Azərbaycan Ombudsmanı Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri ilə görüşüb Hadisə

Azərbaycan Ombudsmanı Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qətər Dövlətinin Milli İnsan Hüquqları Komissiyasının sədri Məryəm bin Abdullah əl Attiyah ilə görüş keçirib.

Görüş zamanı Ombudsman mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini qeyd edən Müvəkkil bir sıra beynəlxalq qurumlarla, eləcə də xarici ombudsman və milli insan hüquqları institutları ilə sıx əməkdaşlığın mövcud olduğunu, anlaşma memorandumlarının imzalandığını və qarşılıqlı əlaqələrin inkişaf etdirildiyini bildirib.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklərdən bəhs edərək, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək hüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini qeyd edib.

Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verən Müvəkkil əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin icrasının nəzarətdə saxlanıldığını qonağın diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən danışan Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də məlumat əldə olunmadığını bildirib.

İşğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan bəhs edən Müvəkkil mina probleminin vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Səbinə Əliyeva cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri Məryəm bin Abdullah əl Attiyah səmimi görüşə görə minnətdarlığını bildirib, öz növbəsində mandatı, sədri olduğu qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, birgə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.