“Qiymət artımı zəncirvari reaksiyadır” İqtisadiyyat

“Qiymət artımı zəncirvari reaksiyadır”

Qiymət artımının səbəbləri müxtəlifdir. Ən başlıçası da odur ki, dolların qiymətinin artması nəticəsində xaricdən alınan malların qiymətində kəskin fərq yaranıb. Neftin qiymətinin günbəgün aşağı düşməsi də bahalaşmaya ciddi səbəbdir. Bunu heç kəs gizlədə bilməz və deyə bilməz ki, ölkədə inkişaf var, bu faktdır. Səbəb bu və ya digər sahədə iqtisadi siyasətin düzgün aparılmamasıdır.
İqtisad elmləri üzrə professor Əli Əlirzayev belə düşünür.
Onun qənaətinə görə, qiymətlərin aşağı salınmasının müxtəlif yolları ola bilər: İnzibati yolla qiymət artımının qarşısını almaq mümkün deyil: "Biz məhsulu idxal edirik, idxal edəndə də məhsulu dollara dəyişirik. Ona görə də dolların qiymətinin qalxması istər-istəməz məhsulun qiymətinin qalxmasına səbəb olacaq. Yerli məhsulların qiymətində də artım var. Bunun da səbəbi odur ki, yerli məhsulu istehsal edən şəxs bir tərəfdən istehsalçıdırsa, digər tərəfdən həm də alıcıdır. O, məhsulunu baha qiymətə satmalıdır ki, istehsalını genişləndirsin, texnika alsın, istehsalata yeni iş qüvvəsi cəlb etsin. Mübadilənin də öz qanunları var. Bu qanunlara əsaəsən bu gün satıcısansa, sabah alıcısan. Satıcı olanda qazanırsansa, alıcı olanda uduzmalısan. Ona görə də bütün cəmiyyətdə qiymət artımı zəncirvari reaksiyadır. Bunun əhaliyə olan ziyanını inzibati yolla azaltmaq olmaz. Ona görə ki, mağazalarda bəzi məhsullar gizlədiləcək, satışı dayandırılacaq. "Qiyməti aşağı salacağıq" deməklə nəsə etmək mümkün deyil".
Əli Əlirzayev hesab edir ki, qiymətin aşağı düşməsi üçün bazarda məhsul bolluğu yaradılmalıdır: "Bunun üçün əhalinin itkiləri kompensasiya olunmalıdır. Əhalinin gəlirləri, əməkhaqqı, təqaüd, pensiya artırılmalıdır. Qısa müddət ərzində əsaslı vəsait qoyuluşunda elə bir struktur siyasəti aparmaq lazımdır ki, bu yay kənd təsərrüfatı məhsullarının hamısı öz ölkəmizdə istehsal olunsun, kənardan gətirilməsin. İnvestisiyanı daha çox gəlir gətirən, məşğulluğu artıran sahələrə ayırmaq lazımdır. Xarici ölkələrdə qalan pullar Azərbaycana gətirilməlidir. Həmin pulları istehsalata yönəltmək, stimul yaratmaq lazımdır. Bəzi məhsulların qiymətinə yenidən nəzarət edilməlidir. O cümlədən benzinin, işığın qiyməti aşağı salınmalıdır. Ayrı-ayrı sahibkarlara stimul və şərait yaratmaq lazımdır ki, məhsulu ucuz istehsal edə bilsinlər. Bir sözlə, istehsala çəkilən xərcləri azaltmaq istiqamətində ciddi işlər görülməlidir. Bu da dövlətdən asılı olan, dövlətin əlində olan mexanizmlərdir.
İqtisadçı alim düşünür ki, gəlirləri artırmaq vəziyyətdən çıxış yolu deyil: "Əsas odur ki, xərcləri təkmilləşdirəsən. Bugünkü xərclər gələcək gəlirlərin mənbəyidir. Bu gün əgər optimal, gələcəyin inkişafına düzgün təsir edəcək xərclər olsa bu yolla itkilərimizi kompensasiya edə bilərik. Ölkədə təbəqələşmənin qarşısını almaq üçün ilk növbədə korrupsiya, rüşvətxorluq aradan qalxmalıdır. Böhrandan çıxmaq üçün bütün yolları incələmək lazımdır. Biz nefti istehsal edib başqa ölkələrə ucuz qiymətə satırıq. Ancaq neftin satışını dayandırıb emalı ilə məşğul ola bilərik və beləcə neft emalı məhsullarını əhaliyə ucuz qiymətə sata bilərik. Enerjinin, suyun və digər kommunal xidmətlərin qiymətini aşağı salmaq lazımdır. Rayonlara çəkilən xərclər, ayrılan vəsaitlər ancaq kənd təsərrüfatının istehsalatına yönəldilməlidir. Kənd təsərrüfatı bütün rayonlarda və bütün sahələrdə inkişaf etdirilməlidir. Planlı sürətdə konseptual baxımdan özümüzü buğda, pambıq məhsulları ilə təmin edə bilərik. Yəni ki, srturktur siyasətlə uzunmüddətli tədbirlər həyata keçirə bilərik".
Əli Əlirzayev neft amilinin ölkə iqtisadiyyatına mənfi təsirlərindən də söz açıb və qeyd edib ki, neft olmasaydı ölkəmiz daha yaxşı inkişaf edərdi: "Neft ölkəmizin iqtisadiyyatında eybəcər struktur yaratdı. Düzdür, neft emalı, neft satışı ölkəmizə çoxlu gəlirlər gətirdi, ancaq digər sahələrin inkişafı demək olar ki sıfıra endi. Bu məsələləri uzunmüddətli təqib etmək lazımdır, bir günlük problemlər deyil. Bölgü sistemində qütbləşməni azaltmaq, ədalət prinsipinə əsaslanmaq, hər bir insana ədalət prinsipi ilə yanaşmaq lazımdır. Ölkənin ərazisi gedibsə, heç olmazsa əhalisinin sosial müdafiəsinə diqqət etmək lazımdır ki, əhali ən azı mənəvi cəhətdən inkişaf etsin, dövlətin dayanıqlığının tərəfdarı olsun. Heç kim istəməz ki, Azərbaycan dövləti ağır vəziyyətə düşsün. Hamı istəyir ki, firavanlıq olsun. Hər şeyə biganə yanaşmaq, meydan oxumaq vaxtı keçib".