

“Əfqanıstanın Pakistana qarşı hərbi təcavüz cəhdləri qəbulolunmazdır. Özünü dünyadan təcrid etmiş bu ölkə hələlik normal qonşuluq münasibətlərinə qadir deyil. Üstəlik, ABŞ-nin bu ölkəyə verdiyi milyardlarla dollar dəyərindəki silah-sursat ola bilsin ki, Taliban hökumətini bir qədər cəsarətləndirir. Ancaq ümumi götürdükdə son hadisələr də onu göstərir ki, Əfqanıstanın hərbi potensialı Pakistanla hərbi qarşıdurmaya yetərli deyil”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.
Politoloq vurğulayıb ki, hava hücumundan müdafiə sistemləri və hərbi hava qüvvələri olmayan bir ölkə Pakistan kimi güclü dövlətə qarşı hərbi əməliyyatlar apara bilməz: “Necə ki, Pakistan aviasiyasının və artilleriyasının sarsıdıcı zərbələri Taliban hökumətinə situasiyanın artıq hansı istiqamətlərə yönələ biləyəcəyini anladır. Pakistan güclü bir nüvə dövlətdir və Əfqanıstan kimi hələ müasir tələblərə cavab verməyən bir ölkə Pakistanla hərbi qarşıdurmaya nail ola bilməz. Sadəcə olaraq məsələ ondan ibarətdir ki, vaxtilə ABŞ-nin və NATO-nun hərbi müdaxiləsindən qaçaraq Pakistan ərazisinə yerləşmiş Talibanın qanadlarından biri burada terrorçuluq fəaliyyəti ilə məşğuldur. Pakistan ordusu da həm Talibanın Pakistan ərazisindəki terrorçu silahlı qruplaşmasına, həm də Əfqanıstanın Pakistana qarşı hərbi müdaxilə cəhdlərinə tam qətiyyətlə, prinsipial şəkildə reaksiya verir. Yəqin ki, yaxın vaxtlarda Əfqanıstan necə böyük bir səhv buraxdığını anlayacaq və bu savaş Pakistanın şərtləri daxilində yekunlaşmış olacaq”.
Röya İsrafilova