Bolqarıstan və Azərbaycan hidrogen istehsalı potensialını öyrənə bilər - Nazirlik Hadisə

Bolqarıstan və Azərbaycan hidrogen istehsalı potensialını öyrənə bilər - Nazirlik

Bolqarıstan və Azərbaycan nəhəng hidrogen istehsalı potensialını öyrənə bilər.

Bu barədə Trend-ə Bolqarıstanın Energetika Nazirliyindəki mənbədən bildiriblər.

"Bolqarıstan və Azərbaycan xüsusən iqtisadi transformasiyalarda mərkəzi rol oynayan energetika sahəsində strateji tərəfdaşlığın inkişafına sadiqdir. Əməkdaşlıq imkanları çeşidli və perspektivlidir. Bolqarıstan və Azərbaycan təmiz və dayanıqlı enerji daşıyıcısı olaraq hidrogenin nəhəng potensialını öyrənə bilər. İnanırıq ki, hidrogen texnologiyalarının araşdırılması, hazırlanması və tətbiqi sahəsində birgə səylər nəinki enerji təhlükəsizliyinə, həm də karbon qazı tullantılarının azaldılması üzrə qlobal səylərə imkan yarada bilər", - deyə mənbə qeyd edib.

Mənbə bərpa olunan enerji mənbələrinə investisiyaların mümkün ikitərəfli əməkdaşlığın daha bir əsas sahəsi olduğunu əlavə edib.

"Günəş, külək və digər bərpa olunan enerji mənbələri layihələrinin inkişafına investisiya qoymaqla hər iki ölkə enerji balansını şaxələndirə, enerji təhlükəsizliyini artıra və daha dayanıqlı gələcəyə töfhə verə bilər. İnfrastrukturun inkişafı enerji əməkdaşlığının uğurunun əsasını təşkil edən əsas elementdir.

Transsərhəd elektrik ötürmə xətləri və enerji anbarları kimi müasir və səmərəli infrastruktura investisiyalar Bolqarıstan və Azərbaycan arasında enerji resurslarının maneəsiz mübadiləsinə imkan yarada bilər. Enerji rabitəliliyinin möhkəmləndirilməsi həmçinin regional sabitliyin möhkəmlənməsi deməkdir və əlavə iqtisadi artım üçün əsasdır", - mənbə deyib.

O, Bolqarıstanın artıq tərəfdaşlıq mərhələsinə qədəm qoyan iki ölkə arasında mövcud etibarlı münasibətlərə görə minnətdarlığını bildirdiyini və bunun gələcək birgə layihə və başlanğıclara yalnız imkan yarada biləcəyini qeyd edib.
"Bu, yeni qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinə keçid üçün möhkəm əsas olaraq çıxış edəcək", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, "Advisian" məsləhətçi şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyilə hazırladığı tədqiqat göstərir ki, formalaşmış emal, ammonyak və metanol bazarları və hidrogenə çevrilə biləcək təbii qazın bölüşdürülməsi üzrə geniş sistemlə Azərbaycan aşağı karbonlu hidrogen tələbatını ödəmək üçün böyük potensiala malikdir.

Hidrogen bu sahələri karbonsuzlaşdıra bilər. Böyük həcmdə bərpa olunan resurslara, eləcə də "Şahdəniz" yatağında təbii qaz ehtiyatlarına birbaşa çıxışa malik olan Azərbaycan həm "yaşıl", həm də "mavi" hidrogenin hasilatı üçün qabaqcıl imkanlara malikdir. Bundan başqa, təbii qazın tədarükü üzrə mövcud infrastruktur olan Cənub Qaz Dəhlizi potensial olaraq ixrac məqsədilə hidrogeni təbii qazla qarışdırmağa imkan verəcək.