Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu Ədəbiyyat

Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu

Dövləti quran da, onu qoruyub saxlayan, yaşadan da türklər idilər

6-cı yazı
İsgəndər bəy Münşi Türkman I Şah Təhmasibin vəfatı əsnasında Ustaclı, Şeyxavənd və Türkman, Əfşar, Rumlulardan ibarət iki firqə arasındakı münasibətləri şərh edərkən "Türk ellərinin adlı-sanlı əmirləri, əyanları, ağsaqqalları uca taxt-tacın dayağı idilər" - deyə yazdıqları dövlətin milli mahiyyətinə onun tərəfindən verilən doğru, təkzibolunmaz qiymət olub, tarixi gerçəkliyi özündə əks etdirir. Həm də F.Sümərin yazdığı kimi Səfəvi Türk əmirləri arasında türkcə ad və ləqəb daşıyanlara çox sıx rast gəlinir. Onlar Osmanlı bəy və paşalarından və hətta digər Türk dövlətlərinin əmirlərindən daha çox türkcə ad və ləqəb daşıyıblar. Hökumətin mərkəzinin Təbrizdən Qəzvinə, sonra da İsfahana köçürülməsinin Türk milli kültürü baxımından mənfi bir təsiri olmayıb. Səfəvi türkləri özlərinin Türkman olduqlarını bilir və onun şürunu daşıyırdılar. Səfəvi dövlətini quran və yaşadan türklər Qızılbaş, yaxud da türk adlanırdı. Bu deyim təkcə dövlətin əsgəri baxımdan dayandığı türk ünsürü adını ifadə etmir, həm də onun qurduğu, yaşatdığı dövlətə "Dövlət-i Qızılbaş" və hakim olduğu yerə "Ölke-I Qızılbaş" deyilirdi. İ.P.Petruşevski XVI yüzilliyin əvvəllərindən I Şah Abbasın islahatlarına qədərki dövrdə dövlət aparatında və qoşunda rəhbər rolun azərbaycanlıların ixtiyarında olduğunu bildirməklə yanaşı, bir sıra başqa tarixçilər kimi, XVII yüzilliyin əvvəllərindən etibarən dövlətdə iranlılaşma prosesinin başlandığını və bunun XX əsrin I rübündə başa çatdığını bildirərək yazır: "Şah Abbasın dövründən Qızılbaş dövlətinin milli fars dövlətinə çevrilməsinin ilkin şərtləri yaranır ki, bu ancaq Zaqafqaziya, Türkmənistan, Əfqanıstan itirildikdən sonra XX əsrdə başa çatır". Əslində müəllifin bu fikri dövrün tarixi gerçəkliklərindən çox uzaqdır. Doğrudur, I Şah Abbas (1587-1629) imperiyada mərkəzdənqaçma hərəkatlarının qarşısını almaq üçün dövlət idarələrinə yeni əmirlər gətirdi, ancaq bunların bir çoxu kiçik yaşından müsəlman dinini qəbul etmiş, Səfəvi sarayında tərbiyə almış türkdilli gürcü, çərkəz uşaqları idilər. İstər onların və istərsə də bir çox fars əyanın idarəçiliyə cəlb olunması qızılbaşların hakimiyyətdə mövqelərinə əsaslı zərbə vura bilməzdi. I Şah Abbas əslində yeni daxili siyasət kursu ilə qeyri-türk əsilzadələrindən müəyyən sayda əmirin hakimiyyətə cəlb etməsi, onlarla bağlı mərkəzdənqaçma hərəkatlarının qarşısının alınması və dövlətin daha da möhkəmləndirilməsi məqsədini güdürdü. Doğrudur, Oruc bəy Bayat yazdığı kimi, I Şah Abbas andiçmə mərasiminin növbəti günü şahlığın idarə olunmasının təmin edilməsi üçün zəruri olan Dövlət Şurasının yaradılması bəhanəsi ilə xanlara və əmirlərə müraciət edərək onları məsləhətləşmək üçün saraya dəvət etmiş və iyirmi iki nəfər Qızılbaş əsilzadə sarayda ölüm cəzasına məhkum olunmuşdu. İskəndər bəy Münşinin əsərində I Şah Abbasın hakimiyyətinin ilk illərindəki daxili siyasəti ilə bağlı materialların təhlilindən aydın olur ki, 1587-ci ildə Qızılbaş-Türk əmirlərinin qətlində I Şah Təhmasib dövründə baş vəzir olmuş və Qızılbaşlar arasında fitnəkarlıqla məşğul olduğuna görə edam edilmiş Mirzə Salmanın oğlu Mirzə Abdulla əsas rol oynamışdı. O, Abbas Mirzəni hakimiyyətə gətirən Ustaclı