabatı 2014 -cü ildə bir dissertasiya işinin surətidir”-deyə, R.Ənsari yazıb.

Tanınmış rejissor Humayun Əsədiyan isə sosial media hesabında İsmailiyə cavab olaraq yazıb:
“Ağayi İsmaili bir az gecikmisiniz. Sizin təkliflərinizi oxudum. Sizin fikirdaşlarınız bu illər ərzində bizi çox güldürdükləri üçün artıq nə sizin duzsuz zarafatlarınıza gülməyə, nə də öz günümüzə ağlamağa həvəsimiz qalmayıb. Dostlarınızın Kabilə girməsindən xəbəriniz var...”

Məsələ ilə bağlı İran Teatr Rejissorları Dərnəyi bəyanat yayıb. Bəyanatda nazir postuna təklif olunan şəxsin hesabatı və sənətə yanaşması tənqid olunub.

“Bura nə Stalinin Sovetlər Birliyidir, nə də Əfqanistandır”-deyə, İsmailiyə xəbərdarlıq edilib.

Xatırladaq ki, Mehdi Məhəmməd İsmailinin namizdəliyi yaxın bir neçə gün ərzində İran parlamentində müzakirə olunacaq.

Gunaz.tv