Postsovet ölkələrinə Kreml təhlükəsi Siyasət

Postsovet ölkələrinə Kreml təhlükəsi

Qazaxıstan lidetinin dünyada qlobal sınaqlarla bağlı həyacanı buna işarədir

Cavid

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sonuncu açıqlamasa postsovet məkanında baş verə biləcək təhlükələrlə bağlı düşünməyə əsas verir. O, bildiribv ki, önümüzdəki illərdə dünyanı qlobal sınaqlar gözləyir. Prezident qlobal sınaqların Qazaxıstana mənfi təsir edəcəyini bildirib: "Mən böyük təcrübəmdən hiss edirəm ki, yaxın illərdə dünyada qlobal sınaqlar vaxtı yetişəcək və bizim üçün dünya düzəni dəyişiləcək. Qlobal iqtisadiyyatın bir hissəsi və geosiyasi gərginliyə yaxın ölkə kimi bütün bu proseslər Qazaxıstana mənfi təsir göstərir".
Qeyd edək ki, Astana indiyə qədər Rusiyanın Krım və Donbasdakı olduğu kimi Qazaxıstanın şimalındakı rus dilli əhalini qorumaq üçün ölkəyə müdaxilə edəcəyindən qorxur. Buna görə də Qərb analitikləri Qazaxıstanın son günlər Çinlə daha da yaxınlaşdığını bildirirlər.
Təbbi ki, söhbət Rusiyanın imperialist siyasətininpostsovet ölkələri üçün təhlükəli olduğu anlamından gedir.
Dünən isə belə bir məlumat yayılıb ki, Latviyanın Latqaliya əyalətində bu ərazinin Rusiyaya birləşdirilməsini təbliğ edən fəallar ortaya çıxıb. Bunu Kraslav vilayətinin şura sədri Qunars Upenikes Latviyanın "Diena" nəşrinə verdiyi açıqlamasında deyib.
"Fəallar evlərə gedərək bukletlər paylayır və Latqaliyanın Rusiyaya birləşməsinin imkanlarından danışırlar. Bizim hərəkatı dayandırmaq imkanlarımız yoxdur. Onlar məktəb və digər ictimai yerlərə gedirlər. Hətta həmin təbliğatçıların tərəfinə keçmək üçün insanlara pul təklif edilir", - Upenikes deyib.
Şura sədri həmçinin bildirib ki, onların qarışmağa ixtiyarları yoxdur, bununla ancaq təhlükəsizlik polisi məşğul olmalıdır.
Onun sözlərinə görə, belə təbliğatlar varlı insanlara təsir etmir, amma kasıb insanları böyük qonşunun onları xilas edə biləcəyinə inandırmaq asandır.
Təhlükəsizlik polisi təbliğatla bağlı açıqlama verməkdən imtina edib, amma sakinləri Latviyanın ərazi bütövlüyünə yönəlmiş bütün addımlar barədə məlumat verməyə çağırıb.
Onu da bildirək ki, Ukrayna məsələsində indiki mərhələdə Qərbə uduzan Rusiya bunu postsovet məkanına daxil olan digər ölkələrdə mövqelərini daha da möhkəmləndirməklə əvəzləmək istəyir. Avrasiya İtttifaqı yaratmaq ideyasını bir qədər də sürətləndirən Moskva ilk növbədə Orta Asiya respublikaları və Cənubi Qafqazın üç ölkəsini həmin ittifaqda görmək istəyir. Hətta Kreml planlarının həyata keçməsi üçün adıçəkilən region ölkələrinə təzyiq göstərməkdən belə çəkinmir. Düzdür, hələlik bu təzyiqlər o qədər ciddi xarakter daşımasa da, tezliklə Kremlin təzyiqlərinin artacağı istisna edilmir.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, rəsmi Moskva hələ də imperiya yaratmaq istəklərindən uzaqlaşmayıb. Onun sözlərinə görə, hətta Moskva artıq açıq şəkildə imperiya yaratmaq iddiasını ortaya qoyur.
