Prezidentlərin görüşü silahları susduracaqmı? Siyasət

Prezidentlərin görüşü silahları susduracaqmı?

Sarksiyanın bu dəfə də Bakını ittihamlayacağı istisna edilmir

Cavid

Son günlərdə ermənilərin atəşkəs rejimini pozması, erməni diversiya kəşfiyyat qrupunun cəbhə xəttində yenidən təxribata əl atması və nəticədə Azərbaycan Ordusunun zərbələrinə tuş gələrək geri çəkilməsi, tərəflər arasında igilərin olması Azərbaycan və Ermənistan prezidentlərinin təcili görüşünə ehtiyacın olduğunu göstərib.
Avqusun 31-dən cəbhə xəttində baş verən hadisələrdən sonra Ermənistanın baş naziri Ovik Abramyan avqustuun 8-i və ya 9-da Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan dövlət başçısı Serj Sərkisyanın Soçidə görüşəcəyini bəyan edib. Beynəlxalq təşkilatlar da prezidentlər arasında danışıqların vacibliyini vurğulayıblar.
Bəs bu görüşdən gözləntilər nə ola bilər, bu görüş silahları susduracaqmı?
Politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşünün perspektivini şərh edərkən deyib ki, Rusiya gördü ki, Azərbaycan Ermənistan üzərində çox böyük üstünlüyə malikdir və öz işğal altındakı torpaqlarını hərbi yolla geriyə qaytara bilər. Bütün bunlar danışıqlar prosesinə öz təsirini göstərəcək. Üstəlik, Rusiya Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Bunun əvəzində isə Kreml Azərbaycanın xeyrinə olan addımlar atmalıdır.
Ekspert gündəmdə olan əsas müzakirənin Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonun geriyə qaytarılması məsələsi olduğunu bildirib. Onun sözlərinə görə Soçi görüşündə yeddi rayonla yanaşı, atəşkəs rejiminə əməl edilməsi məsələsi də danışıqlar predmeti olacaq. Analitik əminliklə vurğulayıb ki, Soçi danışıqlarında Azərbaycan tərəfi qalib mövqe nümayiş etdirəcək: "Azərbaycan qalib mövqedən çıxış edəcək. Ermənistan tərəfi isə əvvəlki illərdən fərqli olaraq qeyri-konstruktiv və ədalı mövqe sərgiləyə bilməyəcək" - deyən Q.Hüseynli Rusiyanın da danışıqlardakı rolundan söz açıb.
"Rusiya da əvvəlki illərlə müqayisədə sırf ermənipərəst mövqe nümayiş etdirməyəcək. Çünki onun hazırkı maraqları müəyyən manevrlər etməyi tələb edir. Hazırkı siyasi situasiyada Rusiyanın ata biləcəyi addımlar Azərbaycanın xeyrinə olmalıdır. Rusiya nisbətən obyektivliyini göstərəcək".
Analitik düşünür ki, rəsmi Moskva Azərbaycan əleyhinə hərəkətlərə yol versə, bölgədə müharibə başlayacaq. O bildirib ki, növbəti Qarabağ müharibəsi Rusiya üçün əlverişli olmayacaq. "Bu, Rusiya üçün yeni xərclər, yeni münaqişəyə cəlb olunma deməkdir. Yeni müharibə Rusiya üçün arzu olunmazdır. Çünki Rusiyanın özündə mərkəzdən qaçma meylləri başlayıb. Rusiya separatizmin sonda bumeranq kimi özünə qarşı yönələcəyini təcrübədən görməyə başlayır. Buna görə də Kreml erməni separatizmini çərçivələrə salmaq məcburiyyətində qalacaq".
"Ermənistanın son günlər atəşkəsi pozması və baş verən hadisələr ATƏT-in Minsk Qrupunun münaqişəyə biganə qalmasının nəticəsidir. Neçə il ərzində tərəfləri eyni tərəziyə qoymamaq, tərəflərə münasibəti bərabərləşdirməmək, Ermənistana təzyiq göstərməmək belə bir nəticəyə gətirib çıxardı".
Bunu isə politoloq Fikrət Sadıxov son günlər Ermənistanın atəşkəsi intensiv pozmasına münasibət bildirərkən deyib.
Politoloq Azərbaycanın bütün hücumlara layiqli cavab verdiyini, lakin bunun yetərli olmadığını bildirib. Onun sözlərinə görə, bu məqamda prezidentlərin görüşünə ehtiyac var. Bu görüş bir çox məsələlərə aydınlıq gətirəcək:
"Görüşdə qeyri-adi, radikal nəticələr əldə ediləcəyini, sazişlər imzalanacağını düşünmürəm. Lakin həmin görüşdə Ermənistan tərəfi Azərbaycanın heç zaman torpaqlarının işğal edilməsi ilə razılaşmayacağını, həmin torpaqları boşaltmağa hər an hazır olduğunu başa düşməlidir".
