Qloballaşma şəraitində dil problemi Hadisə

Qloballaşma şəraitində dil problemi

Bu gün dillərdən ikisinin - alman və Azərbaycan dillərinin taleyi çox düşündürücüdür

Dilçilik elmi qədim tarixə malik olsa da (2500 il), onun yeni-yeni sahələri bu gün də yaranmaqdadır. Psixodilçilik, sosiodilçilik, koqnitiv dilçilik, neyrodilçilik, linqvosemiotik istiqamətlər son illərin dilçiliyində yaranmış yeni sahələrdir. Tipoloji dilçilik və universalilər dilçiliyini buraya əlavə etsək, bugünkü dilçiliyin nə qədər geniş diapazona malik olduğunun şahidi olarıq. Bu gün uşaq dilçiliyi, pedaqoji dilçilik və s. bu üfüqləri genişləndirməkdədir. Dilçilik o qədər dözümlü və müasir elmdir ki, onun həm dəqiq, həm də humanitar elmlərlə birgə addımlamağına heç nə mane ola bilmir. Zaman-zaman dilçiliyi özünə peşə seçmiş alimlər onun şanlı səhifələrini yaradıb, konkret töhfələrilə bu elmin tarixində özlərinə abidə ucaldıblar. Bu gün dilçilik sahəsində mövcud elmi-nəzəri ədəbiyyatı oxuyub mənimsəmək üçün bir insan ömrü azlıq edir. Bir tərəfdən böyük və zəngin tarixi ənənələri olan Şərq, Qərb dilçiliyində meydana gəlmiş, digər tərəfdən, konkret olaraq yunan, roman, ərəb, alman, rus, ingilis və yapon dillərində yazılmış fundamental dilçilik əsərlərini oxuyub həzm etmək hər kəsin işi deyil. Bütün bu dillərdəki linqvistik irsi həmin dillərdə oxuyub mənimsəmək insanın fiziki imkanlarından xaricdir. Dilçilik elminin mənimsənilməsinin və yaxşı dilçi olmağın bünövrəsi filoloji fakültələrin birinci kursunda tədris olunan "Dilçiliyə giriş" və ya "Dilçiliyin əsaslar" fənlərindən başlayır. Burada alınan biliklər sonralar dilçiliyi özünə ixtisas seçəcək insanlar üçün bir dayaq rolunu oynayır. Azərbaycan dili dünyanın 6500 dili arasında bu dildə danışanların sayına görə (50 milyon) 20-ci yerdə gəlsə də, bu dildə linqvistik informasiya azdır.
Hazırda planetimizdə müşahidə olunan qloballaşma şəraitində xalqların sözlü (verbal) və sözsüz (nonverbal) ünsiyyətdə bulunması vacib amil kimi bəşəriyyət qarşısında duran mühüm məsələlərdəndir. Rəsmi danışıqlardan tutmuş fərdlərarası ünsiyyətə qədər insanların fəaliyyəti canlı, əsasən şıfahi, amma məsafəcə daha çox yazılı formada reallaşan ünsiyyətdə dil aparıcı silah rolunda çıxış edir. Hədəfə dəymək üçün daha yığcam və daha çevik danışmaq kommunikantlardan (kommunikantlar ünsiyyətdə iştirak edən danışan və dinləyənlərdir-F.V.) zəngin dünyagörüşü, dərin bilik və yaradıcılıq tələb edir. Bu gün ən müasir sayılan texnoloji yenilik belə dil qədər önəmli ola bilmir, çünki bütün texnoloji yeniliklərin xalqların məişətinə tam daxil olması üçün xüsusi metadilə ehtiyacı var (Metadil dilin özü haqqında bu və ya digər dildə təsvir vermək üçün itifadə oluna termin və ifadələrin məcmusudur. Məsələn, Azərbacan dilində biz deyəndə ki, ağac isimdir, öz dilimizdə onun qrammatik quruluşu ilə bağlı cümlə düzəltmiş oluruq. Eyni fikri ingilis dilində desək, The tree is a noun, onda metadil kimi ingilis dili çıxış edir. Azərbaycan dili isə obyekt dili adlanır).
İndi hamıya gün kimi aydındır ki, canlı ünsiyyətdə linqvosemiotik vasitələrlə yanaşı (təbii dildəki metaforik (Ürəyimə dağ çəkirsən) və metonomik (Dünya səndən danışır) özəlliklər, paralinqvistik ifadələrlə (göz-qaş hərəkətləri) bərabər ton (həəə) və intonasiya (Mən ölmüşəm bəyəm, o mənim mülkümə yiyələnsin?) rəngarəngliyi ) etnosemiotik vasitələr də (folklor, rəqs, poza və s.) qarşılıqlı anlaşmada mühüm yer tutur. Qeyd edək ki, son semiotik tədqiqatlar insanda 1000-ə qədər poza növü fərqləndirir.
