“Putinin yeni imperiyası” Dünya

“Putinin yeni imperiyası”

Atlantik Şurasının böyük elmi işçisi Aqniya Qriqas Putinin hədəfləri, ABŞ və Rusiya arasındakı münasibətləri şərh edib

Cavid

"2010-cu ildə prezident Barak Obama ABŞ və Rusiya arasındakı münasibətlərin yenidən inkişafını elan etdi. Amma 6 il sonra iki dövlət "yenidən "soyuq müharibə"yə başladı.
Bunu ABŞ və Rusiya arasındakı mövcud münasibətləri, həmçinin Moskvanın addımlarından yazan ABŞ-ın "US News and World Report" nəşri bildirib.
"Putinin yeni imperiyası" başlıqlı yazının müəllifi Tereza Uelş qeyd edir ki, Vaşinqton Moskvanı Krım və Ukraynanın şərqində atdığı addımlarına cavab olaraq iqtisadi sanksiyalarla cəzalandırmağa çalışır. Amma Rusiya Bəşər Əsədin postundan uzaqlaşdırılması yolu ilə Suriyada vətəndaş müharibəsinə son qoymağa çalışan beynəlxalq cəmiyyətin cəhdlərini pozur.
Suriyada atəşin dayandırılması haqqında sazişin qüvvəyə minməsi ərəfəsində "US News and World Report" nəşri "Krımdan sonra: yeni Rusiya imperiyası" (Beyond Crimea: The New Russian Empire) kitabının müəllifi, Atlantik Şurasının böyük elmi işçisi Aqniya Qriqasla söhbət edib. O, Rusiya prezidenti Vladimir Putinin hədəfləri, ABŞ və Rusiya arasındakı münasibətləri şərh edib.
Aqniya Qriqasın sözlərinə görə, Suriya vətəndaş müharibəsinə qarışan Rusiya prezidenti Vladimir Putinin bu qərarına Krımın zəbt edilməsinə dünya cəmiyyətinin reaksiyası önəmli təsir edib. O, həmçinin bildirir ki, bu, Putinin Suriya qərarına təsir edən yeganə məsələ olmadı: "Fikrimcə, Putin 2008-ci ildə Gürcüstanla müharibə və iki separatçı əraziyə verdiyi dəstəyə görə cəzadan xilas oldu".
Ekspert Suriyada əldə olunan atəşkəsə Rusiyanın riayət edəcəyinə şübhə ilə yanaşır. O, hesab edir ki, bu, Rusiyanın vaxt udmaq və konkret mövqeləri möhkəmləndirmək üçün həyata keçrirdiyi taktikadır. Aqniya Qriqas Moskvanın müəyyən mərhələdə Bəşər Əsəddən imtina edə biləcəyini düşünür. Belə ki, ekspertin fikrincə, Moskva üçün əsas məsələ Suriyanın ərazisində hərbi dəniz bazasından istifadə etmək hüququnu saxlamaqdır. Rusiyanın məqsədi bütün Suriyanı tutmaq deyil, Suriya ərazisinin konkret ərazisi üstündə nəzarəti təmin etməkdir.
Putinin Şərqi Avropada ilə bağlı planlarına gəlincə, Rusiya bu regionu - Baltikyanı ölkələri, Ukrayna, Belarus, Moldova və Qafqaz dövlətlərini təsir dairəsi hesab edir: "Rusiya bu ölkələrə öz təsirini göstərməkdə davam edəcək. Moskva separatizm əhval-ruhiyyələri və etniklərarası gərginliyi alovlandırmağa çalışacaq. Biz bunu Ukrayna, Gürcüstan və Moldovada müşahidə edirik. Bu siyasət sözügedən ölkələrin Avropaya inteqrasiyasına mane olur. Həll olunmamış problemlərin olması həmin ölkələrin NATO və Avropa Birliyinə girişini əhəmiyyətli dərəcədə çətinləşdirir. Rusiya hökumətinin son məqsədi bu ölkələrin Qərb və Trans-atlantik təşkilatlarla yaxınlaşmasına mane olmaqdır".
Beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına zərbə vurduğunu deyən ekspert bildirib ki, sanksiyalar Putini siyasətini dəyişdirməyə məcbur edə bilməyib: "Biz Krımda heç bir dəyişiklik görmədik. Sanksiyalar Ukraynanın digər hissələrinə daha təcavüzkar ekspansiyanın qarşısını aldı. Amma başqa əhəmiyyətli amillərin fonunda sanksiyaların konkret nəticələrini görmək kifayət qədər çətindir. Analitiklər və şərhçilər 2000-ci illərin ortalarından "soyuq müharibə" haqqında danışırlar. Mən bunu "soyuq müharibə" adlandıra bilmirəm, çünki indiki halda qlobal ideoloji münaqişədən söhbət getmir. Bu təsir və ərazilər üçün daha çox lokal mübarizədir".