1997-ci ildə Duqinin "Avrasiya imperiyası" adlı əsəri işıq üzü görmüşdü. Həmin əsərdə açıq şəkildə qeyd olunur ki, Rusiya keçmiş SSRİ hüdudlarında yeni imperiya formalaşdıra bilməsə mütləq dağılacaq. Onu da nəzərə almaq lazımdır ki, Duqin prezident Vladimir Putinin ideya rəhbərlərindən biridir. Bu günlərdə isə Rusiyanın birinci kanalında "Paidınık" verilişində partiya nümayəndələri açıq formada imperiya yaratmaq niyyətlərini ifadə edirdilər. Şübhəsiz ki, Rusiyada imperiya yaratmaq istəyi açıq deyilir. Yeri gəlmişkən, ORT kanalının aparıcısı Sarokin də ifadə edib ki, hədəf imperiyanı bərpa etməkdir. Göründüyü kimi Rusiya bu istəyində qalır". Əli Əliyevin fikrincə, Rusiyanın imperiya yaratmaq istəyi həmin imperiyaya daxil edilməsi nəzərdə tutulan ölkələr kimi Azərbaycan üçün də təhlükəli məqamlardan xəbər verir: "Təbii ki, indiki mərhələdə Azərbaycan üçün ən təhlükə doğuran məqam Kremlin imperiyanı bərpa etmək istəyidir. Hesab edirəm ki, Azərbaycan siyasətçiləri bu məsələyə xüsusi diqqət yetirməlidirlər".
Əli Əliyevin sözlərinə görə, bundan sonrakı ərəfədə də Rusiya imperiya yaratmaq məqsədilə bir sıra ölkələri, eləcə də, Azərbaycanı hədəfə alacaq: "Əslində bu özünümüdafiə instinktidir. Rusiya anlayır ki, imperiyanı bərpa edə bilməsə zəifləyəcək. Eyni zamanda bu ölkə daxildəki vəziyyəti sabitləşdirə bilməyəcək. Həmçinin ölkədə milli-etnik zəmində problemlər yaranacaq. Rusiya bütün bunları öncədən bildiyi üçün keçmiş SSRİ respublikalarından ibarət bir təhlükəsizlik zonası yaratmaq istəyir. Əslində Avrasiya İttifaqı və Gömrük Birliyi ideyası da buradan qaynaqlanır".
ABŞ prezidentinin sabiq müşaviri, politoloq Zbiqnev Bjezinski də bildirib ki, Moskva həmçinin Qazaxıstan və Özbəkistanı da iqtisadi cəhətdən təcrid etmək siyasəti yürüdür. Risk çox böyükdür. Postsovet ölkələrinin müstəqilliyi təhlükə altındadır.
Putinin yeni SSRİ ideyası hesab olunan Avrasiya İttifaqının fəaliyyətinə başlaması üçün səyləri də gözardı edilə bilməz. Müşahidəçilər hesab edir ki, Rusiyanın atdığı siyasi addımlar onun SSRİ modelində yeni birliyin yaradılmasını zəruri edən tələblərdən irəli gəlir. Dağlıq Qarabağ konflikti başda olmaqla, Dnestryanı münaqişənin, Gürcüstanın probleminin açarının Kremldə olması da ABŞ-ın bölgədə ambisiyalarını həyata keçirilməsinə mane olur. Moskvanın başqa variantları da yoxdur, əks təqdirdə ABŞ bölgədə oturuşa bilər və siyasi təsir rıçaqlarını tam olaraq sahiblənmiş olar.
Rusiya üçün postsovet məkanındakı Mərkəzi Asiya dövlətlərinin də strateji önəmi böyükdür. Ən maraqlısı isə odur ki, bu bölgəyə Rusiya və ABŞ-la yanaşı Çin də ciddi maraq göstərir. Mərkəzi Asiya regionu siyasi qığılcımlarım böyük "partlayışa" səbəb ola biləcək yerlərdən biridir. Lakin 2014-cü ildə NATO qoşunlarının Əfqanıstandan çıxarılması ABŞ başda olmaqla Qərb dairələri üçün regionun əhəmiyyətinin azaldığı kimi şərh edənlər də var. ABŞ Mərkəzi Asiyadan çəkilməsə belə Çinlə və Rusiya ilə rəqabəti ucbatından maraqlarını tam təmin edə bilməyəcək. Ona görə ki, Çin və Rusiya bölgənin aparıcı güclərindən olmaqla bərabər həm də yaxın müttəfiq sayıla bilər. Pekinin dövlət maraqları naminə Rusiyanın qarşısından geri çəkilməyəcəyi də aydındır. ABŞ Mərkəzi Asiyadan çəkilsə belə, Çin və Rusiya arasında region uğrunda mübarizə səngiməyəcək. Regionun güclü dövlətlərindən biri Qazaxıstanın Rusiya ilə isti münasibətləri də mövcuddur. Rəsmi Astana artıq Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaq barədə qərarını açıqlayıb. Yeltsin vaxtından siyasi oriyentasiyasını dəyişməyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bundan sonra Kremllə münasibətlərdə Qərbin maraqlarına cavab verən dönüş etməsini gözləmək olmaz. Digər ölkələr Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Rusiya prezidenti V. Putinin neosovet ideyalarına tam olaraq dəstək vermirlər. Ancaq Kreml problemi "həll etmək" üçün ənənəvi etnik kart siyasətindən yararlanmağa çalışır. Qırğızıstanın Oş vilayətindəki özbək icmasına fəal dəstək verən Kremlin məqsədi rəsmi Bişkekə təzyiqdir. Rusiyanın bölgəni nəzarətə almaq üçün oynadığı oyunlar qırğızlarla özbəklər arasında etnik düşmənçiliyin alovlanmasına səbəb olur. 2012-ci ildə rəsmi Daşkəndin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsindən sonra Rusiya ilə münasibətlərdə soyuqluq yaranmasının ardından Moskvanın Daşkəndə qarşı etnik kartdan istifadə edəcəyi şəksizdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, NATO-nun Əfqanıstanda hərbi əməliyyatları başlanan zaman Özbəkistan Qərb üçün qlobal əhəmiyyətli strateji məntəqə rolunu oynasa da, 2005-ci il may ayında Əndican vilayətində baş qaldıran xalq etirazının güc yolu ilə yatırılmasından sonra münasibətlər soyumağa başladı.
