

Xudavəng monastr kompleksi xüsusi əhəmiyyətə malikdir.
Trend-in Qarabağ bürosu çərşənbə axşamı xəbər verir ki, bunu jurnalistlərə Kəlbəcər rayonundakı Xudavəng monastr kompleksini ziyarət edən Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının mətbuat katibi Tural Ağayev deyib.
O qeyd edib ki, bu gün Azərbaycanın qeyri-müsəlman dini icmalarının bütün əsas nümayəndələri, rəhbərləri ilə birlikdə monastra səfər hər şeydən öncə sülh üçün dua etmək məqsədilə baş tutub: "Bu müdəqqəs monastr qədim tarixə malikdir və o qədər qədim xristianlığa aiddir ki, konfessional mənsubluğundan asılı olmayaraq hər bir xristian üçün bu yer mübarəkdir və xüsusi əhəmiyyətə malikdir. Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildiririk ki, bu cür səfərlər daima təşkil olunur və istər müsəlman, istərsə də xristian dini icmalar bir-birini daha yaxşı tanıyırlar. Biz hər dəfə bir-birimizə daha yaxın və doğma oluruq" - o deyib.
Qeyd edək ki, Alban-Udi xristian dini icmasının təşəbbüsü və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan rus pravoslav, katolik, protestant kilsələrinin rəhbərləri və üzvləri, həmçinin yəhudi icmasının bir qrup nümayəndəsindən ibarət 50 nəfərə yaxın böyük heyət bu gün Kəlbəcər rayonunda yerləşən Xudavəng monastr kompleksini ziyarət ediblər.
İcma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.