Ölkəmiz Vindzor Kral Atçılıq Şousunda yüksək səviyyədə təmsil olunur İdman

Ölkəmiz Vindzor Kral Atçılıq Şousunda yüksək səviyyədə təmsil olunur

Mayın 1-də hər il Böyük Britaniyada təşkil edilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu"na (Royal Windsor Horse Show) start verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əzəmətli Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Azərbaycanı 100 nəfərdən çox nümayəndə heyəti təmsil edir.

Azərbaycan nümayəndə heyətinin iştirakı Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil edilib.

Nümayəndə heyətimizin tərkibinə DSX-nin rəqs ansamblı, sü­va­rilər dəstəsi, "Land of Fire" polo komandası daxildir.

Azərbaycan təmsilçiləri ta­ma­şaçılara yaxşı tanış olan, özünə heyranlar ordusu toplamış, çılğınlığı və gö­zəl­liyi ilə seçilən Qarabağ atlarında "Koroğlu" adlı şou-kompozi­siyanı təqdim edəcəklər. Kompozisiyanın əsasını ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqsləri təşkil edir.

Şou-kompozisiyada Koroğlu rolunda Azərbaycanın xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunda Əməkdar artist Afaq Abba­sova və DSX hərbi orkestrinin solisti Fatimə Cəfərzadə çıxış edəcəklər.

Azərbaycan musiqisinin sədaları altında "Sərhədçi" rəqs ansamblının ifasında hərarətli rəqs­lərlə, DSX-nin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümayişi və qeyri-adi perfomanslarla müşayiət olunan şou-kompozisiyanın kul­minasiya nöqtəsi - süvarilərimizin Azərbaycanın və Böyük Britaniyanın dalğalanan dövlət bayraqları ilə nümayişi təqdim olunacaq.

Tədbir çərçivəsində təşkil ediləcək Azərbaycan günündə Heydər Əliyev fon­dunun dəstəyi ilə Azərbaycan xalqının tarixi, mədəniyyəti və xalçaçılıq sənətini özündə tərənnüm edən "Azerbaijan Cultural" tenti qurulacaq. Azərbaycan naharı təşkil ediləcək və 100-dən çox qonaq Azərbaycan milli mətbəxinin ləziz təamlarını dada biləcəklər.

Hər gün Kral ailə üzvləri tərəfindən izləniləcək "Vindzor Kral Atçılıq Şousu"nda Azərbaycan nümayəndə heyətinin çıxışları may ayının 5-dək davam edəcək və arenada tədbiri ümumilikdə 30000-dən çox tamaşaçı izləyəcək.

"Vindzor Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycan nümayəndə heyətinin kral ailəsinin üzvləri ilə görüşləri planlaşdılıb.

Qeyd edək ki, mayın 4-də saat 19:15-də Azərbaycanın "Land of Fire" komandası ilə Böyük Britanyanın "Guards Polo Club" komandası arasında yoldaşlıq görüşü keçiriləcək.