Hərbi çağırışdan yayınmaq illərdir Ermənistan üçün gəlir mənbəyinə çevrilib Layihə

Hərbi çağırışdan yayınmaq illərdir Ermənistan üçün gəlir mənbəyinə çevrilib

Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçix Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib ki, Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb.
“Bakı hücuma hazırlaşır. Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan Respublikası ərazisinə təcavüz etsin. Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana dəstək olsa, münaqişəyə dördüncü tərəf qoşulacaq – Türkiyə. Böyük bir müharibə başlaya bilər. Sonrası bəlli deyil. Hər şey müharibənin ssenarisindən asılı olacaq”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Qarabağ savaşında digər KTMT dövlətlərinə də bel bağlaya bilməz. Çünki bu ölkələrin heç biri Qarabağı Ermənistan ərazisi kimi tanımır.
Müharibənin başlaya biləcək ehtimalından ehtiyatlanan Ermənistan rəhbərliyi isə hələ də ordusundakı acınacaqlı vəziyyəti düzəldə bilmir. Çünki, ölkəni tərk edənlərin çoxu gənclərdir, hərbi xidmətə çağırışçı tapmayan Paşinyan hakimiyyəti çıxılmaz vəziyyətdədir. Ermənistan Statistika Komitəsinin 2011-2019-cu illər üzrə açıqladığı son məlumatda ölkədə əhalinin sayının 3 milyondan az olduğunu qeyd olunur. 2019-cu ilin 1 oktyabrı tarixində ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin sayı 11,7 min azalıb. Bu, rəsmi statistikadır və rəqəmlərin maksimim kiçildiyi deyilir. Real vəziyyət daha dəhşətlidir.
Ermənistan cəmiyyətindəki acınacaqlı vəziyyət orduda da hökm sürür. Xüsusilə intiharların sayının getdikcə artması diqqət çəkir. 2019-cu ilin 9 ayı ərzində erməni ordusunda 35 ölüm hadisəsi qeydə alınıb, onlardan 8-si intihardır. Ermənistan parlamentində Cinayət Məcəlləsinə dəyişiklik edilməsi və hərbi qulluqçuların intihar həddinə çatdırılması ilə bağlı maddələrin sərtləşdirilməsi haqda qanun təklifi irəli sürülüb. Deputatlar hesab edirlər ki, bu, ordudakı vəziyyəti qismən düzəldə bilər.
Lakin ordunun problemləri ilə məşğul olan hüquq müdafiəçisi Janna Aleksanyan qanunun dəyişilməsi ilə problemin həllinin mümkün olmadığını hesab edir.
Onun sözlərinə görə, hər şeydən öncə İstintaq Komitəsi orduda qətl və intiharların səbəbini araşdırmalıdır: “Bu gün ən aktual sual budur, lakin heç kim bu məsələni araşdırmır. Kimsə intihara təhrikə görə cəzalandırılırsa, bu, problemin kökünü həll etmir. Yəni real günahkarlar həmişə cəzasız qalır. Misal üçün, bu günlərdə əsgər Volodya Qaloyanın ölümü ilə bağlı cinayət işi açıldı. İddia olunurdu ki, əsgər özünə qəsd edib. Lakin məlum oldu ki, onun bədənində 22 güllə yarası var və atəş yaxından açılmayıb. Əsgəri qətlə yetirmişdilər”.
Erməni hüquq müdafiəçisi bildirib ki, orduda ən böyük problem nizam-intizamın olmamasıdır.
“Əsgərlər hər gün öz aralarında problem yaşayır, lakin bu haqda heç kim bilmir, yaxud maraqlanmır. Gümridə Qevorq Aroyan işi buna nümunədir. Əsgər hərbi hissədə özünü digərlərindən üstün tuturmuş, amma heç kim onun qarşısını almayıb. Sonda onu öldürdülər və buna intihar görüntüsü verdilər”, - Aleksanyan qeyd edib.
Faktlar işğalçı ölkədə sosial-iqtisadi depressiyanın gücləndiyini, buna paralel olaraq, orduda vəziyyətin daha da ağırlaşdığını təsdiqləyir.
Hərbi çağırışdan yayınmaq illərdir Ermənistan üçün gəlir mənbəyinə çevrilib. Dövlət büdcəsi hərbi xidmətdən yayınaraq, xaricə qaçan ödəniş qabiliyyətli gənclərin vəsaiti hesabına doldurulur.