Burada xüsusi qeyd olunmalıdır ki, qloballaşma şəraitində ingilis dilinin hökmranlığı bu dilin anası sayılan ABŞ-ın və Böyük Britaniyanın iqtisadi, siyasi və hərbi rıçaqlardan istifadə etməklə həmin dilin qəbul etdirilməsinə gətirib çıxarır ki, bununla da başqa xalqların dillərinə və mədəniyyətlərinə öldürücü zərbə dəymiş olur. Bununla bağlı alman alimi Y.Trabant yazır: "İngilislər və amerikanlar bir qayda olaraq lazım bilmirlər ki, xarici dillərdə əsər oxusunlar, heç onlar həmin əsərləri tərcümə etdirməyə böyük həvəs göstərmirlər". Bunu alman alimi "Mitridat cənnətdə - dil düşüncəsinin kiçik hekayələri" adlı əsərində yazıb. Oxucu üçün aydın olsun deyə qeyd edək ki, b. eranın əvvəllərində romalılar ancaq yunan dilini qəbul edirdilər. Qara dəniz sahillərində yaşayan pontosların kralı VI Mitridat qədim romalıların qəti düşməni idi. O öz adamlarına əmr edirdi ki, miladdan 63 il əvvəl Pompeyin və yeni imperiyanın əlinə düşməmək üçün onu öldürsünlər. Bunun öz pərdəarxası səbəbi vardı. İş burasındadır ki, Mitridat çox savadlı idi, ən azı 22 dil bilirdi. Odur ki, o, ətrafda baş verənləri və imperiya iddialarını yaxşı başa düşürdü, ona görə də başqa dilləri yaxına buraxmırdı.
Bu gün dünya dilləri haqqında dilçilərin əlində olduqca zəngin material var. Məsələn, dünyada 6500 dilin 250-ı Avstraliyada qeydə alınıb. Ötən əsrin 90-cı illərində ABŞ antropoloqu J.Blevins Avstraliyaya üçillik səfəri zamanı bu ölkədə danışılan dillərdən birinin- "Nhanda" dilnin sonuncu daşıyıcısı Lusi Rayderin öz əcdadlarından eşitdikləri bitki, heyvan, dağ, dərə və s. adlarından ibarət maraqlı əhvalatları qələmə alıb kasetlərə köçürərək Laypsiqdə Maks Plank institutuna verib. İndi onlar orada saxlanılır. Ancaq indi həmin nhanda dilində danışan bir nəfər də qalmayıb. Canlı dilin ölüb sıradan çıxması haqqında daha bir əhvalat: 82 samiti və 3 saiti olan Qafqazda kəraim dilində əvvəllər 50.000 adam danışırdı. Bu dildə axırıncı danışanın 1984-cü ildə 82 yaşı olub.
Bu tale dünyanın bütün dillərinə qismət ola bilər. İndi 6500 dilin 273-də 1 milyon adam danışır. Proqnozlara görə, XXI əsrin sonlarına bu dillərin 2000-i ölüb gedəcək.
Bu gün bu dillərdən ikisinin taleyi çox düşündürücüdür. Onlardan biri alman, o birisi isə bizim dilimizdir. Alman dilində indi 100 milyon, Azərbaycan dilində isə 50 milyon adam danışır. Dünya dahilərinin bir neçəsinin yazıb yaratdığı dillərin taleyi bu proqnozlara görə yaxşı gözlənilmir. Söhbət Lüter, Kant, Heqel, Qöte, Einşteyn, Kafka, Mann, Qras və ya Nəsimi, Füzuli, Vaqif, Sabir, Şəhriyar və daha kimlərin danışdıqları, yazıb-yaratdıqları dillərdən gedir.
