Eelektron tullantılar problemi Hadisə

Eelektron tullantılar problemi

Belə tullantılar ətraf mühitə və insan sağlamlığına ciddi ziyan vurur

Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BMTÇZ) bu il mətbuata informasiya vermişdi ki, elektron tullantılar düzgün utilizasiya məqsədi ilə ümumi zibildən ayrılaraq aidiyyatı yerlərə göndərilir. "Təmiz Şəhər" ASC-dən bildirilib ki, illik gücü 200 min ton olan zavod fəaliyyətini qabaqcıl alman texnologiyaları əsasında qurub və bu baxımdan bütün elektron tullantıları lazımi şəkildə ayırmaq iqtidarındadır: "Çeşidlənmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emal prosesinin qurulmasına zəmin yaradır, enerjiyə qənaət olunur və ən əsası, tullantıların ətraf mühitə mənfi təsirini azaldır".
Bütün dünyada olduğu kimi Azərbaycanda da elektron tullantılar problem yaradır. Ümumilikdə isə tullantılar ətraf mühit və insan sağlamlığı üçün yaratdığı ziyana görə 5 sinfə bölünür: I sinif fövqəladə təhlükəli, II sinif yüksək təhlükəli, III sinif orta təhlükəli, IV sinif az təhlükəli və V sinif təhlükəsiz. E-tullantılar təhlükəlilik dərəcəsinə görə II sinfə aid edilir. Ekspertlər Rəşid Ələkbərov və Bikəs Ağayev bildirir ki, ənənəvi qaydada poliqonlara (zibilxanalara) atılmış tullantılar, günəş şüaları, yağış, külək və s. kimi ətraf mühit amillərinin təsiri ilə aşınır və ayrılan metan, karbon dioksid, azot və kükürd oksidləri, ftorlu hidrogen, ammiak, hidrogen-sulfid və digər zəhərli qazlar havaya ayrılır. Digər tərəfdən, özbaşına alışmalar və törədilən yanğınlar nəticəsində əlavə olaraq yaranan dioksinlər, fenol və xlorfenol birləşmələri və s. kimi zəhərli maddələr ətrafa yayılaraq ekoloji vəziyyəti, həyat fəaliyyəti üçün əlverişli təbii mühiti pisləşdirir, əhalinin səhhətinə təsir edir. Nəticədə bir sıra ağır xəstəliklərin (bədxassəli şişlərin, qan xəstəliklərinin, toksikozların və s.) yaranması ehtimalı artır. Qeyd olunan ziyanlı maddələr uşaqlar və hamilə qadınlar üçün xüsusilə təhlükəlidir: ağır metalların birləşmələri və dioksinlər aktiv inkişaf edən orqanizmin hüceyrələrində daha aktiv toplanmaq xüsusiyyətinə malikdir. Eyni zamanda tullantı poliqonlarında yaranan və ziyanlı kimyəvi və biokimyəvi komponentlərdən ibarət maddələr torpağı, su axarlarını, qrunt sularını zəhərləyir.
Hər iki erkspert; Rəşid Ələkbərov və Bikəs Ağayevin hazırladığı hesabatda göstərirlir ki, elektron tullantılar sənaye və energetika üçün böyük həcmdə ucuz resurs mənbəyidir və daim bərpa olunur, yenilənir: "Hesablamalar göstərir ki, e-tullantılların tərkibində orta hesabla 48 faiz polad, 22 faiz plastika, 14 faiz əlvan və qiymətli metallar, 10 faiz kağız, karton və ağac, 6 faiz digər materiallar var. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu tullantıları "e-tullantılar – utilizasiya- təkrar emal" sxemi və sənaye üsulu ilə emal etməklə komponentlərinin 85-90 faizini təkrar istifadə etmək mümkündür. Təxmini hesablamalara görə keçən il dünya üzrə bu sinif tullantıların ümumi kütləsi 50 milyon tondan çox olmuşdur ki, bu da sənaye sahələri üçün 40-45 milyon ton əlavə material-xammal resursu ekvivalentinə bərabərdir. Daha önəmlisi odur ki, bu qədər tullantının poliqonlarda təbii aşınması nəticəsində insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qarşısı alınır, xeyli ərazi təsərrüfat dövriyyəsinə daxil edilir. Məsələn, sahildən və gəmilərlə daşınıb Sakit Okeana atılan tullantılardan su axınlarının toplayaraq yaratdığı sahə təxminən ABŞ sahəsinin 25 faizinə bərabərdir ki, bu da həmin ərazidə dəniz ovu və nəqliyyat üçün böyük əngəllər yaradıb. Bu kütlənin xeyli hissəsini e-tullantılar təşkil edir. Halbuki, məsələn, təcrübələr nəticəsində sübut edilmişdir ki, içməli su hövzələrinə atılmış iki ədəd adi batareya 1000 litr suyu istifadə üçün yararsız hala salır".