“Müəyyən edilmiş qaydaların pozulması ilə məcburi hərbi xidmət keçməyən vətəndaşlar haqqında” Ermənistan qanunu 2004-cü ildə yeni qəbul edilərkən mənfi qarşılanırdı. Hesab olunurdu ki, bu yolla zənginlərin övladlarının hərbi xidmətdən yayınması qanuniləşdirilir. İstənilən halda hərbi xidmətdən yayınan çoxsaylı gənclərin cinayət təqibindən azad edilməsi və Ermənistana qayıtması üçün bir vasitə idi. Gələcəkdə bu keçid hesab edilən müvəqqəti həll yolu daimi xarakter almağa başladı. Hər il qanunun qüvvədə olma müddəti uzadılırdı.
Bu gün qüvvədə olan qanunla ordudan yayınmış və axtarışda olan Ermənistan gənclərinin 27 yaşı 2017-ci ilin 1 dekabr tarixinədək tamamlanırdı. Onlar hər buraxılan çağırışa görə 200 min dram ödəməklə cinayət təqibindən azad olmaq və maneəsiz Ermənistana qayıda bilər.
2015-ci ilədək bir çağırış müddətindən yayınmağa görə Ermənistan vətəndaşları minimum əmək haqqının 100 misli həcmində ödəniş edirdi. Bu gün isə qüvvədə olan qanuna görə müddətli hərbi xidmətin 2 illi dövrünə görə onlar ümumi olaraq, 3 milyon 600 min dram həcmində vəsait ödəməlidirlər. Bu qanun cari ilin 31 dekabr tarixinədək qüvvədədir.
Ənənəvi olaraq, Ermənistan Müdafiə Nazirliyi bu qanunun əleyhinə çıxış edirdi. Müdafiə Nazirliyi hesab edirdi ki, ödəniş qabiliyyəti olan gənclərin ordudan yayınmasına və ya bunun üçün yüksək məbləğdə vəsait ödəməsinə yol vermək olmaz. 2017-ci ildə Müdafiə Nazirliyi tələb etdi ki, məsələn orduda xidmət etməmək üçün buraxılan hər bir çağırışa görə 500 min dram ödənilsin.
Hazırda isə müəllifləri parlamentin deputatları Arman Babacanyan, Andranik Köçəryan və Mxitar Hanrapetyan olan daha yüksək ödənişləri nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin müəlliflərindən ikisi, yəni Arman Babacanyan və Mxitar Hanrapetyan ümumiyyətlə orduda xidmət etməyib.
Qanun layihəsinə görə, ödənişin buraxılan çağırışların sayına görə deyil, sərhəddi qoruyan müqaviləli hərbi qulluqçunun əmək haqqının həcmi ilə hesablanması nəzərdə tutulur. Bununla da təklif olunur ki, 27 yaşı tamam olan Ermənistan vətəndaşı və ordudan yayındığına görə cinayət təqibinə məruz qalan şəxs ən yüksək əmək haqqı alan müqaviləli hərbi qulluqçunun 2 illik əmək haqqı əlavə ödənişləri daxil olmaqla hərbi xidmətdən yayınmasına görə ödəniş etməsi tələb olunur. Bununla da o, qanunla nəzərdə tutulan haqq hesabını ödəmiş və Ermənistana qayıtmaq hüququ əldə etmiş hesab olunur.
Yeni qanun 27 yaşı tamam olduqdan sonra belə hərbi xidmətə getməyə imkan verir. Lakin hazırda qüvvədə olan qanunvericilik bunu qadağan edir.
Jurnalistlər “Ordudan yayınan və axtarışda olan şəxslər üçün həddindən artıq yüksək məbləğ olduğunu hesab etmirsiniz? Sizin təklif etdiyiniz dəyişikliyə əsasən 5-6 milyon dram ödəniş tələb olunur. Bu halda ölkəni tərk etməyi təşviq edə və ən zəngin şəxslərin övladlarına yardım etmiş olacağınızdan ehtiyat etmirsiniz”, deyə Ermənistan parlamentinin deputatı Arman Babacanyana sual ünvanlayıblar.