əmiri Mürşüdqulu xanı aradan götürmək, Qızılbaşların hakimiyyətinə zərbə vurub onu zəiflətmək üçün bir neçə Qızılbaş əmirini ələ alıb yuxarıda qeyd olunan əmirlərin qətli ilə nəticələnən fitnəkarlığı törədə bilmişdi. O, hakimiyyətdəki gərginlikdən istifadə edib, baş vəzir vəzifəsini tutmağa da cəhd göstərib, ancaq buna müvəffəq ola bilməmişdi. I Şah Abbas həyata keçirdiyi bu cəza tədbirləri ilə hakimiyyətin möhkəmləndirilməsinə tam müvəffəq ola bilmədi. Ona görə ki, bu zaman Gilan, Luristan, Mazandaran, Astrabad, Kaşanda baş qaldırmış separatizm dövlətin möhkəmləndirilməsi, mərkəzləşmə siyasətinin həyata keçirilməsinin qarşısında ciddi çətinliklər yaradırdı. Məhəmməd Yusif Qəzvinin yazdığı kimi hələ 1580-ci ildə Kuhgiluyədə Elvar (Lurlar) arasında zühur edən qələndər özünü II Şah İsmayıl adlandırmışdı. Dediyinə görə Halvaçı oğlu Hüseyn bəyin evində yatarkən ev mühasirəyə alınmış və pəncərədən qaçıb canını qurtarmışdı. Guya qəsdçilər ona oxşar qulamı qətl edib əmirləri II İsmayılın ölümünə inandırmışdılar. O, bu yalan və böhtanla Luristandakı separatçıları öz ətrafına toplasa da, I Şah Abbas zamanı qiyam tam yatırılır. İkinci yalançı da İsmayıl adı ilə yenə Luristanda peyda olmuş, ətrafına lurları, kürdləri toplamışdı. Bu hüdudda mahal hakimi olan Solaq Hüseyn qiyamı tezliklə yatırmış, yalançını həbs edib Qəzvinə göndərmişdi. Talışda yenə İsmayıl adı ilə zühr edən yalançı insanlarda özünə inam yaratmaq üçün "babalarının" qəbrini ziyarət adı ilə Ərdəbilə getmiş və orada öldürülmüşdü. Dördüncü isə qurların içərisindən çıxmışdı. Fərah hakimi Əfşar Hüseyn xan qiyamçılarla savaşda öldürülür. Hüseyn xanın Təklə qorçularının yüzbaşısı olan qardaşı Əlixan bəy Fərah hakimi təyin edilmiş, o da qiyamçılara qarşı döyüşdə qətlə yetirilmişdi.
Şah Fəraha Yeqan sultan Təkləni hakim statusu ilə göndərdi və ona qiyamın tezliklə qarşısını almağı tapşırdı. Ancaq o, Fəraha çatana qədər yalançı öldürülür. Sonuncu üç qiyamın I Şah Abbasa qədər alınsa da, bu qiyamların baş vermiş olduğu bölgələrdə yenə də mərkəzdənqaçma hərəkatı kimi səciyyəvi olan çaxnaşma davam edirdi. Elə buna görə də Şah bu bölgələrə qoşun yeritdi, məhəlli əmirlikləri, yerli sülalələr devrildikdən sonra, Gilan (1592) və Mazandaran (1596) xassə əmlakına çevrildi. Bu bölgələrdəki separatizmin qarşısı alındıqdan sonra Şah bir tərəfdən Gilana, Luristana, Mazandarana, Astrabada, Kaşana qızılbaşlardan hakimlər təyin edir, digər tərəfdən isə gələcək mərkəzdənqaçma hərəkatlarının qarşısını almaq üçün onların əsilzadələrinə hakimiyyətdə qismən də olsa, yer vermək zorunda qalmışdı. Ancaq bununla paralel özündən əvvəlki Qızılbaş hökmdarlarının ənənəvi daxili siyasətini də unutmadı. O, Özbək Abdulla xanın Xorasan yürüşlərinin qarşısını aldıqdan sonra, burada əvvəlki Səfəvi şahlarının yerləşdirdiyi Türk-Qızılbaş Şamlı tayfasının güclənməsinə yaratdığı şəraitlə, I Şah İsmayılın daxili siyasətinə sədaqətini də nümayiş etdirdi. O, Hüseyn xan Şamlını Herata, Qorxmaz xan Şamlını Həmədana bəylərbəyi vəzifəsinə təyin etdi. Göründüyu kimi, şahın rəyi və zamanın tələblərinə uyğun olaraq məmaliki məhrusənin tərkibindəki bütün inzibati idarəetmə hakimlər kökcə türk olan böyük əmirlərdən, qoyulmuşdu. I Şah Abbasın daxili siyasəti iranlılaşdırma işinə yox, dövlət hakimiyyətinin möhkəmləndirilməsinə xidmət etmişdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor