Gürcüstanda hökumətyönlü telekanalların yayımı kəsilib, DTX araşdırma aparır Dünya

Gürcüstanda hökumətyönlü telekanalların yayımı kəsilib, DTX araşdırma aparır

Gürcüstanın “Teleİmedi” media holdinqinə daxil olan “İmedi”, “Maestro” və “GDS” televiziya kanallarının yayımı 45 dəqiqə ərzində dayanıb.

APA-nın yerli bürosu xəbər verir ki, “İmedi” teleşirkətinin müraciəti əsasında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabotaj maddəsi ilə araşdırmalara başlayıb.

DTX hazırda müvafiq istintaq tədbirlərini davam etdirir.

“İmedi”nin yaydığı məlumata əsasən, telekanalın yayımı naməlum səbəbdən qəfildən kəsilib. Teleşirkət nasazlığın yaranmasında cinayət əməlinin mümkünlüyünü istisna etmir.

Qeyd edək ki, “İmedi”, “Maestro” və “GDS” Gürcüstanın hökumətyönlü telekanalları kimi tanınır.