“Əksər dünya mətbuatı xəyallarımızı suya düşürmədi” Siyasət

“Əksər dünya mətbuatı xəyallarımızı suya düşürmədi”

Razi Nurullayev: "Rusiya mətbuatından başqa"

Aprel ayının əvəllərində təmas xəttində baş verən erməni təxribatından sonra cəbhədə yaşananların fonunda Azərbaycana qarşı ənənəvi qısqanclıq, informasiya mübarizəsinin şahidi olduq. Təbii ki, bu dəfə də ölkəmizə qarşı informasiya müharibəsi və mübarizəsi şimal cəbhəsindən, daha dəqiq desək Rusiyadan açılmışdı. Hazırda da bu mübarizə davam etməkdədir. Bəs görəsən, Rusiya kütləvi informasiya vasitələri, mediasının Azərbaycana olan bu mövqeyinin arxasında nə dayanır?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev də hesab edir ki, sonuncu dördgünlük müharibədə dostumuzu və düşmənimizi tanıdıq. Onun sözlərinə görə, əksər dünya mətbuatı xəyallarımızı suya düşürmədi: "Rusiya mətbuatından başqa. Rusiyanın mətbuat orqanları birmənalı olaraq Ermənistanın tərəfini tutdular, açıq-aşkar ermənilərin xeyrinə yalan dezinformasiyalar yaydılar. Demək olar ki, əksər Rusiya mətbu orqanlarında erməni əməkdaşlar var. Ermənilərin söz sahibi olduğu Lifenews kimi kanallar var. Bunun bir səbəbi Rusiya Ermənistan dostluğudursa, digər səbəbi özümüzük. Belə çıxır ki, bizim qabiliyyətli, bacarıqlı və uzaqgörən jurnalistlərimiz yoxdur ki, Rusiya mətbuat orqanlarına işə düzəlsinlər. Dövlət səviyyəsində onlara dəstək də göstərilməyib. Əslində, bunlar aysberqin görünən tərəfləridir. Görünməyən tərəfin də üzə çıxarılması və həyata keçirilməsi üçün bir sıra təkliflərim var". Razi Nurullayev bildirib ki, Rusiyada yaşayan, vətəndaşlığı olan kifayət qədər azərbaycanlı var və onların vasitəsilə, Rusiyada mətbu orqanlar yaratmaq olar: "Doğrusu, Rusiya qanunlarının əcnəbilərə mətbu orqanı yaradıb yaratmamağı qadağan etdiyi barədə məlumatım yoxdur. Əgər, yoxdursa, məsələ daha asanlaşır. Hazır mətbuat orqanlarından bir neçəsini almaq olar. Son MTN əməliyyatında gizli xidmət orqanlarının 9 milyard oğurladığı barədə məlumatlar yayıldı. Bu qədər pulun yarısına Rusiyanın mərkəzi və regional mətbuatının yarısını almaq olardı. Elə məmur, elə biznesmen var ki, 10-15 milyon dəyərində 50 - 60 villası var, birini satsa, regional bir mətbu orqanı alar. Vətən, vətən qışqırmaqla vətənpərvərlik olmur. Şəhidin yasında iştirak edib, şəkil çəkdirməklə, erməniyə lənət yağdırmaqla vətənə sevgi olmur. Vətən üçün kimsə canını verib vətənpərvər olur, şəhid olur, kimsə də malından-pulundan keçib vətənpərvər olmalıdır". Razi Nurullayev deyib ki, Rusiyada milyarderlərimiz, milyonçularımız, tanınmış adamlarımız var: "Şmotka da sat, kazino da aç, əyləncə mərkəzi də tik, mahnı da oxu, rəqs məktəbi də aç, butiklər də aç, məşhur xanım müğənniləri də bir-iki gecəliyə qonaq et, amma vətənini, elini-obanı da düşün. Görürsünüz ki, rus mətbuatı Azərbaycana qarşı ədalətsizlik edir, siz də bu sahədə yardımçı olmağa çalışın. Sizlər elə mətbu orqanlarından da pul qazana bilərsiniz. Alın Rusiya televiziya və mətbu orqanlarını, yenilərini yaradın, azərbaycanlı jurnalistləri rus mətbu orqanlarına yerləşdirin". Partiya sədrinin sözlərinə görə, Azərbaycan hökuməti ciddi bir plan işləyib həyata keçirməli və hər il Rusiya universitetlərinin jurnalistika fakültələrinə yüzlərlə azərbaycanlı tələbə yerləşdirməlidir: "Bu bizim gələcəyimizə qoyulan sərmayədir. Rusiyanın efir məkanında nə tanınmış rejissorumuz (Rüstəm İbrahimbəyov istisna), nə müğənnimiz, nə də artistimiz var. Amma, bolluca şmotka, kartof, meyvə satanımız var. Rusiya siyasətinin, mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının içinə adamlarımızı yeritmək vaxtıdır. Lobbi, diaspora belə qurulur. Ən yaxşı yol, azərbaycanlı tələbələrin Rusiya boyu universitetlərdə oxuması və elə orada qalaraq işləməsidir. Üçüncüsü, Rusiyada daha çox politoloqa, tanınmış adamlara, incəsənət adamlarına və siyasətçilərə sərmayə yatırmaq lazımdır. Düzdür, hakimiyyət bu sahədə müəyyən işlər görüb, amma nəinki yetərincə deyil, hətta çox səthidir. Dördüncüsü, Rusiyada kifayət qədər savadlı azərbaycanımız var. Bu soydaşlarımızın mərkəzi, federal və regional səviyyədə dövlət qulluğuna girməsi, siyasətə qoşulması və digər dövlət qulluğu məsələsində çalışması üçün onlara dövlət səviyyəsində dəstək vermək gərəkir".