ADA Universitetinin tələbəsi: Şəhər yeniliyin arxasınca qaçaraq öz ruhunu itirməməlidir Mədəniyyət

ADA Universitetinin tələbəsi: Şəhər yeniliyin arxasınca qaçaraq öz ruhunu itirməməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Həmçinin cari ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi qeyd ediləcək.

AZƏRTAC Azərbaycanın ali məktəblərinin memarlıq fakültələrinin tələbələri, gələcək memarlarla söhbət edir. Qonağımız ADA Universitetinin Memarlıq və dizayn fakültəsinin birinci kurs tələbəsi Mədinə Sultanova olub. O, memar peşəsini niyə seçdiyi və bu peşənin onun fikrincə, nə dərəcədə vacib olduğu barədə danışıb.

“Memar peşəsini hələ uşaqlıqda seçmişəm. Erkən yaşlardan müxtəlif ölkələrə çox səyahət edərək memarlığın cəmiyyətin həyatında nə qədər mühüm rol oynadığını müşahidə etmişəm. Memarlıq təkcə praktik baxımdan deyil, həm də müxtəlif xalqların tarixinin, mədəniyyətinin və identikliyinin əksi kimi vacibdir, çünki memarlıq vasitəsilə şəhərin və onun sakinlərinin xarakterini anlamaq mümkündür. Məhz bu dərk zamanla gələcəkdə kim olmaq istədiyimi başa düşməyimə səbəb oldu”, – deyə o qeyd edib.

Şəhərimiz üçün hansı memarlıq həllərinin zəruri olduğu barədə düşünən tələbə hesab edir ki, şəhərə, ilk növbədə, inkişafda şüurlu yanaşma lazımdır.

“Fikrimcə, şəhər yeniliyin arxasınca qaçaraq öz ruhunu itirməməlidir, bununla yanaşı, həm ekoloji, həm də funksional baxımdan inkişaf etməlidir. Tarixi simanı və mədəniyyəti qorumaqla yanaşı, müasir həllərin tətbiqi vacibdir. Memar olmağın mənası da bundadır, yəni sadəcə yeni və gözəl tikililər yaratmaq deyil, mədəniyyətlə tərəqqi arasında tarazlığı saxlamaqdır”.

Əcəmi Naxçıvaninin adını çəkən M.Sultanova bildirir ki, bu görkəmli memarın şəxsiyyəti ona Azərbaycan memarlığının ənənəsini və gücünü xatırladır: “Onun yaradıcılığı göstərir ki, xalq memarlığı zamandan kənar olsa və hətta bir çox əsrlər keçsə belə aktuallığını qoruya bilər. Gələcək memar kimi mən bunu təkcə ilham mənbəyi kimi yox, həm də tariximizi görməzdən gəlməmək, onu qürurla paylaşmaq kimi böyük bir məsuliyyət kimi qəbul edirəm”.