“Biz nədən qorxmalıyıq?” Hadisə

“Biz nədən qorxmalıyıq?”

Fəttah Heydərov: "Dünyanı qarışdıran qüvvələr var, iqtisadi böhrandan qaçmaq məqsədilə siyasi böhranlar yaradırlar"

Milli Məclisin dünənki iclasında deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsini təsdiq ediblər.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışı zamanı payız sessiyasının başlanması münasibəti ilə deputat və jurnalistləri təbrik edib, arzu edib ki, parlamentdə hər zaman yaxşı qanunlar qəbul edilsin: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Naxçıvanda yaradılıb və bu, zamanın tələbi idi. Bu ölkələr yaxındırlar və böyük insan kütləsinə malik olan arenanı əhatə edirlər. İndiyə qədər keçirilən zirvə toplantılarında prezidentlər xalqlarımıza və dövlətlərimizə olan hörməti ifadə ediblər. Bu məsələdə heç nədən qorxmağa dəyməz.
Biz nədən qorxmalıyıq? Azərbaycan sürətlə inkişaf edir, çoxları bizdən nümunə götürürlər. Avropa Parlamentinin üzvlərinin verdiyi qətnaməyə görə narahatçılıq keçiririk. Bunlardan qorxmaq lazım deyil. Bu məsələləri həyata keçirən, beynəlxalq aləmi qarışdıranlar ermənilərin dostudur. Ərəb coğrafiyasına baxın, hər yerdə qan tökülür. Ukrayna dövləti ilə MDB çərçivəsində əməkdaşlıq edirdik. Görürsünüz, dünyanı qarışdıran qüvvələr var. İqtisadi böhrandan qaçmaq məqsədilə siyasi böhranlar yaradırlar. Biz bu məsələ haqda düşünməliyik. Bodrumda keçirilən Türkdilli Dövlətlərin Zirvə görüşü əla keçdi, mən də orada iştirak edirdim və razı qayıtdım. Fikrimcə, əməkdaşlıq inkişaf edəcək".
Fəttah Heydərov hesab edir ki, zirvə görüşü zamanı dövlətlərin birgə qəbul etdiyi bəyannaməni parlament qəbul etməlidir.