Birləşmiş Millətlər Təşkilatının (BMT) qiymətləndirməsinə əsasən, 2017-ci ilədək dünyada elektron tullantıların həcmi 33 faiz yüksələcək. Qurumun hesabatında qeyd edilir ki, həmin ilə qədər elektron məhsulların tullantısı hər il 65,4 milyon ton artacaq. Tullantılar üzrə ən böyük artım isə inkişaf etməkdə olan ölkələrdə qeydə alınacaq.
Hazırda dünya üzrə ən çox tullantı elektron məhsullar bazarına liderlik edən Çində yaranır. Hələ 1980-ci illərin sonundan bu ölkəyə digər ölkələrdən böyük həcmdə elektron tullantı idxal edilərək, tullantılar demontaj olunur. Guiyuda 30 000-dən çox insan elektron tullantıların emal prosesinə cəlb edilib. Yerli hökumətin rəsmi saytlarının təqdimatlarına görə, şəhər illik gəliri təxminən 75 milyon dollar təşkil edən 1,5 milyon ton elektron məhsul emal edir. Eyni zamanda bu ölkə zibilin yaratdığı faydadan da istifadə etməyi qarşıya məqsəd qoyub. Ümumiyyətlə, Çinin 2,000 kv.km-dən çox ərazini əhatə edən tullantıların basdırılması poliqonlarında 7 milyard tondan artıq üst-üstə yığılıb qalmış tullantı qalağı var. Tullantıların yandırılması bu çətin problemi həll etməyin ən səmərəli üsuluna çevrilib və son bir neçə il ərzində bu sənaye ölkədə çox sürətlə inkişaf etməyə başlayıb. Sözügedən üsul torpaqlara qənaət etməklə yanaşı, tullantıları 75 faizdən artıq azaldır və nisbətən az çirklənməyə səbəb olur. Bundan əlavə, yandırmadan əmələ gələn kalori dəyəri istilik təchizatı və enerji istehsalı üçün istifadə oluna bilər. Hazırda Çində tullantıların təxminən cəmi 15-20 faizi yandırma yolu ilə zərərsizləşdirilir. Sənaye analitiklərinin sözlərinə görə, bu göstəricinin 2015-ci ilə qədər 30 faizə, 2020-ci ilə qədər isə 40 faizə qədər artması gözlənilir. Tullantıların idarəolunması Çinə hər il 30 milyard yuana başa gəlir. Əgər tullantı səmərəli şəkildə idarə olunsa, illik birbaşa iqtisadi gəlir 250 milyard yuan təşkil edə bilər. Hesab edilir ki, böyük investisiyanın tələb olunmasına baxmayaraq, tullantıdan istehsal olunan elektrik çoxlu miqdarda gəlir gətirməyə davam edəcək. Çində tullantıdan alınan enerjinin qiymətinə gəlincə, Çinin baş iqtisadi planlaşdırıcısı və qiymət tənzimləyicisi olan Milli İnkişaf və Reformasiya Komissiyası tullantıdan alınan enerjinin qiyməti ilə əlaqədar qeydi hələ 2 il əvvəl ictimaiyyətin diqqətinə təqdim edib. Belə ki, 2012-ci il aprel ayının 1-dən etibarən qiymət vergi də daxil olmaqla, təxminən hər kVt/saat üçün 0.65 yuan olaraq müəyyənləşdirilib.
