Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib Siyasət

Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqronun dövlət başçısına çatdıran Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçiriləcək COP29-da iştirak etmək üçün dəvət məktubunu təqdim edib.

Prezident Yakov Milatoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu söyləyən Yakov Milatoviç, xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını ifadə edib.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a evsahibliyi etməsi münasibətilə təbriklərini çatdıran Prezident Yakov Milatoviç Dubayda keçirilən COP28 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
O, bu il ölkəmizdə keçirilən prezident seçkilərində dövlət başçısı İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, Monteneqro parlamentinin üzvləri də bu seçkiləri müşahidə ediblər.

O, Monteneqronun Azərbaycan üçün dost və tərəfdaş ölkə olduğunu qeyd edərək, bildirib ki, ötən il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 15-ci ildönümü tamam olub. Ötən dövrdə ölkələrimiz arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulub.

Görüşdə ölkələrimiz arasında müqavilə - hüquq bazasının daha da genişləndirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, İqtisadi əməkdaşlıq komissiyasının işinin gücləndirilməsi bu sahədə münasibətlərin daha da genişləndirilməsinə təkan verəcək. Söhbət zamanı humanitar sahədə də əlaqələrin, insanlar arasında təmasların gücləndirilməsinin də əhəmiyyəti qeyd olunub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Həmçinin hazırda dünyada ikili standartların mövcud olduğu şəraitdə beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyinin vacibliyi vurğulanıb.

Sahibə Qafarova bu ilin yanvar ayında Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə toxunaraq, Monteneqronun bu səsvermədə iştirak etməməsini qeyd edib. Spiker Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələri də tənqid edib.

Söhbət zamanı bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampaniyaları və təzyiqləri tənqid edən Milli Məclisin sədri deyib ki, Azərbaycan öz yolu ilə gedir. O, sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirərək, iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib. Bildirilib ki, aparılan danışıqlar nəticəsində Ermənistan işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib.
Sahibə Qafarova, həmçinin Fransanın regionumuzda gərginliyi artırmaq məqsədi daşıyan addımları barədə də məlumat verərək deyib ki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur.

Milli Məclisin sədri regionda nəqliyyat xətlərinin açılması perspektivləri ilə bağlı fikirlərini qeyd edib. O, deyib ki, nəqliyyat və kommunikasiyaların bərpası bütün regiona fayda gətirəcək. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirən spiker Sahibə Qafarova deyib ki, həmin ərazilərdə yeni şəhərlər, kəndlər salınır. O, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində rolu barədə də danışıb.

Prezident Yakov Milatoviç Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib və qeyd edib ki, bu, regionun inkişafına töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Görüşün sonunda Milli Məclisin sədri "Qarabağ işğaldan əvvəl və sonra" kitabını Monteneqro Prezidentinə təqdim edib.

Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edibSahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib