Qərb-Rusiya savaşı indi də Xəzərdə qızışır İqtisadiyyat

Qərb-Rusiya savaşı indi də Xəzərdə qızışır

Qabil Hüseynli: "Qafqazda böyük oyun çoxdan başlayıb"

"Azərbaycan və türkmən qazı yaxın gələcəkdə birləşsə, Avropanın qaza olan tələbatının 60-70%-i ödənəcək". Bu sözləri politoloq Qabil Hüseynli söyləyib.
O, Qafqazda Xəzər neftinin üzərində oyun getdiyini bildirib: "Qafqazda böyük oyun çoxdan başlayıb. İndi çox güman ki, özünün pik həddinə çatıb. Bütün oyunlar da Xəzərin neft-qaz sərvətlərinin Avropa bazarına daşınması ilə bağlıdır. İran öz payını artırmaq üçün Xəzərin statusu ilə bağlı heç kimin qəbul etməyəcəyi təkliflər irəli sürür. Tehran artıq burada öz donanmasını sürətlə yaratmağa başlayır. Halbuki vaxtilə İranın Xəzər dənizində donanma yaratmasına icazə verilmirdi. Rusiya hazırda ən müasir gəmilərlə təchiz edilmiş böyük bir hərbi dəniz donanması yaradıb. Bu donanma vasitəsilə qonşu dövlətlərə psixoloji və digər formada təzyiqlər göstərir. Məsələn, Türkmənistandan Azərbaycana gələcək Transxəzər qaz kəmərinin çəkilişi məsələsi gündəmə gələndə Roqozin bu ideyaya qarşı "biz buna hərbi yolla da olsa mane olacağıq deyə" təhdidlər səsləndirdi. Üstəlik də Avropa rus qazından imtina etmək qərarına gəlib. ABŞ da ona bu məsələdə şərikdir. Azərbaycan və türkmən qazı yaxın gələcəkdə birləşsə, Avropanın qaza olan tələbatının 60-70%-i ödənəcək".
Politoloq Qərbin "Nabukko"nu yenidən dirçəltməyə çalışdığını deyib: "Hazırda Transxəzər qaz kəməri layihəsinə İran və Rusiya mane olur. Bu layihədə gələcəkdə Qazaxıstan və Özbəkistan da iştirak edə bilər. Nəticədə Transxəzər proyekti böyük iqtisadi layihəyə çevrilmək imkanına sahib olur. İndidən Rusiya və İran onu bələkdəcə boğmağa çalışır. Amerika, Almaniya, Fransa və digər Avropa dövlətləri bunu reallaşdırmağa çalışırlar. Üstəlik, onlar "Nabukko"nu yenidən dirçəltməyə çalışırlar. Belə bir şəraitdə Azərbaycan və Gürcüstanın əhəmiyyəti xeyli dərəcədə artır. Doğrudur, Tiflis bir qədər tərəddüdlü mövqe tutur. Lakin Qərb Gürcüstanı dəstəkləməkdə davam edir. Yaxın vaxtlarda türkmən qazının taleyi həll edilməlidir. Amerika və Türkiyə bu məsələdə Aşqabadı ciddi sürətdə dəstəkləyirlər. Bu yaxınlarda Türkiyə-Türkmənistan-Azərbaycan Aşqabadda görüşüb bu məsələni qəti sürətdə həll etməlidirlər. Belə görünür ki, zəifləməkdə olan Rusiya Cənubi Qafqazda təşəbbüsü əlinə almağa çalışır. O bu işdə "Nabukko"ya mane olmaqla bölgədəki oyunda irəliyə keçmək istəyir. Nə qədər qəribə də olsa, İranda bu məsələdə ona dəstək verir. Amma həm İran, həm Rusiya Qərbin ciddi sanksiyalarının təsiri altındadır. Hər ikisi də dünyaya meydan oxuyacaq qüdrətdə deyillər. Avropa və Amerika vəhdətdə hərəkət etsələr, böyük layihələri reallaşdıraraq Rusiyanı bölgədən sıxışdıra bilərlər. Bu oyunda Qərbin qələbə çalacağına inanıram".