Dünya təcrübəsinə nəzər salsaq görərik ki, elektron tullantıların idarə edilməsi ilə bağlı İsveçrə təcrübəsi daha diqqətçəkəndir. Belə ki, 1998-ci ildə ölkədə istismar müddətini başa vurmuş elektrik və elektron qurğuların adi zibil yeşiyinə atılmasını qadağan edən qanun qəbul edilib. Həmin tarixdən mağazalarda satılan bütün cihazlara tullantıların utilizasiyası məqsədilə sosial vergi tətbiq edilir. Beləliklə, qoyulan vergi cihazın dəyərində özünü əks etdirir. Eyni zamanda mağazalar da utilizasiya obyektinə çevriliblər. Belə ki, istehlakçılar köhnə kompüter, TV, soyuducu, tozsoran və digər cihazları mağazaya geri qaytara və ya köhnə cihazların ayrıca toplama məntəqəsinə təhvil verə bilərlər. Anbarlara yığılan bu cihazların hissələri təkrar emal prosesindən keçirilərək, istifadəyə yararlı hala gətirilir.
İsveçrə tətbiq etdiyi qadağanın xeyrini də görməkdədir. Verginin tətbiqi nəticəsində təkcə 2003-ci ildə istismar müddətini başa vurmuş 35.000 ton məişət cihazları, 30 000 ton elektrik məhsulları emal edilib ki, bu da yaradılan illik elektron tullantıların 80-93 faizini təşkil edir. Tullantıların idarəçiliyində daha bir maraqlı məqam ABŞ-la bağlıdır. Məlumatlara görə, Amerikanın Lamar qraflığında zibildaşıyan maşınlar GPS sistemi vasitəsilə izlənilir. Belə ki, Missisipi ştatında yerləşən qraflıqda munisepal avtonəqliyyatın GPS naviqasiya sistemi vasitəsilə izlənilməsi tətbiq olunub, peyk kontrolu altına birinci düşən nəqliyyat da zibildaşıyan maşınlar olub. Peyk nəzarət sistemi və nəqliyyat üçün cihazlar 41 min ABŞ dollarına başa gəlib. Lakin bu rəqəm yerli hakimiyyət orqanlarını heç də qorxutmur. Onlar düşünürlər ki, GPS texnologiyalarından istifadənin iqtisadi effekti bu sistemin əldə olunması üçün xərclənən bütün vəsaiti üstələyəcək.
Azərbaycan təcrübəsinə gəlincə, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi planı hazırlanıb, ölkədə bərk məişət tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılıb. Həmçinin regionda ilk çeşidləmə zavodu olan Balaxanı Bərk Məişət Tullantıları Zavodu fəaliyyət göstərir. "Təmiz Şəhər" ASC-nin məlumatına görə, Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili planlaşdırılır.
Yeri gəlmişkən, "Təmiz Şəhər"ASC tullantıların idarəçiliyində digər layihə üzərində də işləyir. Belə ki, "www.tulantim.az" internet səhifəsi də hazırlanmaqdadır. Portalın əsas məqsədi evlərimizdə olan və artıq istifadə etmədiyimiz, lakin kiminsə ehtiyacını ödəyə biləcək əşyaların tullantı kimi atılmasının qarşısını almaq, bu əşyaları digər istifadəçilərə təklif etməkdir. "Bir şəxs üçün lazımsız olan əşya, digəri üçün gərəkli ola bilər" şüarı altında hazırlanan portal həm tullantıların miqdarını azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini inkişaf etdirməyə xidmət edəcək. Bu baxımdan yerli ekspertlər də bildirirlər ki, müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığını azaltmaqla ölkədə "yaşıl iqtisadiyyat"ın inkişafına təkan verəməklə yanaşı, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.

Ülviyyə Tahirqızı