Təqaüdlər, sosial müavinətlər və pensiyalar artacaq Hadisə

Təqaüdlər, sosial müavinətlər və pensiyalar artacaq

Nazir şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb
Dünən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.
Sahil Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan fərman və sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.
O ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib: "Keçən şəhid ailələri və müharibə vetreranlarına 626 mənzil verilib, bu il isə 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Eyni zamanda, keçən il şəhid ailələrinə 250 avtomobil, bu il isə 170-180 avtomobil veriləcək. Milli Qəhrəmanlar 1500 manat təqaüd alır. Sosial müavinət və təqaüdlərə də yenidən baxılır, təkmilləşdirmə üzərində iş aparılır. Sosial təminat sahəsində 600- 700 milyon manat vəsaiti ayrılıb. 20 min nəfər müharibə veteranı təqaüd alır, şəhid ailəsindən 15 min nəfərə sosial müavinət ayrılıb. Sizlərlə birlikdə yeni proqramlar və təkliflərin hazırlanaraq hökümətə təqdim olunması məqsədlərimizdən biridir".
Nazir sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib.
Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara da münasibət bildirib.
Nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə gecikmənin şəhidlərə bağlı sənədlərin toplanması ilə bağlı olduğunu deyib.
Nazir bildirib ki, məsələ ilə əlaqədar ötən ilin oktyabr ayının sonunda ilkin məlumat toplandı və işlərə start verildi: "Müraciətlər toplanandan sonra noyabrdan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti ilə iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya toplanıldı. Yekun qərarda 2700-dən artıq insanın sənədləri bir araya gətirildi".
Proqramın hazırlanması üçün prosesin 3 ay çəkdiyini xatırladan S.Babayev qeyd edib ki, 3000-ə yaxın insanın sənədlərin toplanması asan məsələ deyil: "Biz hər bir sənədə bir-bir baxırdıq. Daxili İşlər Nazirliyi arxivlərindən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu ona görə açıqlayıram ki, adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur. Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında çıxışı zamanı sənədlərin toplanıldığını və işlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bəyan etmişdi".
Daha sonra nazir sosial müavinət və təqaüdlərin artacağına toxunub. Bildirib ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq sosial müavinətlər və təqaüdlərə də baxılır. Onların məbləğinin və sayının optimallaşdırılması, daha da təkmilləşdirilməsi üzərində iş aparılır.
Nazir qeyd edib ki, hazırda 40 ana növü olaraq sosial müavinət və təqaüdlər var:
"Onların alt növlərində rəqəm 80-ni keçir. Burada da optimallaşdırılma aparılması ilə bağlı ölkə başçısı tərəfindən qarşımızda tapşırıqlar qoyulub. Son bir neçə ay ərazində aparılan işləri, yeni təklifləri, addımları maliyyə vəsaiti baxımından təhlil etsək, 135 milyon manat 11 min manatlıq birdəfəlik ödənişlər üçün, 335 milyon manat minimum əməkhaqqı, 41 milyon manat minimum pensiya, 75 milyon manat mənzil təminatı üçün xərclənib, ümumilikdə 600-700 milyon manat vəsait ayrılıb. Bütün bu qərarlar isə ölkənin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib".
Sahil Babayevin sözlərinə görə, bu gün sosial müavinət alan şəxslərin sayı 500 mindir:
"Onların əhəmiyyətli kəsimi müharibə veteranları, əlilliyi olan şəxslərdir, milli qəhrəmanlar, şəhid ailələridir".
Nazir vurğulayıb ki, Prezident İlham Əliyev ötən ilin avqustunda 20 milyon manat, bu ilin investisiya proqramında isə 55 milyon manat vəsait ayıraraq, təkcə son 6 ay ərazində 75 milyon vəsaiti məhz Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil təmiantına yönəltdi.
Nazir qeyd edib ki, hazırda 52 min müharibə veteranı 55 manatlıq müvainət alır:
"Əmək pensiyası alan müharibə veteranlarına isə sığorta hissəsinə 11 min manat indeksasiya edilərək ödənilir. Təxminən 20 minə yaxın insan əmək pensiyasının içərisində bu müavinətləri də alır. Qarabağ müharibəsi, Çernobl və digər bu kateqoriyadan olanalara I qrup üçün 182 manat, II qrup üçün 158 manat, III qrup üçün 121 manat müəyyən edlib. Bunlar pensiyadan əlavə olaraq ödənilir".
S.Babayevin sözlərinə görə, ölkə başçısının minimum pensiya məbləğinin artırılması ilə bağlı son qərarı bu gün parlamentə müzakirə ediləcək:
"Ölkə başçısının son qərarı ilə minimum pensiya 160 manatdək qaldırılmasına dair qanunvericilikdə dəyişiklik edilməsi barədə qərar qəbul olunub. Bu gün onun Milli Məclis tərəfindən qəbul olunmasını gözləyirik. Orada da 40 fazilik artım bütün pensiya alan insanlara, o cümlədən 140 min əlilliyi olan şəxsin pensiyasına təsir edəcək".