Əfran İsmayılov: "Çelsi"nin hazırkı heyəti səkkiz il əvvəlki ilə müqayisədə tamam başqadır" İdman

Əfran İsmayılov: "Çelsi"nin hazırkı heyəti səkkiz il əvvəlki ilə müqayisədə tamam başqadır"

İngiltərənin "Çelsi" klubunun hazırkı heyəti "Qarabağ"ın 8 il əvvəl üz-üzə gəldiyi komanda ilə müqayisədə tamam başqadır.

Bu barədə "Report"a "köhlən atlar"ın sabiq futbolçusu Əfran İsmayılov açıqlama verib.

37 yaşlı keçmiş yarımmüdafiəçi "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda London komandasına qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:

"2017-ci ildə bu turnirin qrup mərhələsinə vəsiqə qazanmışdıq, həmin vaxt "Çelsi"ni görmüşəm. Oynamasam da, matçın iştirak ərizəsində idim. İngiltərə Premyer Liqası İtaliya, İspaniya, Almaniya və Fransa çempionatı ilə müqayisə oluna bilməz. İngiltərə çempionatı çox keyfiyyətli, dinamik, sürətli, atletikdir. Bəzən qarşılaşmaların sonlarında, 80-ci dəqiqədən sonra qollar vurulur. Təmsilçimizin rəqibi olan "Çelsi" son klublararası dünya çempionatının da qalibidir. Bizim oynadığımız dönəmdə Eden Azar və Villianın çox yaxşı vaxtları idi. Həmin matçların taleyinin 50-60 faizini demək olar ki, onlar həll etdilər".

Ə.İsmayılov "Çelsi"də indi də texnikalı oyunçuların yer aldığını söyləyib:

"Hazırkı heyət əvvəlki ilə müqayisədə tamam başqadır. London təmsilçisi keyfiyyətli futbolçulara malikdir. Kifayət qədər də ehtiyat qüvvələri var. Amma biz doğma azarkeşlərin önündə oynayacağıq. "Qarabağ" Avropada yaxşı nəticələr də əldə edir. Komandaya ümidlər böyükdür. Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanılıb, burada "Benfika" və "Kopenhagen" kimi klublara qalib gəliblər. Hamı "Qarabağ"dan çox şey gözləyir. "Çelsi"yə qarşı matçda suallar çoxdur. Çoxları qalib gələcəyimizə də inanmır. Amma futbolda istənilən nəticə qeydə alına bilər".

O, "Qarabağ"ın təcrübəli komanda olduğunu vurğulayıb:

"Baş məşqçi Qurban Qurbanovun kifayət qədər təcrübəsi var. İnanıram ki, rəqibi yaxşı təhlil edib. Komanda kompakt şəkildə oynamalıdır. Bu qarşılaşmada qapıçının üzərinə də böyük yük düşəcək. Bizim də şanslarımız olacaq. Bunlardan maksimum yararlana bilsək, inanıram ki, sürpriz də edə bilərik. Heç-heçə bizim üçün qələbəyə bərabər olacaq. Azarkeşlərimiz də böyük dəstək göstərəcəklər. Həqiqətən "Qarabağ" elə yerə gəlib ki, bu, sanki möcüzədir. Komanda "İmişli", sonra isə "Çelsi" ilə oynayır. Rəqib isə "Tottenhem"lə matçdan sonra Bakıya gəlir. Fərq çöx böyükdür".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.