İndi gənclər qrammatikaya və tələffüz qaydalarına fikir vermirlər. Danışanda elə bil saqqız çeynəyirlər. Onların dilində sms, top, hot, super, hendi, mobil, çat, download, portal, webside kimi yüzlərlə söz işlənir ki, heç onların fərqinə varmırlar. Bu sözlər qlobal dilin hücumudur, onları götürən dillərin isə fəryadıdır. Mən demirəm ki, lap təmiz dilimiz olsun. Bu heç mümkün olan şey deyil. Amma öz dilimizin qayğısına qalmalıyıq. Alman alimləri maraqlı tədqiqat aparıblar: görkəmli şairlər Qöte və Haynə hər cümlədə orta hesabla 30-36 söz işlədiblər.T.Mann "Yozef və onun qardaşları" romanında bir cümlədə 347 söz işlədib. Ancaq indi orta hesabla 5-13 söz işlənir. Radio və televiziya verilişlərində isə möcüzə baş verir. Bir də görürsən xəbərlərdə deyilir: /London dağılır//, /Liviya çökür//, !Bu lap əladır ki! və s. Biz az danışmağın gözəlliyi haqda çox eşitmişik. Məsələn, hər cümlənin başında "ABŞ prezidenti Barak Obama" deməyin nə mənası var?! Elə bircə /Obama/ desək, hər şey aydın olur. Kino başlıqlarındakı kimi və ya hər yerdə qısa cümlə işlətmək savadsızlığın və dil səriştəsizliyinin əlamətidir. Elə rəsmi dövlət vəzifəsində oturan adamın dialektdə danışması da auitoriyaya hörmətsizliyin əlamətdir. Bu gün özümüzdə istehsal olunan məhsullara və ya öz düşüncəmizə uyğun şeylərə xarici adların verilməsi heç cür başa düşülən deyil. "Bonaqua, Nightbar, supermarket, medical club, Talk-show? Job Center? Service Point" kimi bildiriş xarakterli sözlərə nə ehtiyac var?
Fransada belə bir qayda var. Öz sözünün əvəzinə yad söz işlədən adam rəsmi şəkildə cərimə olunur. Vaxtilə Kanadanın Kvebek əyalətində xüsusi dil polisi yaranmışdı və o polis fransızca danışmayanları cəzalandırırıdı. Düzdür, bu tədbir növbəti seçkilərə qədər davam elədi. Yeni seçilən partiya bu qanunu ləğv elədi.
Hazırda ingilis dilinin yayılmasında ingilislərdən daha çox başqa millətlərin nümayəndələri canfəşanlıq edirlər. İngiltərənin nüfuzlu Oksford universiteti danimarkalı alim Fillipsonun "Linqvistik imperializm" adlı kitabını çap edib. Bununla ölkənin böyük universitetlərindən biri həmin problemə bir növ öz mövqeyini bildirmiş oldu.
Avropa Şurasında FDP-dən almaniyalı deputat ingiliscə danışmağı pis hadisə saymır.
Brüsseldə 2012-ci ilin iyul ayında belə bir qərar verilib ki, Aİ-də sənədlər, çıxışlar və digər mətnlər ingiliscə çap olunmalıdır. Bunu kəskin tənqid atəşinə tutan Ş.Matias bildirdi ki, Avropa qurumlarında ən çox deputat Almaniyanın payına düşür-25 %, halbuki ingilislər fransızlarla bir yerdə deputatların ümumi sayının 16 %-ni təşkil edirlər. Alman parlamenti (Bundestag) Avropa İttifaqına rəsmi müraciət göndərdi ki, sənədlər almanca olsa, o zaman onları müzakirə edə bilərlər.
Mədəniyyətlərarası əlaqələrin bir forması da turizmdir. Turizmin həm mədəniyyətlərin tanınmasında və yayılmasında, həm də fərdlərarası əlaqələrin genişlənməsində mühüm rol oynadığını indi hamı etiraf edir. Turizm həm də yaxşı gəlir mənbəyidir. İndi bu sahədə də dil baxımından çox acınacaqlı bir vəziyyət yaranıb. Məsələn, Şəkiyə bir turist dəstəsi gəlirsə, əvvəlcədən sifariş verilir ki, ekskursiya ingiliscə olsun. Bu, o deməkdir ki, turistlərin hansı ölkədən gəlmələrinə baxmayaraq ekskursiya ingilis dilində olmalıdır. Bu, bir aksiomdur. Hazıda dünyanın ən böyük ixtisas jurnalları (90 %-i) ingilis dilində çap olunur. Hətta alman unuversitetləri magistr qəbulunu ingilis dilində aparır. Almaniyanın ən böyük qəzeti "Süddeutsche Zeitung" 7 böyük konqresin ingilis dilində keçirilməsilə bağlı elan vermişdi. Beləliklə, planetimizdə monomədəniyyət formalaşır ki, bu da bütün dünyanı məhvə doğru aparır.
Hazırda ağıllı başlar monodilliyin qarşısını almaq üçün tədbirlər görməlidirlər. Biz monomədəniyyətin və monodilli ölkənin nümunəsini qonşumuz Ermənistanda görmüşük. Bu monomədəniyyət cəmiyyəti necə məhdud və çıxılmaz edir, milli eqoizm dövlətin siyasi kursuna çevrilir, özünəvurğunluq və qüsursuzluq sindromu yaradır. Hələ böyük V.fon Humboldt yazırdı ki, müxtəlif dillər dünyagörüşlərin müxtəlifliyi deməkdir. Bir dil bilən heç vaxt düşüncə müxtəlifliyinin nə olduğunu dərk edə bilməz.

Fəxrəddin Veysəlli
professor