“Tam əksinə bu layihənin əsas məqsədi ondan ibarətdir ki, ölkəni tərk etmənin qarşısı alınsın. Sizin dediyiniz problemə əks tərəfdən yanaşmaq lazımdır. Adam bilir ki, ölkəni tərk edə bilər və illər sonra daha az vəsaitlə övladının ordudan yayınmaqla bağlı problemlərini həll edə bilər. Bu halda həmin ödəniş məbləği hiss ediləcək dərəcədə artırılırsa, həmin şəxs ölkəni bu məqsədlə tərk edib-etməməyi fikirləşməli olacaq. Bu və ya digər sosial təbəqəyə dəstək verilməsinə gəldikdə isə bu qanunun belə bir məqsədi yoxdur. Bu qanunla qazanacaq yeganə tərəf Silahlı Qüvvələrdir. Əslində bu yüksək ödəniş məhz bu məqsədlə ortaya çıxıb. Biz ön xəttə xidmət edən hərbi qulluqçunun 2 illik əmək haqqını və əlavə ödənişlərini hesablamışıq və bunun nəticəsində qeyd edilən məbləğ ortaya çıxıb. Mən əmin edirəm ki, bu vəsaitin tutulması birbaşa büdcənin doldurulması məqsədini yox, həmin vəsait hesabına daha çox müqaviləli hərbi qulluqçunu ön xəttdə hərbi xidmətə cəlb etmək məqsədi daşıyır. Bu yolla cəbhə xəttini mümkün qədər müddətli xidmət hərbi qulluqçularından azad etmək imkanı əldə ediləcək”, - deyə Babacanyan qeyd edib.
Onun sözlərinə görə, qanun ordunun peşəkarlığını artırmaq məqsədilə parlamentə təqdim edilib.
“Yəni bu qanunla biz birbaşa ordunun peşəkarlığı məsələsini həll etmiş oluruq. Bu yolla sözsüz ki, nəzərəçarpan nəticələr əldə ediləcək. Qanun layihəsinin əsasını təşkil edən fəlsəfənin çox böyük əhəmiyyəti var. Ödəniləcək vəsait yalnız bunun maddi ifadəsidir. Onun fəlsəfəsi isə hər bir vətəndaşın dövlət, vətən qarşısında sosial məsuliyyətidir. Bəli, bu yüksək ödənişi də nəzərdə tutur. Ona görə ki, könüllü hərbi qulluqçu hərbi xidmətdən yayınarkən onun əvəzinə onun həmyaşıdı və yaxud müqaviləli hərbi qulluqçu bizim sərhədləri qoruyur. Yəni burada vətəndaşların bərabərliyi, məsuliyyət bərabərliyinin bölüşdürülməsi prinsipləri pozulur. Bizim təqdim etdiyimiz qanun layihəsi, məhz pozulmuş tarazlığın bərpası məqsədi və missiyasını daşıyır”, - deyə erməni deputat bildirib.
Ermənistan parlaementinin “Mənim addımım” fraksiyasının deputatı Mxitar Hayrapetyan suallardan yayınıb. O qeyd edib ki, parlamentdə qanun layihəsi detallı şəkildə müzakirə ediləcək və həmin vaxt jurnalistləri maraqlandıran suallara cavab veriləcək.
Ermənistan Müdafiə nazirinin sabiq müavinin general-leytenant Qaqik Melkonyan hesab edir ki, bu qanun layihəsi ilə nə büdcə doldurulacaq, nə də Ermənistana geri qayıdanlar təşviq ediləcək.
“Mənə elə gəlir ki, heç kim 5-6 milyon dram verib geri qayıtmayacaq. Bir çoxları hər hansı şəkildə həmin 3,5 milyon dramı ödəməklə geri qayıtmağa razı idi. Lakin bu qanun qəbul edilərsə, demək olar ki, onlardan 50 %-i artıq geri qayıtmaq niyyətində olmayacaq. Bu qədər vəsaiti o, toplaya da bilməz. O, bunu tapa bilməyəcək və heç gəlməyəcək, büdcə də doldurulmayacaq”, - deyə o bildirib.
Melkonyanı, həmçinin qanun layihəsinin 27 yaş tamam olduqdan sonra arzu edənlərin hərbi xidmət edə biləcəkləri ilə bağlı müddəası da təəccübləndirir.
“30 yaşında əsgər gəlib 18 yaşında olan əsgərlə bir yerdə xidmət edəcək? Aradakı fərq çox böyükdür. Bu xidmət alınmayacaq. Əgər bu şəxslər üçün alternativ hər hansı bir xidmət növü fikirləşərlərsə, bu başqa bir məsələdir. Lakin onun gəlib 18 yaşlılarla birlikdə xidmət etməsi özü üçün həll edilməz bir çox problemlərə səbəb olacaq”, - deyə sabiq müavin bildirib.

Cavid