Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq Mədəniyyət

Azərbaycan Vaxtanqov teatr menecerləri festivalında təmsil olunacaq

Azərbaycan iyunun 1-dən 5-dək Bişkekdə keçiriləcək “VFTM-Qırğızıstan - 2024” Vaxtanqov Teatr Menecerləri Festivalının 1-ci beynəlxalq sessiyasında təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, Bişkekdə keçiriləcək tədbirdə postsovet ölkələrinin aparıcı menecerləri və mədəniyyət qurumlarının rəhbərləri iştirak edəcək. Artıq bir çox iştirakçıların qeyd etdiyi kimi, Vaxtanqov festivalı təkcə çox sayda müsbət emosiya və yeni biliklər əldə etmək yox, həm də həmkarlarla görüşlər, yeni fikirlərdən ilhamlanmaq deməkdir. Beynəlxalq sessiya çərçivəsində marketinq və menecment sahəsində ən yaxşı təcrübələrin mübadiləsi aparılacaq. Tədbir zamanı yaradıcı əlaqələr və beynəlxalq əməkdaşlıq, qastrol və festival hərəkatının təşkili müzakirə olunacaq.

Beynəlxalq sessiyada ölkəmizi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov təmsil edəcək. O, “MDB ölkələrinin teatr idarəçiliyi” mövzusu çərçivəsində çıxış edəcək.

Tədbir zamanı teatr sənayesinin ən yaxşı mütəxəssisləri öz peşəkar biliklərini bir-biri ilə bölüşməklə yanaşı, həm də uzunmüddətli möhkəm dostluq və tərəfdaşlıq əlaqələri yarada biləcəklər.

Forum zamanı praktiki laboratoriyalar keçiriləcək, bütün iştirakçılar beynəlxalq sessiyanın son günündə öz layihələrini təqdim edə və teatr sənayesinin tanınmış liderlərindən rəy ala biləcəklər.

Beynəlxalq sessiyada şəxsən iştirak edə bilməyənlər üçün onlayn yayımlar təşkil olunacaq.

“VFTM-Qırğızıstan-2024” festivalının iştirakçısı olmaq üçün aprelin 30-dək https://vftmfest.ru/kyrgyzstan saytında qeydiyyatdan keçmək lazımdır.

Qeyd edək ki, Vaxtanqov Teatr Menecerləri Festivalı (VFTM) öz meydançasında Rusiyanın 600-ə yaxın səhnə sənəti menecerini (Rusiya Federasiyasının 60-a yaxın regionu), MDB dövlətləri və xarici ölkələrin rusdilli menecerlərini, teatr və bu sahədə layihələrin rəhbərlərini, inkişaf şöbələrinin başçılarını, PR menecerləri, müstəqil prodüserləri və digərlərini birləşdirən yeganə irimiqyaslı tədris forumudur və 2019-cu ildən bəri il yarımdan bir keçirilir).