

1993-cü ildə Kəlbəcərin işğalı səbəbindən məktəbdə təhsillərini başa vura, “Son zəng” qeyd edə bilməyən 11-ci sinif şagirdləri 32 ildən sonra doğma məktəblərinə qayıdıblar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Kəlbəcər şəhər modul tipli tam orta məktəbində keçirilən Bilik günü tədbirinə toplaşanlar arasında 1993-cü ilin məzunları da olub.
93-cü ildə məktəbin məzunlarından olan Şəhla Əsgərova qeyd edib ki, həmin illər vəziyyətin gərgin olmasına görə məktəblərində belə tədbirlər keçirə bilməyiblər:
"Kəlbəcər 1 saylı orta məktəbin sonuncu məzunları olduq. Köçkünlük həyatı başladı. Uzun illərdən sonra doğma yurdumuzda, doğma məktəbimizdə ilk zəng səslənir. Sevindiricidir ki, məktəbin direktoru da bizim sinif yoldaşımızdır. Məktəbimizin fəaliyyətə başlamasını görmək çox sevindiricidir. Bu günləri bizə yaşadan Ali Baş Komandana təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Məktəbimiz hər zaman qabaqcıl olub. İnanırıq ki, bu ənənə yenə də davam edəcək”.
Polkovnik Nasir Qurbanov isə qeyd edib ki, azadlığa qovuşmuş Kəlbəcərdə yenidən ilk zəngin çalınması unudulmaz və tarixi bir hadisədir:
"Çox qürurlu anlara şahid oluruq. Biz buranı 17 yaşımızda tərk etdik. Demək olar ki, sinifin hər bir məzunu cəmiyyətdə özünə layiqli və nümunəvi mövqe qazanıblar. İnanırıq ki, bu məktəbin məzunları gələcəkdə dövlətimizə layiqli vətəndaş olacaqlar".
Məktəbin müəllimi Fənarə Sadıqova isə deyib ki, keçirdiyi hissləri dilə gətirmək çətindir: “Artıq bu yerlərin daimi sakinləri öz yurdlarına qayıdır. Bu gün Kəlbəcər məktəbində ilk zəng çalındı. Bundan gözəl nə ola bilər? İnşallah, bu körpələr Azərbaycanımıza layiqli övladlar olacaqlar”.