Ermənistanın bütün hüquq və beynəlxalq normaları pozduğu halda aparıcı dövlətlərin heç bir reaksiya verməməsinə gəldikdə, politoloq onların Yaxın Şərqdə baş verən hadisələrlə məşğul olduqlarını dedi: "Aparıcı dövlətlərin diqqəti İsrail-Fələstin münaqişəsinə yönəlib. Rusiya sanksiyalar içərisindədir, bir tərəfdən də Ukraynadakı hadisələrlə məşğuldur. Bundan başqa, beynəlxalq təşkilatlar aparıcı dövlətlərin alətinə çevriliblər. Bütün qərarlar iri dövlətlərin maraqlarına uyğun şəkildə qəbul edilir. Ermənistanla bağlı din amili, Azərbaycanın güclənməsindən narahatlıq faktoru, erməni diasporası amili var. Amma buna baxmayaraq, biz, aparıcı "oyunçular"la ciddi və mütəmadi işləməliyik".
Bundan başqa, politoloq Ermənistan tərəfinə hər hansı sanksiyanın tətbiq ediləcəyi ehtimalını real qarşılamadığını bildirdi: "20 il ərzində Beynəlxalq Təşkilatlar tərəfindən qəbul edilən qətnamələr yerinə yetirilməyibsə, dövlətlər məsələyə biganə qalıblarsa, Ermənistana qarşı hər hansı addımın atılacağına inanmıram. Baxmayaraq ki, sanksiyalar çox güclü bir vasitədir. Onlar Ermənistanın digər bir ölkənin torpağını işğal etdiyini qəbul edirlərsə, onu cəzalandırmalıdırlar. Necə ki, Ukrayna məsələsində Rusiyaya sanksiya tətbiq edildi. İrana nüvə proqramı ilə bağlı neçə il sanksiya tətbiq edildi. Hazırkı durumda isə siyasi güc beynəlxalq normaları arxada qoyur".
F.Sadıxovun fikrincə, xarici ölkələrin sanksiya tətbiq etmələri, məsələ barədə məlumatlanmaları üçün Azərbaycan diasporasının da üzərinə məsuliyyət düşür: "Azərbaycan Ermənistan tərəfinin siyasətini ifşa etməlidir. Bunun üçün güclü diplomatik addımlar atılmalıdır. Bundan başqa, aparıcı dövlətlər, xüsusən də, Minsk Qrupu həmsədrlərinə vaxtilə qəbul edilmiş qətnamələrin yerinə yetirilmədiyi bildirilməlidir. Həmçinin beynəlxalq hüququn pozulduğunu, dinc əhalinin öldürüldüyünü, atəşkəsin mütəmadi pozulduğunu faktlarla həmin ölkələrə çatdırmalıyıq. Məsələni ciddi şəkildə qurmalıyıq ki, problemlə bağlı aparıcı ölkələrin konkret yanaşmaları olsun. Amma bu işlə ciddi məşğul olmasaq, xarici ölkələr bu məsələni iki ölkə arasında atəşkəsin pozulması kimi qəbul edəcəklər. Hazırkı durumda bəzi ölkələr isə hər iki tərəfin günahı olduğunu və yeni bir münaqişənin yaranmaması üçün hər iki tərəfin sakitləşməsini düşünür".
"Qarabağdakı müharibədən keçən 20 il ərzində Azərbaycanda Bakının hüquqlarını bərpa etməyi arzulayan "qisas nəsli" böyüyüb".
İizvestia.ru saytının verdiyi məlumata görə, bu sözləri Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh edən Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarə rəisi Modest Kolerov deyib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən görüşə də toxunub.
Qeyd edək ki, belə bir görüşun avqustun 8-i, yaxud da 9-u baş tutacağı barədə xəbər yayılıb. Bu barədə Ermənistan baş naziri Ovik Abramyan bildirib.
M.Kolerovanın sözlərinə görə, bu görüş baş tutacağı halda ABŞ öz planını reallaşdırmağa çalışacaq: "Amerikanın planına görə, gərginliyin azaldılması yalnız o halda mümkündür ki, Dağlıq Qarabağ ətrafında rayonların bir hissəsi Azərbaycana geri verilsin. Bundan sonra isə Qarabağa Amerika sülhməramlıları girəcəklər. Qarabağ isə onun ətrafındakı hündürlüklərdən Azərbaycan qoşununun nişanı altında qalacaq. Beləliklə, ABŞ bilavasitə İran yaxınlığındakı müharibə meydanını İrandan alacaq. Qarabağ Yaxın Şərq üzrə Amerikanın planlarında bir hissə olacaq".
Ekspert Tərlan Həsənov isə bildirib ki, prezidentlərin görüşündə yalnız atəşkəsə razılaşmaya əsasən riayət edilməsi məsələsi müzakirə olunacaq: "İşğalçı Ermənistanın rəhbəri Sarkisyan təbii ki, bu dəfə də rəsmi Bakını ittiham edəcək. Mənə elə gəlir ki, prezidentlərin bu görüşü də nəticəsiz baş tutacaq. Çünki Rusiya tapşırıq verərsə ermənilər hər zaman atəşkəsi pozacaqlar. Cəbhədə baş verənlər, tərəflər arasında itgilərin olmasında yalnız Rusiyanın barmağı var. Moskva ermənilərin vasitəsilə rəsmi Bakıya təzyiq göstərir. Ona görə də mənə elə gəlir ki, danışıqlar birbaşa Putinlə aparılmalıdır, onun əlaltısı Sarksiyanla yox".