Təhlillər onu göstərir ki, SSRİ-nin xələfi Rusiya yeni Sovet modelinin reallaşdırılması istiqamətində ciddi addımlar atmaqdadır. Rusiyanın siyasi təsir rıçaqlarını əlində saxlaması ABŞ-ı bölgədə narahat edən məsələlərdəndir. Ancaq tarixdə fərqli siyasi gedişlərdən doğan situasiyaların ABŞ-ın xeyrinə dəyişəcəyi amilini də nəzərdən qaçırmaq olmaz.Hələlik isə Suriya və MDB məsələsində Rusiya qalib görünür. Rusiya üçün vacib ölkələrdən biri də Ukraynadır. ərb siyasi dairələrinin və ya Rusiyanın ümumən geosiyasi proseslərdə qələbə çalmasını söyləmək isə tezdir.
Qərbdə Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Pribaltika ölkələri olması təhlükəsini artıq ciddi şəkildə dərk etməyə başlayıblar. Bu baxımdan Almaniya kansleri Angela Merkelin Baltikyanı ölkələrdən Rusiya tərəfindən daha çox təhlükəyə məruz qala biləcək Latviyaya səfəri diqqəti cəlb edib. Rusiyanın Avropa üçün təhlükəsinin durmadan artdığı bir vaxtda Angela Merkelin Latviyaya səfərini təsadüfi hesab etmək olmaz. İş orasındadır ki, Ukraynadan sonra ən çox rusdilli əhali Latviyada yaşayır və onlar haradasa təxminən ölkə əhalisinin 40-45 faizini təşkil edirlər. Bu çərçivədə də Putin Rusiyasının Ukrayna ssenarisini eynilə Latviyaya münasibətdə təkrar edə biləcəyi ehtimalı ortadadır. Belə bir təhlükə isə Almaniya kansleri Merkelin region ölkələrinə ilk səfərini məhz Latviyaya etməsinə gətirib çıxarıb. Siyasi müşahidəçilərin əksəriyyətinin fikrincə, Merkel Latviyaya səfər etməklə bu ölkəyə hərtərəfli dəstək verəcəyi və Ukrayna ssenarisinin bu ölkədə təkrarlanmasına imkan verməyəcəyi barədə Putinə özünəməxsus şəkildə siqnal göndərib. Latviyada keçirdiyi rəsmi görüşlərdə Merkel Almaniyanın bölgə ölkələri üçün əmələ gələ biləcək hər hansı təhlükəyə qarşı sərt addımlar ata biləcəyini vurğulayıb. Angela Merkel xatırladıb ki, Şimali Atlantika Bloku ölkələri arasında olan anlaşmanın 5-ci paraqrafında deyilir ki, quruma üzv ölkələrdən birinin üzərinə edilən hücum digərlərinin də üzərinə edilən hücum kimi dəyərləndiriləcək və təcavüzə məruz qalan ölkəyə hərbi yardım göstəriləcək: "Biz də anlaşmanın şərtlərinə uyğun olaraq,Latviyaya xaricdən gələ biləcək hər hansı təhlükənin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Latviyaya edilən hücum bizim də üzərimizə edilən hücum demək olacaq və müttəfiqlərimizlə birlikdə dərhal bu ölkənin yardımına gələcəyik".
Bütün bunlar isə bir daha göstərir ki, Qərb Rusiyadan gələn yeni hərbi təhlükəni ciddi şəkildə dərk etməkdə və buna qarşı cavab tədbirləri görmək niyyətindədir. Qərbin bu yolla Rusiyadan gözlənilən təhlükənin qarşısını ala bilib-bilməyəcəyini isə gələcək göstərəcək.